Gündəm 

Azərbaycan bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq

Türk Dövlətləri Təşkilatına  üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu dünyaya bir daha sülh, birlik, əməkdaşlıq mesajıdır

“Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.” Dövlət başçısı İlham Əliyev  Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə onu da  əlavə etdi ki, türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Azərbaycanın xarici siyasətində türk dünyasının birliyi prioritet məsələ kimi öndə dayanır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük.

44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövrünün reallıqları bir daha bu birliyin təqdimatı oldu. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında ümumilikdə türk dünyasının birliyinin şahidi oldu. Müharibənin ilk günündən Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəməyən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan tək deyil» çağırışı 44 gündə istər ölkə, istərsə də Türkiyə mətbuatında xüsusi yer tutdu. Bütün küçə və meydanları Azərbaycan və Türkiyənin bayraqları bəzədi. Postmünaqişə dövrünün reallıqları fonunda da dünya bu birliyin sarsılmazlığının şahidinə çevrildi. Bu birlik özünün aydın ifadəsini işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində tapdı. Hələ tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  bildirmişdir: «Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.» Tarixi Zəfərimizdən sonra Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmi təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasbətlərdə yeni mərhələnin əsası qoyuldu.

Bu günlərdə dövlət başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri zamanı Azərbaycan-Türkiyə-Türkmənistan Zirvə Görüşünün keçirilməsi də türk dünyasının birliyinə verilən töhfələr sırasındadır. Bu birlik istər ikitərəfli, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafına öz dəstəyini göstərə bilər. Təhlillər əsasında bu fikir xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə davamlı səfərlərinə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hər bir sənəd münasibətlərin inkişafında  hüquqi bazadır. O da məlumdur ki, Azərbaycan-Türkiyə-Türkmənistan Zirvə Görüşündə 6 sənəd imzalanıb ki, bunların hər biri əlaqələrin inkişafında yeni bir mərhələnin başlanması üçün stimuldur.

Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu məqam da xüsusi qeyd edilirdi ki, bir turkdilli dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı və birgə səylər göstərməlidirlər. Təbii ki, bu çağırış özlüyündə diaspor fəaliyyətinin genişləndirilməsini bir tələb kimi qarşıya qoyur.

Cari ilin mühüm hadisələri sırasında yer alan Dünya Azərbaycanlılarının Zəfər Qurultayının keçirilməsi postmünaqişə dövründə qarşıda dayanan vəzifələrin mədəniyyət paytaxtımız Şuşanın şahidliyi əsasında müzakirəsinə geniş imkanlar açdı. 28 ildən sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirən Şuşadan bir daha dünyaya birlik, həmrəylik, əməkdaşlıq mesajı ünvanlandı. Tarixi Zəfərimizdə dünya azərbaycanlılarının birliyi əhəmiyyətli rol oynadı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan-Türkiyə  diaspor təşkilatlarının birgə fəaliyyəti öz sözünü deməkdədir. Cənab İlham Əliyev bu tezisi irəli sürür ki, bir millətin iki disporu ola bilməz. Bu çağırış Türkiyə-Azərbaycan diaspor təşkilatlarını daha sıx birləşməyə, birgə səylərini artırmağa səsləyir.

Bu gün isə türk dünyasının birliyinə xidmət edəcək daha bir mühüm addım əsas müzakirə mövzuları sırasındadır. Belə ki,  Türk Dövlətləri Təşkilatına  üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu keçirilir. Türk dünyasının diaspor təşkilatları arasında birgə  fəaliyyətin təşkil olunmasında, əməkdaşlığın genişləndirilməsində belə tədbirlərin əhəmiyyəti böyükdür. Bu Forum türk dünyasının birliyinin təqdimatı olmaqla yanaşı, onların Azərbaycanın işğaldan azad edilmiş ərazilərində erməni vəhşiliklərini görmək  və beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı yaradır.

Təbii ki, hər bir tədbirin mahiyyətini açıqlayan müzakirəyə çıxarılan məsələlər, həmçinin keçirildiyi məkandırsa, gələcək üçün hədəflərini nümayiş etdirən isə sonda imzalanan Bəyannamədir. Bakı-Şuşa Forumunda  imzalanan sənəd  gələn ilin fəaliyyət planını özündə əks etdirməklə bərabər, dünyaya birlik, əməkdaşlıq mesajı olacaq.  Türk Dövlətləri Təşkilatının diaspor qurumlarının birgə fəaliyyətinin istiqamətinin müəyyənləşdirilməsi postmünaqişə dövrünün reallıqlarının təbliğinə geniş imkanlar açacaq, bu birliyin möhkəmləndirilməsində öz sözünü deyəcək.

Daha çox xəbərlər