Lənkəranda dönər istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “İki sahil”ə verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Lənkəran şəhər sakini, fiziki şəxs Məmmədov Orxan Xidmət oğluna məxsus həyətyanı sahədə dönər istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Soyuducularda məhsulların saxlanması zamanı mal qonşuluğu prinsipinə riayət olunmadığı, istifadə edilən alət və avadanlıqların təmizlənməsi, dezinfeksiyası və saxlanılması üçün isti və soyuq su ilə təchiz olunmuş yuma sahələrinin təşkil edilmədiyi, qida məhsullarının emalı sahəsində səthlərin, xüsusilə də qida ilə təmasda olan işçi masaların səthlərinin asan təmizlənməsinə və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə təchiz edilmədiyi, xammalların və inqrediyentlərin xarabolma və çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təminatının, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.








