Paytaxtda çalışanların orta aylıq əməkhaqları 13,6 faiz artıb
2022-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunan malların və göstərilmiş xidmətlərin həcmi 70,2 milyard manat təşkil edib. Sənaye məhsulunun 85,8 faizi mədənçıxarma, 12,4 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 90,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 4,9 faiz təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən “İki sahil”ə verilən xəbərə görə, istehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 dekabr 2022-ci il vəziyyətinə 460,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulan 48,1 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Bu dövrdə paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 75 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,9 faizini əsaslı təmir, 5,9 faizini cari təmir, 10,2 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 91,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Hesabat dövründə Bakı şəhərinin ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,7 faiz artaraq 25 milyard 711,2 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artaraq 14 milyard 863,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9 faiz azalaraq 10 milyard 847,6 milyon manata bərabər olub. İstehlak məhsullarının 34,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Cari ilin yanvar-noyabr aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 51,2 faiz artaraq 1 milyard 24,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 542 milyon manat olub ki, bu da ümumi dövriyyənin 52,9 faizini təşkil edib.
2022-ci ilin yanvar-noyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,2 faiz artaraq 4 milyard 753,9 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 367,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 91,9 faizini təşkil edib.
Paytaxtda çalışanların məvaciblərinə gəlincə, 2022-ci ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,6 faiz artaraq 1065,3 manat təşkil edib.

