Siyasət 

Mitinq-şou…

Künc zərbəsi

Cinayətkar Vardanyana görünən sonuncu yol hansıdır?

Xankəndi daha bir mitinq şousuna şahidlik etdi. Qərbin sanksiyalarından yayınmaq məqsədilə Rusiyadan qeyri-qanuni Azərbaycan ərazisinə gələrək Qarabağda gizlənən cinayətkar Ruben Vardanyan və onun quldur dəstəsi bir neçə dəfə təxirə salmağa məcbur olduqları “şou”nu dekabrın 25-də nəhayət ki, reallaşdıra bildilər. Ancaq oktyabrın 30-dakı mitinqdən fərqli olaraq bu dəfə imitasiya üçün Ermənistandan iştirakçı gətirə bilməyən Vardanyanın Qarabağda olan azsaylı mülki erməni əhalini meydana yığması elə də asan olmadı. Və əslində aksiya həm də göstərdi ki, separatçıların faktiki olaraq girova çevirdiyi, təzyiq və qorxu altında saxladığı dinc insanlar Vardanyan-Arutyunyan cütlüyünün rəhbərlik etdiyi təxribatçıların alətinə çevrilmək istəmirlər. O da məlum oldu ki, Laçın yolundakı məhdudiyyətdən öz şəxsi mənafeyi üçün istifadə etməyə çalışan Vardanyan hər vəchlə həmin insanları çətinliklərlə üz-üzə qoyur, süni problemlər və saxta ajiotajla onların Azərbaycanın hakimiyyətini qəbul etməsinə mane olmağa çalışır.

Xankəndidəki mitinqin necə təşkil edildiyinə və “şou”nun “proqramına” gəlincə, ilk növbədə qeyd etmək lazımdır ki, erməni mətbuatının dəfələrlə şişirtməsinə baxmayaraq aksiyaya faktiki olaraq 17 mindən bir az artıq insanı cəlb etmək mümkün olub. Hətta “Faktyoxla.az” portalı açıq meydanda toplaşan insan kütləsinin sayını hesablamaq üçün “Mapcheking” əlavəsinə Xankəndidəki “Dirçəliş” meydanında keçirilən aksiyanın konturlarını əlavə edib və konkret rəqəm də paylaşıb. Əldə edilən foto və videolar əsasında meydandakı iştirakçı sayını hesablayan proqram mitinqdə ümumilikdə 17 min 581 nəfərin iştirak etdiyini hesablayıb. Göründüyü kimi, erməni mənbələrinin məlumatında göstərilən 70 min rəqəmi elə ermənilərin bütün tarixi kimi uydurmadır. Vardanyanın və digər separatçıların buna qədər bir neçə dəfə aksiya keçirmək cəhdinin alınmaması, planlaşdırılan mitinqlərin təxirə salınması da məhz say məsələsi ilə bağlı idi.

Uydurma təkcə Xankəndidəki 25 dekabr mitinqində iştirak edənlərin sayı deyil. Ümumilikdə Qarabağda yaşayan ermənilərin sayı da klassik erməni xislətinə uyğun dəfələrlə şişirdilir, separatçılar dünya ictimaiyyətini aldatmağa çalışırlar. Belə ki, onlar neçə müddətdir cidd-cəhdlə Qarabağda 120 min erməninin yaşadığını bildirir, yalandan hay-küy salırlar. Halbuki separatçıların rəhbəri Araik Arutyunyan 2021-ci ilin sentyabrında “təəssüflə” elan etmişdi ki, Qarabağda 30-35 min civarında erməni qalıb. Hətta rus sülhməramlıların 2020-ci ilin 14 noyabrından başlayaraq daşıyıb gətirdikləri və rəsmi statistika kimi göstərilən 52,7 min erməninin hamısının burada qalmadığı da hər kəsə bəllidir. İrəvan hakimiyyəti Qarabağda yaşamağa davam edənlərə Ermənistana köçənlərdən iki dəfə artıq aylıq müavinət verir, həmçinin onların bütün kommunal xərclərini ödəyir. Odur ki, sülhməramlıların “xahişi ilə” geri qayıdanların bir çoxu Xankəndidə “qeydiyyata düşmək” üçün gəlib, daha sonra yenidən birdəfəlik çıxıb gediblər. Tanınmış erməni politoloq Armen Baqdasaryanın etiraf etdiyi kimi, onların çoxu qaçıb. Kimi İrəvana, kimi də erməni diasporu çox olan ölkələrə.

Vardanyan dəvəquşu kimi “boynunu quma soxub” gizləndiyini hesab eləsə də qanmır ki, atdığı hər addım Azərbaycanın nəzarətindədir. Onun mitinqi necə təşkil etdiyi, hansı qanunsuz yollara əl atdığı da artıq hamıya məlumdur. Mitinqdə kütləviliyi təmin etmək üçün bütün vasitələrdən istifadə edilib: 30 oktyabr aksiyasında olduğu kimi, bu dəfə də Vardanyan “kisəsinin ağzını açıb”. O, Xankəndi ətrafından gələnlərin “mükafatla” bərabər, nəqliyyat xərclərini də yenə üzərinə götürüb. Belə ki, iştirakçıların hər birinə məsafədən asılı olaraq 30-40 dollar pul paylanılıb, Qarabağın rus sülhməramlıların nəzarətində olan digər ərazilərindən gələnlərə isə pulsuz yanacaq verilib, maşını olmayanların avtobuslarla gəlişi təmin edilib.

Bundan başqa, Xankəndidə məskunlaşan mülki ermənilər mitinqə məcburi gətirilib, əks halda onların özlərini və yaxınlarını işdən qovacaqları ilə hədələyiblər. Hamıdan tələb olunub ki, aksiyada övladları ilə iştirak etsinlər.

Ən diqqət çəkən məsələ isə aksiyanın “izdihamlı” alınması üçün qanunsuz silahlı dəstələrin də mitinqə qatılmasıdır. Onlardan mülki paltar geyinərək mitinqdə iştirak etmək tələb olunub. Hətta fotolordan götünür ki, bir çox silahlı separatçı elə hərbi formada da mitinqə qoşulub və şüarlar səsləndiriblər.

Xankəndi mitinqinin motivinə gəlincə, bir daha qeyd edək ki, Laçın yolunda dekabrın 12-dən fasiləsiz aksiya keçirən Azərbaycanın QHT və ictimaiyyət nümayəndələrinin, ekofəalların, könüllülərin haqlı etirazları üçün ciddi səbəblər olsa da yol bağlanmayıb. Hər gün həm Rusiya sülhməramlı kontingentinin təminat maşınları, həm də Beynəlxalq Qırmızı Xaç Konitəsininə və ermənilərə məxsus humanitar məqsədli avtomobillər hər iki istiqamətdə sərbəst hərəkət edirlər. Yəni yoldan dinc məqsədlər üçün istifadəyə hər hansı maneə yoxdur, məhdudlaşdırma yalnız separatçılara silah-sursat daşınmasına tətbiq edilir. Bu isə görünür, Qarabağa varlanmaqla yanaşı təxribatçı məqsədlərlə, mülki erməni əhalidə yenidən müharibə eyforiyası yaratmaq, vəziyyəti gərginləşdirmək məqsədilə gəlmiş Vardanyanın planlarını pozub. Onun şovinist və revanşist davranışı da bununla bağlıdır. Dinc sakinləri qorxu və təzyiq altında girov saxlamağa çalışan Vardanyan əsl simasını, daha dəqiqi simasızlığını Xankəndi mitinqində gizlətmədi də. Qarabağın mülki erməni əhalisi arasında xof yaratmaq üçün indiki vəziyyətdə üç yol olduğunu bildirdi: “Ya boyun əymək, yavaş-yavaş Azərbaycana inteqrasiya olmaq, ya “artsax”ı (Qarabağ iqtisadi rayonunun müəyyən hissəsi) tərk etmək, ya da döyüşmək.”

Əslində, cinayətkar separatçı hesabı qarışdırıb. İndiki vəziyyətdə Qarabağın mülki erməni əhalisi üçün üç deyil, iki seçim var – Azərbaycanın vətəndaşlığını qəbul etmək və normal yaşamaq, yaxud torpaqlarımızdan birdəfəlik rədd olub getmək. Cinayətkar vardanyanlar, arutyunyanlar üçünsə tək bir yol görünür. O da Azərbaycan qanunları ilə mühakimə olunduqdan sonra uzun-uzun illər layiqli cəzasını çəkəcəyi həbsxana yolu…

Daha çox xəbərlər