Yeni il yarmarkası: Kеyfiyyətə nəzarət var, amma qiymətlər…
Burada 70-dən artıq fermer 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir
Dekabrın 17-dən Kənd Təsərrüfatı Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Kənddən şəhərə” Yeni il yarmarkası təşkil edib. Bakı və Abşeron ərazisində baş tutan yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 50-yə yaxın regiondan 70-dən artıq fermer iştirak edir. Burada onlar 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər.

“İki sahil” TV olaraq Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanındakı (“Gənclik” metro stansiyasının yanı) ilin yekun “Kənddən şəhərə” bayram yarmarkasında məhsulların keyfiyyəti, çeşidi və qiymətləri haqqında daha ətraflı məlumat almaq üçün müşahidələr apardıq.
Dekabrın 30-dək saat 9-dan axşam saat 7-dək

“Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Qalib Bəhrəmov “İki sahil”ə açıqlamasında bildirdi ki, dekabrın 30-dək davam edəcək yarmarka səhər saat 9-dan axşam saat 7-dək vətəndaşların xidmətindədir: “Kənddən şəhərə” Yeni il yarmarkasının təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.”
Q.Bəhrəmov diqqətə çatdırdı ki, “Kənddən şəhərə” Yeni il yarmarkalarında iştirak fermerlər üçün tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edir.
Kеyfiyyətə nəzarət var, amma qiymətlər…

Müsahibimiz əlavə etdi ki, məhsulların qiymətləri birbaşa fermerlərin özləri tərəfindən müəyyənləşir: “Qiymət siyasətinə heç bir müdaxilə edilmir. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilir. Onların məhsulları birbaşa təsərrüfatlarından yarmarka keçirilən ünvanlaradək daşınır. Ona görə də fermerlər bütün bunları nəzərə alaraq qiymətləri daha münasib edirlər.”
Həmsöhbətimiz qeyd etdi ki, yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
İndi isə gələk əsas məsələyə… Builki yarmarkada məhsullar hansı qiymətə alıcılara təklif olunur?
Yarmarkada “Gəl, ay müştəri” deyərək piştaxta arxasından boylanan kim, məhsullarını səliqə ilə düzüb, qiymətlərini nizamlayıb, alıcılarının yolunu gözləyən kim, müştərini məmnun etmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxan kim…
Alıcılar endirim istəyəndə edirik

Zemfira İmanova Gəncədən gətirdiyi növbənöv məhsulları ilə bayram yarmarkasının piştaxtasını bəzəyib: “Ötən illə müqayisədə cüzi qiymət artımı var. Bal 30 manat, qaymağın və pendirin kiloqramı 10 manat, acika 4 manat, 1 litr alma sirkəsi 5 manatdır. Alıcılar endirim istəyəndə edirik. Alıcılıq qabiliyyəti hələ ki zəifdir.”

Xaçmaz rayonundan gələn fermer Cavad Ağammədov bildirdi ki, alıcılar azdır: “Qiymətlərimiz digər satış obyektləri ilə müqayisədə münasibdir. Alma, xurma, nar 50 qəpik, 1 litr nar şirəsi 2 manat, alça və gavalı qurusu 2 manat 50 qəpikdir.”

İsmayıllıdan gələn Rövşən Novruzov yarmarkaya mürəbbə , turşu çeşidləri və kompotlar gətirib: “3 kiloluq balonda mürəbbələr 15-20 manat, balaca bankalarda isə 6-7 manatdır. Turşular müştərilərə böyük balonlarda 10 manata, balaca bankalarda isə 4 manata təklif olunur. Kompotlar 2-2 manat 50 qəpikdir. İsmayıllının dağ kəndlərində bitən zirincin soğanla qovurması 3 kiloluq balonda 10 manata satıram. İtburnu doşabının litri 10 manat, tut doşabının litri 15 manatdır. Alıcılar endirim istəyəndə edirik. Alıcılıq qabiliyyəti məni qane edir.”

Qubadan gətirdiyi növbənöv məhsulları ilə Mülküm İsrafilov da alıcılarının yolunu gözləyirdi…”Bazar olsun” deyib, yaxınlaşdıq öyrənək görək məhsulların özləri kimi qiymətləri də gözəldirmi? : “Alma, heyva çeşidlərinin qiyməti 50 qəpikdən-1 manatadək, əzgil 1-1 manat 50 qəpik, qoz 3-4 manatdır. Alıcılıq qabiliyyəti çox zəifdir.”

Yarmarkanın piştaxtalarını bol çeşiddə məhsulları bəzəyən Elçin Rəhimov onların qiymətləri haqqında bizə ətraflı məlumat verdi: “Qoz ləpələri 9 manatdan başlayır 20 manata qədər, fındıq ləpəsi 10 -12 manat, badam 15-25 manat, kişmişlər 7 manatdan -15 manata qədər, ərik qurusu 13- 20 manat , xurmalar 5-7 manat, püstə 27-33 manat, araxis 6-8 manat, gavalı qurusu 5-7 manat, bal 35 manat , albuxara 4 manat 50 qəpik -7 manat, alma qurusu 4-5 manat, şabalıd 8-9 manat, kəklikotunun 1 kiloqramı 15 manat, noxud 3 manat 50 qəpik -5 manat, lobyanın qiyməti isə 4-8 manatdır. Alıcılıq qabiliyyəti həftəsonu aktiv olur, həftə içi isə zəif olur. Məhsulların qiyməti ötənillə müqayisədə 25-35 faiz artıb.”

Daşkəsəndən paytaxtımıza məhsullarını gətirən Natiq Bayramov əvvəlcə fermerlər üçün yaradılan şəraitə görə Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürünü bildirdi: “ Yumurta bazarlarda 40-45 qəpiyə satılır, biz isə 30-35 qəpiyə təklif edirik. Keçi, camış pendiri bazarda 10-12 manatdır, burada isə 8 manatdır. Qoyun pendiri 14-15 olduğu halda digər satış məntəqələrində yarmarkada 9 manata satırıq. İnək pendiri 7 manat, qaymağın kilosu bazarda 14-15 manat, burada isə 10 manatdır . Süzmə 3 manat , kəsmik 4 manat, ərinmiş yağın kilosu 18 manata satırıq. Doşabın litri bazarda 10-12 manatdır, biz isə 5 manata təklif edirik. Balı 20-25 manata satırıq. Çolpanı isə 6- 7 manata satırıq. Halbuki bazarda alıcılara 10-12 manata təklif olunur. Alıcılıq qabiliyyəti ötən illə müqayisədə zəifdir. Məhsulların qiymətində isə ötən illə müqayisədə 50 qəpik-1 manat artım var.”
Bəs, alıcılar buradan məmnun və əlidolu qayıda bilirlər, yoxsa?..

Kamil Quliyev bildirdi ki, yarmarkanın təşkilində əməyi olan hər kəsə təşəkkür edirik: “Bayramqabağı belə münasib qiymətə məhsul təklif edən satış məntəqələrinin yaradılması cibimiz üçün çox sərfəlidir. Süfrəmiz üçün lazım olan məhsulları gəlib buradan rahatlıqla ala bilirik çünki burada çeşidlər çoxdur və keyfiyyətlidir. Vaxtım olduqca belə yarmarkalara gəlirəm.”
Qiymətlər məni qane edir

Zərifə Haqverdiyeva: “Bu yarmarkadakı məhsullar çox keyfiyyətlidir. Əsas məsələ isə əhalinin büdcəsidir. Allah hamının cibini dolu etsin. Məhsulumuz bol olsun. Fındıq, mandalin, heyva aldım. Qiymətlər məni qane edir. Digər bazarlara baxanda buradakı qiymətlər münasibdir. Fürsət olduqca belə yarmarkalara gəlirəm.”
Bazar və marketlərlə müqayisədə elə də ciddi qiymət fərqi görmədim

Şəbnəm Qasımova: “Buraya yaxın yerdə yaşadığıma görə davamlı olaraq bu yarmarkadan alış-veriş edirəm. Bazar və marketlərlə müqayisədə elə də ciddi qiymət fərqi görmədim. Ötən illə müqayisədə məhsulların qiymətində artım var.”

Balıq almaq üçün yarmarkaya gələn Elmira Rzayeva təəssüratlarını bizimlə bölüşdü: “Bu yarmarkaya ilk dəfədir ki, gəlirdim. Çox razıyam, çünki burada məhsulların keyfiyyəti məni qane etdi. Qiymətlər yaxşıdır. Sərfəli bazarlıq üçün bu yarmarkaya gəlməyə dəyər.”

Şahin Rəhimov: “Yarmarkada yaradılan şəraitdən, qiymətlərdən vətəndaş olaraq çox razıyam. Göyərti, kök aldım. Bəzi bazarlara baxanda bu yarmarkadakı qiymətlər münasibdir.”
Apardığımız müşahidələr əsasında bu qənaətə gəldik ki, alıcılara məhsullar daha münasib qiymətə təklif edən bayram yarmarkalarından həm fermerlər, həm də alıcılar məmnundurlar. Cibiniz dolu, süfrəniz isə bol olsun…
Yaqut Ağaşahqızı, “İki sahil”













