Gündəm 

Makron nə istəyir?

Fransa Prezidenti Emmanuel Makronun ermənipərəstliyi yenə də «qıjqırıb daşmağa» başlayıb. Bu gerizəkalı dövlət başçısı Azərbaycanla Ermənistanın  münasibətlərinin indiki həssas dönəmində daha bir avantürist çıxış edərək bildirib ki, beynəlxalq humanitar təşkilatlar Qarabağ ərazisinə göndərilməlidir. O, bu məntiqsiz çağırışı ilə bir daha göstərir ki, Azərbaycanın suveren ərazisi olan Qarabağa soxulmaqla Cənubi Qafqazda möhkəmlənməyə çalışır.

Məlum «sərhəd missiyası» iflasa uğradıqdan sonra  olduğundan o, Cənubi Qafqaza yerləşməyin başqa variantına əl atmağa məcbur olub. Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi, Makron bu dəfə Cənubi Qafqaza humanitar təşkilat adı altında burnunu soxmağa çalışır. Təbii ki, bu da ölkəmizə qarşı növbəti məkrli plandır və onun da qarşısı alınacaqdır.

Fransanın məlum ermənipərəst çağırışı BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı müddələrinə də ziddir. Makron anlamalıdır ki, hər hansı bir ölkənin ərazisinə humanitar missiya yalnız o ölkənin razılığı əsasında göndərilə bilər. Bu gün Rusiya sülhməramlıları kontingentinin  müvəqqəti yerləşdiyi ərazilər Azərbaycan torpaqlarıdır. Oraya humanitar missiyanın daxil olması Azərbaycan dövlətinin razılığı ilə reallaşa bilər. Eyni zamanda, ölkəmizin qüdrətli iqtisadi gücü imkan verir ki, Xankəndi və ətraf qəsəbələrdəki erməniəsilli Azərbaycan vətəndaşlarına hər cür maddi dəstək göstərsin. Yetər ki, onlar Azərbaycan vətəndaşları kimi dövlətimizə müraciət etsinlər.

Bundan başqa, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidə ofisi var və bizim bu təşkilatla geniş əməkdaşlığımız mövcuddur. Orada hər hansı humanitar çətinlik yaranarsa bu, həmin beynəlxalq təşkilatın vasitəsilə həllini tapa bilər. Eyni zamanda, o da məlumdur ki, Laçın- Xankəndi yolunun hazırda azərbaycanlı fəallar tərəfindən aksiya keçirilən hissəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarının və onların müşayiəti ilə təcili tibbi yardım avtomobillərinin keçidi maneəsiz həyata keçirilir. Bu, bir daha göstərir ki, Xankəndidə heç bir humanitar böhran yaşanmır və əksinə, oradakı separatçı-terrorçu qruplar Azərbaycan əleyhinə təxribatlar plandaşdırırlar.

Bəli, Fransanın və onun əlaltısı  Ermənistanın qərəzli şəkildə yaydıqları guya Azərbaycan dövləti ermənilərin yaşadığı ərazilərində humanitar böhran yaradıb iddiaları indiyədək ölkəmizə atılan böhtanların davamıdır. Eyni zamanda, onlar iddia edirlər ki, guya bu gün Xankəndidə və ətraf qəsəbələrdə 120 min erməni yaşayır. Bu, tamamilə absurd iddiadır və erməni ekspertlərin də iddia etdikləri kimi, həm 44 günlük müharibədən əvvəl, həm dəondan sonra bu ərazilərdən köçən ermənilərin sayı minlərlə olub. Bu gün Azərbaycan tərəfinin araşdırmalarından belə bir rəsmi qənaətə gəlinib ki, həmin ərazilərdə cəmi-cümlətanı 25 minə yaxın erməni yaşayır.

Bütün bunlar bir daha göstərir ki, Makronun səsləndirdiyi bu fikirlər onun yenidən vasitəçiliyə can atmasından irəli gəlir. Təbii ki, Fransa məsələ ilə bağlı birtərəfli mövqe tutduğuna görə belə bir vasitəçilik mümkün deyil. Ermənistanın baş naziri Nikol Paşinyanın gələcəkdə baş tutacaq Brüssel görüşlərində Fransa Prezidenti Makronun da iştirakını şərt kimi irəli sürməsi onu göstərir ki, bu ölkə təkcə Rusiyanın deyil, həm də Fransanın vassalıdır. Lakin ölkəmizin başçısı onun bu şərtini rədd edərək birmənalı şəkildə bildirib ki,  Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilir. Fransa Prezidentinin bu müzakirə formatına heç bir aidiyyəti  yoxdur. Fransanın Ermənistan üzərindən bu formata yerləşmək cəhdləri absurddur. Çünki bu, Brüssel prosesində indiyə qədər əldə olunmuş müsbət nəticələri böyük risk altına ata bilər.

Təbii ki, Azərbaycanın Fransa Prezidenti Makronu Cənubi Qafqaz üzrə danışıqlardakı iştirakdan, o cümlədən humanitar missiya adı altında ərazilərimizə soxulmaq cəhdindən məhrum etməsi Ermənistana daha bir geopolitik zərbədir.

Daha çox xəbərlər