Azərbaycan-Serbiya münasibətləri yüksək sürətlə inkişaf edir
Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır.
İki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır. Rəsmi Belqradın belə bir qərar qəbul etməsi dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulmuşdur.
Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunmamış böyük potensial var. 2013-cü ildən etibarən iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq çərçivəsində, tam anlaşma və qarşılıqlı maraqlarımıza hörmət şəraitində inkişaf edir.
Beynəlxalq təşkilatların rəhbərləri ilə, ayrı-ayrı dövlət başçıları ilə keçirilən işgüzar görüşlər, əldə olunan razılaşmalar, imzalanan sənədlər bir daha sübut edir ki, Azərbaycan regionun lider ölkəsidir. Azərbaycan Respublikasının həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Avropa ölkələri ilə ikitərəfli və çoxşaxəli əməkdaşlığın qurulması və inkişafı da ölkəmizin prioritet istiqamətlərindən biridir. Serbiya Respublikası Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verən Azərbaycanla əməkdaşlıq etməyə can atır. Azərbaycan və Serbiya dövlətləri arasında energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Bu sahə böyük əhəmiyyət kəsb edir. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar mövcuddur. Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün gələn ildən başlayaraq çox mühüm addımlar atılacaqdır.
Nəqliyyat-logistika sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycanda bu sahənin inkişafı, ölkə ərazisində regional logistik mərkəzlərin yaradılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Azərbaycanın kənd təsərrüfatı sahəsində logistikanın inkişafı yüksək ixtisaslı mütəxəssislərə olan tələbatı daha da yüksəldəcəyi gözlənilir.
Ölkələrimiz arasında mövcud olan münasibətlər, bunun inkişafı meyilləri belə bir proqnozla çıxış etməyə əsas verir ki, Azərbaycan-Serbiya əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

