Prezidentin “Biz birlikdə güclüyük” şüarı qalib xalqın gücünün göstəricisidir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır. Onun ölkəyə başçılıq etdiyi bu illər ərzində iqtisadi, siyasi, hərbi və digər sahələrdəki inkişaf aşkar şəkildə görünür. Xüsusən də, 44 günlük Vətən müharibəsində xalq Dövlət başçısının ətrafında birləşdi, həmrəyliyini dünyaya nümayiş etdirdi.
Qarabağ münaqişəsi Azərbaycanın ən ağrılı, həlli yolunda siyasi müstəvidə bir çox maneələrin dayandığı çətin problemlərindən idi. 90-cı illərdə Azərbaycanda siyasi səriştəsizlik və ordu idaetməsindəki zəiflik torpaqlarımızı itirməyimizlə nəticələndi. Havadarlarının dəstəyilə Ermənistan hərbi birləşmələri 4 il ərzində tədricən ərazimizin 20 faizini işğal etdilər. 1 milyon vətəndaşımız ata-baba yurdundan didərgin düşdü. Təxminən 30 illik işğal dövründə ermənilər bizlərin bu haqsızlıqla barışmayacağımızı və itirdiyimiz torpaqlarımızı nəyin bahasına olursa-olsun qaytaracağımızı, ədaləti bərqərar edəcəyimizi yaxşı bilirdilər. Bu səbəbdən də, işğal dövründə şəhər və kəndlərimizdə dağıntılar törətdilər, vandllıq nümayiş etdirdilər. Yaratdığı “quruculuq işləri” yalnız güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri yaratmaq idi.
Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti və Müzəffər Ordumuzun sayəsində Qarabağ münaqişəsi artıq tarixə çevrilmişdir. 44 günlük Vətən müharibəsi dövründə ölkədə xalq və hakimiyyət arasında birlik daha da güclənmişdi. Ölkə Başçısına xalqın inamı qələbə sevincinə bizi yaxınlaşdırırdı. Birliyimizin güclənməsi hərbiçilərimizin döyüş ruhunu artırırdı. Cənab Prezident İlham Əliyevin müharibə dövründə xarici mətbuata dəfələrlə müsahibələr verərək haqq işimiz barədə onları məlumatlandırdı. Ali Baş Komandan Vətən müharibəsinin döyüş əzmi barədə bildirmişdir: “Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi”.
Azərbaycan Ordusunun peşəkarlığı qarşısında dura bilməyən Ermənistan höküməti 10 noyabr 2020-ci ildə məğlubiyyətinin etirafı sayılan kapitulyasiya aktına imza atdı. Hərbi qələbənin ardından siyasi danışıq yolu ilə noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Hakimiyyətin, xalqın və ordunun birliyindən yaranmış “Dəmir yumruq” düşmənlərə öz gücünü göstərdi.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri

