Cəmiyyət 

Qidalanma, yuxu rejimi, geyim, hərəkətsizlik, alkoqol, siqaret…

Mütəxəssislərdən faydalı məsləhətlər

“Qrip canımdan çıxmır”. Bu, xüsusilə qış mövsümüdə daha çox eşitdiyimiz cümlələrdən biridir. Məlumdur ki, havalar soyuduqca  immun sistemimiz həssaslaşır. Nəticədə xəstəliklərə yoluxma halları daha çox müşahidə olunur.

Bəs qış aylarında immunitetimizin zəifləməsinin səbəbləri nədir?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, soyuq payız və qış aylarında hava-damcı üsulu ilə yayılan kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımlar müşahidə oluna bilər: “Bunun müxtəlif səbəbləri vardır. İnsanın immuniteti bütün ilboyu eyni səviyyədə qalmayıb, qeyd olunan fəsillərdə nisbətən zəifləyir. Soyuq havanın yuxarı tənəffüs yollarının selikli qişasına təsirindən oradakı damarlar büzülür. Nəticədə yerli immuniteti formalaşdıran maddələrin ifrazı azalır və belə bir şəraitdə virusların orqanizmə daxil olması asanlaşır. Həmçinin soyuq havada insanlar daha çox qapalı məkanlarda toplanır, yaxın təmasların sayı artır, otaqların havalandırılması daha az hallarda icra olunur. Bütün bunlar virus infeksiyalarına yoluxma saylarının artmasına səbəb olur.”

Təyyar Eyvazov vurğuladı ki, bu infeksiyalar dalğa şəkilində yayılır. Yəni müəyyən vaxtlarda virus infeksiyalarına yoluxma sayında artımlar və azalmalar bir-birini əvəz edir. Hazırda ölkədə bu infeksiyalarla xəstələnmə səviyyəsi pandemiyadan əvvəlki dövr ilə müqayisədə elə də fərqli deyil.

Mütəxəssis bu kimi hallarla mübarizə tədbirlərindən söz açdı: “Qripdən, hava-damcı ilə yayılan digər kəskin respirator virus infeksiyalarından qorunma yolları eynidir. Yəni, əllərin tez-tez yuyulması və digər respirator-gigiyena qaydalarına əməl etmək, qapalı mühitlərdə maska taxmaq, otaqları tez-tez havalandırmaq, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər aralı gəzmək, havanın temperaturuna uyğun geyinmək, vitamin-minerallar ilə zəngin meyvə və tərəvəzlər ilə qidalanmaq və sağlam həyat tərzinə riayət etmək tövsiyə olunur.”

Qida rasionu vitaminlər və minerallarla zənginləşdirilməlidir

Digər müsahibimiz – 19 saylı şəhər poliklinikasının  baş həkiminin müavini Yeganə Cəfərova diqqətə çatdırdı ki, mövsüm dəyişiklikləri orqanizmdə bir sıra xəstəliklərin yaranması və ya xroniki xəstəliklərin kəskinləşməsi ilə nəticələnir: “Lakin hər bir şəxs özünün orqanizminin müqavimətinə bələd olduğuna görə mövsüm öncəsi bir sıra profilaktik tədbirlərini aparmağa hazırlaşmalıdır. Məsələn, şəxs bilir ki, immunitetinin zəifliyi hesabına hava soyuduqda dərhal qrip  kimi (kəskin respirator) xəstəliyə tutulur. Bu zaman o, dərhal immunitetini gücləndirməyə başlamalıdır. Bu halda düzgün və zamanında qidalanmalı, qida rasionunu A, B, C, D və E  vitaminlər, minerallarla zənginləşdirməli, yuxu rejiminə və normal yuxu saatına riayət etməlidir. İnsanlar hava şəraitinə uyğun geyinməlidir, yəni onu tərlədəcək və ya soyuqladacaq geyimlərlə gəzməməlidirlər.”

Yeganə Cəfərova immunitetimizin zəifləməsinin səbəblərindən bəhs edərkən vurğuladı ki, soyuq havanın təsirindən bədənin soyuması, yuxu, qidalanma, həddindən az və  həddindən çox hərəkət, mikroelement disbalansı, maddələr mübadiləsinin pozulması, alkaqol, siqaret və digər zərərli vərdişlər əsas səbəblərdir. Həmçinin xəstəliklərdən dolayı – stress faktorlar , şəkərli diabet, həkimin uzunmüddətli  təyin etdiyi antibiotiklər, kimyaterapiya, radioterapiya, digər medikamentoz, konservativ müalicələr, cərrahi əməliyyatdan sonra yaranmış hallar , onkoloji, vərəm xəstəliklərindən sonra orqanizmdə immunitet azalır.

Qidalanma və yuxu rejimi birbaşa immunitetlə əlaqəlidir

İnfeksionist-hepatoloq Mərdan Əliyev isə bildirdi ki, havaların qəfildən soyuması, günəşin aktivliyinin azalması, immun sisteminin zəifləməsi insan orqanizmində adaptasiya prosesini pozur. Bu isə xəstəliyə həssaslığı artırır: “Son aylarda qripəbənzər virusa yoluxma halları kəskin artıb. Çünki payızın gəlməsi ilə respirator xəstəliklərə yoluxma da artır. Qrip virusu dekabr ayından mart ayına qədər müşahidə edilir.”

Həkim insanların virusdan qorunması üçün tövsiyələrini verdi: “Bu xəstəlikdən özümüzü qorumaq üçün əsas geyimimizə, yuxu rejimimizə və qidalanmağımıza fikir verməliyik. Çünki qidalanma və yuxu rejimi birbaşa immunitetlə əlaqəlidir. Evin havasını gün ərzində iki dəfə, səhər və axşam dəyişmək lazımdır. Bunlara riayət etsək, virusa yoluxsaq belə, xəstəliyi yüngül keçirərik”.

Daha çox xəbərlər