Böyük Qayıdışı təmin edəcək konsepsiya
Prezident cənab İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” mütərəqqi beynəlxalq təcrübə əsasında, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmaqla hazırlanmışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edən Dövlət Proqramı strateji hədəf və məqsədlərdən ibarətdir. Həmçinin Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı mühüm prioritet vəzifələr müəyyən olunmuşdur.
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində əsas prioritetlərdən biri ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir. Təbii ki, təhlükəsizlik tədbirləri görülmədən bərpa-quruculuq işlərini həyata keçirmək mümkün deyil. Təhlükəsizlik məsələsinə eyni zamanda dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması daxildir.
Dövlət Proqramına əsasən Qarabağ və Şərqi Zəngəzurda həyta keçiriləcək bərpa-quruculuq işləri ən müasir standartlara əsaslanacaq və bölgənin coğrafi-iqtiasdi, tranzit, bir sözlə, bütün imkanları kompleks qaydada nəzərə alınacaq. İnfrastruktur layihələri “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyaları çərçivəsində həyata keçiriləcəkdir. İşğaldan azad edilmiş ərazilərin “Yaşıl enerji zonası” elan edilməsi bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini zəruri edir. “Yaşıl enerji zonası” konsepsiyasının tətbiqi əsasında ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması təmin ediləcəkdir. Təbii ehtiyatlardan effektiv istifadə bölgənin iqtisadi imkanlarını artırmaqla bərabər ətraf mühitin mühafizəsinin təmin olunmasına da öz töhfəsini verəcəkdir. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda meşə fondunun, flora və faunanın bərpası, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, bərk məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturla təminat əsas məsələlərdəndir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi Dövlət Proqramının əsas prioritetlərdən birini təşkil edir.
İşğaldan azad edilmiş ərazilərdə qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması, onların əlçatanlığının təmin edilməsi, insan kapitalının inkişaf etdirilməsi, məşğulluq imkanlarının artırılması, sosial dəstək mexanizmlərinin geniş tətbiqi Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş prioritet vəzifələrdəndir. Dövlət Proqramında əks olunan hədəf, məqsəd və vəzifələrin icrası bölgədə məskunlaşacaq əhalinin layiqli həyat şəraitini təmin edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir. Dövlət Proqramın icrası müddətində isə şəffaf nəzarətin təmin olunması məqsədi ilə monitorinqlər aparılacaq və ilkin, aralıq, yekun nəticələr müəyyən ediləcəkdir.
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının əməkdaşı

