Azərbaycanda gələn il karantin rejimi ləğv olunacaq? – AÇIQLAMA
Məlum olduğu kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2023-ci il 1 yanvar saat 06:00-dək uzadılıb. Dünyanın digər ölkələrində də pandemiya davam edir. Ölkədə koronavirus infeksiyasına gündəlik yoluxma sayında azalma müşahidə edilir və ölüm halları minimal həddə çatıb. Buna baxmayaraq ölkə üzrə xüsusi karantin rejimi qalmaqdadır.
Bunun səbəbi nədir, Azərbaycanda karantin rejimi ləğv oluna bilərmi?
Mövzu ilə bağlı BiG.AZ-a danışan həkim-infeksionist Mərdan Əliyev bildirib ki, dünyada koronavirus təhlükəsi davam etdiyinə görə xüsusi karantin rejimi ləğv edilmir:
“Karantin rejiminin ləğv edilməsi üçün koronavirus infeksiyasının təhlükəsi tamamilə aradan qalxmalıdır. Amma bu təhlükə hələ ki aradan qalxmır. Bunun da səbəbi dünyada koronavirusla bağlı problemlərin olmasıdır. Xüsusən də hazırda ən böyük problemlər Çindədir. Orada sırf dözümlülük prinsipi ilə siyasət həyata keçirirlər. Orada maksimal dərəcədə karantin qaydası tətbiq edirlər ki, koronavirus infeksiyası heç kəsə yoluxmasın. Sonradan omikron variantı ortaya çıxdı və bu variant daha sürətli yayıldığı üçün bunun qarşısını ala bilmədilər. Əvvəl qarşısını alırdılar, lakin sonradan bu, mümkün olmadı. İndi dünyada pandemiya bitmək üzrə olduğu halda Çində artıq yenidən alovlanma müşahidə edilir. Orada çox güclü karantin rejiminə rəğmən çox sürətli yoluxma qeydə alınır. Təbii ki, bunun da bizə təsiri var.
Artıq bizim ölkəmizdə cüzi də olsa artım müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmalıdır ki, pandemiya bitdi və bundan sonra da bizim ölkədə xüsusi karantin rejimi ləğv edilə bilər. Amma indi hələ ki, koronavirusla bağlı təhlükə qalmaqdadır. Bizim ölkədə elə çox ciddi təsiri olacağını gözləmirik. Yəni rəqəmlərdə bir qədər artım müşahidə edilə bilər, amma ki, bu rəqəmlər çox ciddi olmayacaq. Təəssüf ki, bu problem hələ qalmaqdadır”.
İnfeksionist bildirib ki, Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsinə və sərt karantin qaydalarının yenidən tətbiq olunmasına ehtiyac yoxdur:
“Düşünürəm ki, artıq sərt karantin tətbiq edilməyəcək. Çünki artıq yanvar ayına doğru gedirik. Yəni geridə qoyduğumuz payız fəslində çox ciddi artım olmadı deyə indi də olacağını gözləmirik. Lakin dediyim kimi müəyyən artımlar ola bilər. Bu, çox ciddi artım olmayacaq. Ona görə sərt karantin rejimi gözlənilmir”.


