Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələri və qazilərə dəstək planı
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı bu gün dövlətin əsas prioritetidir. Hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onların həyat şəraitinin yaxşılaşdırılması üçün bir sıra fərman və sərəncamlar imzalayıb.Dövlət başçısının imzaladığı sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək. Bu proqram 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 587 mənzil, postmüharibə dövründə isə 3587 mənzil verilib. Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.
Dəstək tədbirləri çərçivəsində müharibə əlillərinin avtomobillə təminatı işləri də davam etdirilib. Postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilib. Bugünədək bu kateqoriyadan olan 7450 şəxs avtomobillə təmin olunub.
Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsini də vurğulamaq lazımdır. Ötən müddət ərzində bu fond şəhid ailələri və qazilərimizlə bağlı çox böyük işlərə imza atıb.
Eyni zamanda, bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, 2021-ci il sentyabrın 27-də keçirilən Anım Günündə təşkil olunan yürüşdə Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhidimizin fotosu olan plakatı öz başı üzərinə qaldırması şəhidlərimizə, qazilərə və müharibə veteranlarına olan diqqətinin bariz göstəricisidir.
”Aran Media” qəzeti

