Azərbaycan-Türkmənistan münasibətləri zəngin tarixə malikdir
Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər.
Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin əsası 1992-ci il iyun ayının 9-da qurulmuşdur. Azərbaycan-Türkmənistan münasibətləri son 5 ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Karbohidrogen ehtiyatları ilə zəngin olan Türkmənistan ilə Azərbaycan arasında əlaqələrin əsas spektrini nəqliyyat-tranzit, logistika və enerji resurslarının daşınması sahələri təşkil edir. Belə ki, Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə bu iki ölkədən keçir. Bu da, öz növbəsində, Azərbaycan və Türkmənistanı “TRACECA”, “Lapis Lazuli”, “Xəzər dənizi – Qara dəniz”, “Şərq – Qərb” kimi transkontinental nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir.
Son 5 ildə Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də 2018-ci ildə açılmış Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı və Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı iki ölkə arasında ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırmış, eləcə də məhsulların daşınma müddətini önəmli dərəcədə azaltmışdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Türkmənistan üçün Avropaya açılan pəncərə durumuna gətirmişdir. Bakı-Tbilisi-Qars dəmiryolu infrastrukturu Türkmən mallarının Türkiyəyə və Avropaya, eləcə də əks istiqamətdə daşınması üçün önəmli bir vasitəyə çevrilmişdir. Bu, əsasən resurs və xammal ixracatçısı olan Türk Dövlətləri Təşkilatının Özbəkistan, Qırğızıstan kimi üzvlərinə də öz yükdaşımalarını bu xətlə həyata keçirilməsinə imkan yaradaraq, Təşkilatın inkişaf perspektivlərinə xidmət edir. Belə ki, BTQ dəmiryolu Avrasiyanın bir ucundan digər ucuna yükdaşıma müddətini 15 günə endirib və bu da öz növbəsində eyni istiqamətdə su daşımalarından iki dəfə qısa vaxta və hava daşımalarından iki dəfə ucuz vəsaitə başa gəlir.
2018-ci ildə istifadəyə verilmiş Lapis Lazuli beynəlxalq marşrutu Əfqanıstandan (Türkmənistan, Azərbaycan və Gürcüstandan keçməklə) Türkiyəyə və əks istiqamətdə müxtəlif növ məhsulların daşınmasını həyata keçirməklə, Türkmənistan və Azərbaycanın coğrafi vəziyyətini strateji üstünlüyə çevirməklə, regionun müsbət nəqliyyat potensialına malik olduğunu ortaya qoyur.
İki ölkə arasında gündəmdə olan daha bir məsələ Türkmən qazının Azərbaycanın da çəkilməsində önəmli iştirak payı olduğu Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çıxarılmasıdır. Bunun üçün Xəzər dənizinin dibi ilə çəkilməsi gərəkli olan 300 km-lik Transxəzər Qaz Kəməri layihəsi var. Türkmənistanın enerji ixracının diversifikasiyası baxımından bu layihə cəlbedici mahiyyət daşıyır və Azərbaycanın mövcud infrastrukturu Türkmənistan üçün bizimlə əməkdaşlığı şərtləndirən vacib amillərdən biridir. Bu yolla əsasən Çin bazarından asılı olan Türkmənistan müxtəlif potensial enerji istehlakçılarına açıla bilər.
Bütün qeyd olunan nəqliyyat layihələri Azərbaycan və Türkmənistanın qeyri-neft sektorundan əldə edə biləcəyi qazancları artırmaqla bərabər, ölkələrimizə regionda etibarlı tərəfdaş imicini qazandırır. Eləcə də Türkmənistanla aramızda olan bu marşrutlar vasitəsilə Azərbaycan mallarının Asiya bazarlarına və Türkmənistan mallarının Avropa bazarına çıxması üçün ən qısa və ən ucuz şəkildə yola sahib olmağımız, ölkələrin ixrac potensialının artmasına da öz müsbət töhfəsini verməkdədir. Beləliklə, Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə olan əməkdaşlığın mümkün inkişafı Türk coğrafiyasının rolunu beynəlxalq arenada gücləndirir.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

