Cəmiyyət 

Talana yox!

Şuşa-Laçın yolunda keçirilən dinc aksiya keçirən iştirakçılarının əsas tələbləri Azərbaycan torpaqlarındakı təbii sərvətlərimizin talan edilməsinin qarşısını almaq, Xankəndidəki separatçı rejimi idarə edən rusiyalı milyarder Ruben Vardanyanın təxribatlarına son qoyulmasıdır. İllərdən bəri Ermənistanın işğalı altında qalan ərazilərimizdəki Azərbaycana məxsus yeraltı və yerüstü təbii sərvətlərimizi vəhşicəsinə dağıtmaqla iqtisadiyyatımıza xeyli maddi zərər vuran erməni hampaları hazırda da əməllərini davam etdirirlər. Vəhşicəsinə istismar etdikləri təbii sərvətlərimizi talan edərək qızıl, gümüş, mis-molibden mədənlərini dağıdan, İran vasitəsilə xarici şirkətlərə satan separatçı rejimin quldurları bu yolla milyonlara sahib olmuşlar. İsveçrədə yerləşən «Vallex Group» QSC-yə daxil olan və işğal illərində Kəlbəcərin, Zəngilanın təbii sərvətlərini istismar edən, hazırda «sülhməramlı»ların nəzarəti altında qalan Ağdərədə qiymətli metallarımızın talanması ilə məşğul olan «Base Metals» şirkəti hələ də özbaşınalıqlarını davam etdirir. Bu narahatlıq isə adekvat tədbirlərin görülməsini zəruriləşdirir.

Sivil qaydalara uyğun aksiyalar təşkil etməklə bu özbaşınalığın qarşısının alınmasının zəruriliyini diqqətə çatdıran, yaranan vəziyyəti Azərbaycanın daxili işlərinə müdaxilə adlandıran aksiya iştirakçıları haqlı olaraq qarşı tərəfi Brüssel, Soçi bəyanatlarına uyğun üzərlərinə düşən öhdəliklərinə əməl etməyə çağırırlar. İnsanları illərdən bəri qorxu altında saxlayan separatçılara, o cümlədən bu ilin sentyabrında Xankəndidə peyda olunpn Ruben Vardanyana etirazlarını bildirən Qarabağ erməniləri də artıq yaşadıqları vəziyyətdən cana doyduqlarını bildirərək İrəvanda da etiraz aksiyaları keçirirlər. Moskvada yaşasa da Qarabağdakı qızıl mədənlərini istismar etməklə külli miqdarda sərvətə sahib olan Vardanyan bütün ciddi-cəhdlə Azərbaycanın təbii sərvətlərinə sahibliyi əldən vermək istəmir. Buna görə də Xankəndidə süni surətdə sosial problemlər yaratmaqla insanları Azərbaycana qarşı təxribatlara sürəkləyir.

Şuşa-Laçın yolunda «Eko terrora son» çağırışı ilə aksiyanı davam etdirən könüllü dəstələrin monitorinq çağırışlarını erməni ictimaiyyətinə başqa ad altında çatdıran Vardanyan Azərbaycan mövqelərinə atəş açan erməni separatçılarını maliyyələşdirdirdiyi kimi, işğaldan azad edilən Azərbaycan ərazilərində minaların basdırılmasına da nəzarət edir. Ölkəmizə qarşı hərbi, ekoloji təxribatlar törədənlərə yol göstərən, İran vətəndaşları adı ilə terrorçulardan ibarət iki dəstənin Xankəndiyə gəlməsinə şərait yaradan Rusiya «sülhməramlı»ları ilə əlbir olan Vardanyan öz torpağına getmək istəyən Azərbaycan vətəndalarının qarşısını almaqla da mənfur niyyətini həyata keçirir. Sülhməramlıların tərkibində olan ermənilərdən qızışdırıcı vasitə kimi istifadə edir. Soçidə, Brüsseldə imzalanan bəyannamələrin bütün şərtlərinə əməl edən haqlı Azərbaycandan fərqli olaraq hələ də separatçı və işğalçılıq əməllərini davam etdirən Ermənistanın yanında olan Fransa, İran kimi Vardanyan da azərbaycanlı könüllü ekoloqların dinc aksiyasına siyasi don geyindirərək sadə erməniləri çaşdırır, yaranan vəziyyətə görə aksiya iştirakçılarını günahlandırır. Həqiqət budur ki, Ermənistana havadarlıq edən, separatçı rejimin yol göstərəni Ruben Vardanyanla birləşən, dinc aksiya iştirakçılarının sivil tələblərinə özlərinə xas yalan donu geyindirərək beynəlxalq ictimaiyyətə əsası olmayan yalan informasiyalarla çatdıranlar yaranan vəziyyətdən öz məqsədləri naminə istifadə edənlərdir. Amma bu vəziyyət belə davam edə bilməz. Çox çəkməz ki, İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuraraq işğalçı Ermənistana həddini bildirən Azərbaycan vardanyanlara, arutyunlanlara havadarlarına növbəti kapitulyasiya aktını imzalatdıracaq.

Daha çox xəbərlər