Taksi xidməti: Nədən razı, nədən narazıyıq?
Paytaxt sakini: Bəzi taksi sürücülərinin mədəni səviyyəsində problemlər var. Yaxşı olardı ki, sürücü mədəniyyəti inkişaf etdirilsin
Bu gün taksilər kimi onlardan istifadə edənlərin də sayı kifayət qədərdir. Bu sahədəki boşluqlar və nöqsanlar da gündəmin ən çox müzakirə edilən mövzularındandır. Maraqlıdır, taksi xidmətinin keyfiyyəti nə dərəcədə qaneedicidir? Gedəcəyimiz ünvana daha tez və rahat çatmaq üçün canımızı əmanət edib mindiyimiz taksilər bizi bu arzumuza çatdıra bilir, yoxsa? …
“İki sahil” olaraq bu suallara cavab tapmaq üçün paytaxt sakinlərinə müraciət etdik:
Çox vaxt köhnə maşınlar olur

Paytaxt sakini Eyvaz Hüseynov bildirdi ki, taksi xidməti üçün istifadə olunan avtomobillərin texniki göstəriciləri çox zəifdir: “Bəzi taksi sürücülərinin mədəni səviyyəsində problemlər var. Yaxşı olardı ki, sürücü mədəniyyəti inkişaf etdirilsin. İstərdik ki, bu sektorda sağlam rəqabət mühiti formalaşsın. Bəlkə bu rəqabətdə daha yaxşı xidmət göstərən taksi şirkətləri önə çıxa bilər. Taksilərdən razı qaldığım məqamlardan biri də çağrı mərkəzi vasitəsilə xidmət göstərən taksilərin təhlükəsizliyi ilə bağlıdır. Həmçinin onların qiymətləri daha münasibdir.”

Mehman Həsənov isə taksilərdən narazı deyil: “Qiymətləri daha sərfəlidir. Ünvandan-ünvana da vaxtlı-vaxtında çatdırırlar.”

Alim Əsədov qeyd etdi ki, əksər hallarda taksilər vaxtında gəlmir, sürücülər sürətlə sürürlər, yol hərəkəti qaydalarına riayət etmirlər. Sürücülər qiymət sərf etməyəndə ya bizdən xəbərsiz sifarişdən imtina edir, ya da zəng vururlar ki, sifarişdən imtina edin. Taksi sürücüləri istirahət etmədən sükan arxasına keçirlər. Onlar günün 24 saatı taksidə həm “dincəlir”, həm də işləyirlər. Bu da sərnişinlər üçün təhlükə yaradır. Bu amillər aradan götürülərsə daha yaxşı olar.”
Taksi şirkətləri sürücülərini seçərkən daha diqqətli olmalıdırlar

Sona Qəniyeva dedi ki, gün ərzində dəfələrlə, xüsusilə harasa gecikirəmsə taksidən istifadə edirəm: “Taksilər ünvana vaxtında gəlirlər. Xoşuma gəlməyən hal bəzi taksi sürücülərin narahatedici baxışlarıdır. Bu kimi neqativ hal olmasa sevinirəm. Taksi şirkətləri sürücülərini seçərkən daha diqqətli olmalıdırlar.”

Taksi şirkətlərinin sürücünü yoxlamadan keçirmədən işə götürməsindən narazılıq edən sakinlərdən biri də Nurlan Bayramovdur: “Daha çox gecə saatlarında işdən çıxanda taksilərdən istifadə edirəm. Cürbəcür sürücülərlə qarşılaşıram. Eləsi var nəlayiq ifadələr işlədir, digəri sərxoş olur, bir başqası telefonla oynayır, ya sürətlə sürür, bəzi sürücülər yol hərəkəti qaydalarına əməl etmir. Gündəlik olaraq istifadə etdiyim üçün taksilərin münasib qiymətə olmaları mənə sərf edir. ”

Leyla Əsədullayeva da taksi xidmətindən daimi istifadə edən sərnişinlərdəndir: “Bu xidmət sahəsindən razı olduğum məqamlar çox azdır. Əksər hallarda taksi sürücüləri ya məntəqəyə çatmırlar, ya da düzgün yerdə saxlamırlar. Nəticədə artıq məsafə qət etmiş oluruq. Bu, əsasən gənc sürücülərin şəhəri tanımaması ilə əlaqədardır. Sükan arxasında olan sürücülər daha çox əsəbi, yorğun və yuxusuz təsir bağışlayırlar. Bu da təhlükəsizlik baxımından məni çox narahat edir.”

Fərid Cəbrayılov deyir ki, taksilərin qiymətlərindən razıyam : “Narazı qaldığım məqamlar isə şirkətlərdən deyil, əsasən sürücülərdən qaynaqlanır. İri məbləğdə pul verdikdə xırdalamamaları, sürücülərin yerli-yersiz sifarişləri imtina etmələri və s… Çox vaxt bu iradlarımı taksi şirkətinə bildirmirəm ki, onların qazanclarına xələl gətirməyim.”
Həm razıyam, həm də ki, narazı

Pərvanə Əhmədova hər gün taksidən istifadə edir: “Taksilərimizdən həm razıyam, həm də ki, narazı… Bəzən mədəni sürücü, səliqəli avtomobillə, rahat səyahətlə qarşılaşıram. Bəzən isə tamamilə əksinə olur. Sürücülərin həm sükan arxasında özlərini aparması, həm də idarəetmə qabiliyyəti o qədər də ürəkaçan səviyyədə deyil. Taksi şirkətləri sürücüləri seçərkən diqqətli olsalar daha yaxşı olar.
Bu taksi xidmətindən bu qədər narazılıqların yaranmasının səbəblərini harada axtarmalı?

Nəqliyyat eksperti Eldəniz Cəfərov “İki sahil”ə mövzu ilə bağlı açıqlamasında bildirdi ki, taksi sahəsindən narazılıqların belə kütləvi hal almasının əsas səbəbkarı bu sahəni tənzimləməli olan qurumların məsuliyyətsizliyi və fəaliyyətsizliyidir: “Bu gün ölkəmizdə taksi xidməti sırf bazar iqtisadiyyatı əsasında yaranmış liberal xidmətdir. Taksi xidmətindəki 3 istiqamətdən birincisi özünün qarajı, minik avtomobilləri, işçiləri olan taksi şirkətləridir. Digəri taksi operatoru şirkətləridir. Nəhayət, üçüncüsü isə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlardır.”
Müsahibimiz qeyd etdi ki, təəssüf ki, bugünkü liberal taksi fəaliyyətindən sui-istifadə edənlər var: “Onlar taksi fəaliyyətində tələb olunan müəyyən reqlamentə riayət etmirlər. Reqlamentə görə, taksi fəaliyyəti ilə məşğul olan şəxsin yaşı 21-dən, sürücülük təcrübəsi isə 2 ildən az olmamalıdır. Taksi fəaliyyətində istifadə olunan avtomobilin damında sarı rəngli taksi fənəri mütləq qaydada olmalıdır. Sadaladıqlarım əməl edilməli olan şərtlərdən ən sadələridir. Bu qaydalara həm taksi şirkətləri, həm də sürücülər tərəfindən mütləq qaydada əməl edilməlidir.”
Keyfiyyətli taksi xidməti üçün ümumilikdə hansı kompleks işlərə və tədbirlərə ehtiyac var?
Ekspert diqqətə çatdırdı ki, keyfiyyətli taksi xidməti təşkil etmək üçün 2019-cu ildə Nazirlər Kabinetinin hazırladığı taksi fəaliyyəti ilə bağlı sadə tələblər həyata keçirilməlidir: “Təəssüf ki, bu sahədə hüquqları pozulan vətəndaşlar müvafiq qurumlara şikayət ərizələri ilə müraciət etmirlər. Belə olan halda da həmin qurumlar qanun pozuntusuna yol vermiş taksi şirkətlərinə və sürücülərinə qarşı hər hansı sanksiya tətbiq edə bilmirlər. Halbuki hər bir qurumun qaynar xətti də var, onlar elektron ərizələr də qəbul edirlər. Yəni, vətəndaşlar bir qədər passivdirlər. Taksi xidmətindən narazı vətəndaşlarımız şikayətlərini mediaya deyil, birbaşa olaraq əlaqədar müvafiq qurumlara yazılı formada ünvanlamalıdırlar. Bu zaman taksi xidməti sahəsindəki problemlərin qarşısını az da olsa ala bilərik.”
Sarı rəngli taksi fənəri olmayan avtomobillərə əyləşməyin
E.Cəfərov taksidən istifadə edən sərnişinlərə müraciət etdi: ” Taksi fəaliyyətində istifadə olunan avtomobilin damında sarı rəngli taksi fənəri olmayan avtomobillərə əyləşməyin. Çünki bu qeyri-leqal taksi fəaliyyətidir. Eyni zamanda, sərnişinlər bilməlidirlər ki, belə avtomobillərə əyləşməklə onlar öz həyatlarını riskə atmış olurlar və mütləq burada keyfiyyətsiz xidmətlə rastlaşırlar. Qeyd edilən məqamlara diqqət edərsək taksi xidmətinin səviyyəsini yüksəldə bilərik.“

