Tariximizin İrəvan səhifəsi..
Zaman özü sübut etdi ki, İrəvanın ermənilərə güzəşt olunması haqqında qərarın qəbul edilməsi onun əsaslandırılması üçün gətirilən bütün dəlillərə baxmayaraq, siyasi cəhətdən tamamilə səhv addım idi
Saxtalaşdırma və özününküləşdirmə işində mahir olan bədnam qonşularımızın, erməni ideoloqlarının və onların havadarlarının uydurduqları yalanların gerçək mahiyyətinin açılması istiqamətində bir sıra ciddi qaynaqlar var ki, onların zaman-zaman ictimailəşdirilməsinə, Azərbaycan və xarici oxucu auditoriyasına çatdırmağa ciddi zərurət var. Prezident İlham Əliyev mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərində dəfələrlə erməni yalanlarını ortaya çıxarıb, tarixi faktlarla sübuta yetirib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Yəni, indiki Ermənistan Respublikası Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur, çünki bu, tarixdir. Hər bir azərbaycanlı üçün qədim Bakı, Gəncə, Bərdə, Şəki, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan şəhəri də bir o qədər əziz və doğmadır.
Tarixi faktlarda qeyd olunur ki, 1500-cü illərdə Şah İsmayıl Xətai öz hakimiyyəti dövründə ağıllı, müdrik vəzirlərindən olan Rəvanqulu xana qala tikdirməyi tapşırır və həmin vəzir də möhtəşəm bir qala inşa etdirərək ona öz adını verir: “Rəvan qalası”. Sonradan bu ifadə xalqın dilində “İrəvan qalası” kimi səslənir. Siz ermənilərin necə hiyləgər bir millət olduğuna fikir verin. Tarix sübut edir ki, 5 əsr əvvəl heç onların dövləti olmayıb. Ermənistan adlı dövlət 200 il öncə, daha dəqiq desək, 1813-1828-ci illərdə Rusiya və İran arasında bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələrinin nəticəsində Azərbaycan torpaqlarının bu iki imperiya arasında bölüşdürülməsi hesabına yaranıb. Birmənalı qeyd etmək lazımdır ki, imperialist qüvvələrin məqsədyönlü işğalçılıq siyasətinin yekunu olaraq Ermənistan adlı dövlət meydana gəlib.
1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından sonra şəhərin adı Erivan (Эривань) kimi yazılmış, daha sonralar, XX əsrdə tarixdə ilk dəfə erməni dövlətinin paytaxtına çevrildikdən sonra Yerevan adlandırılmışdır. İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin (çay, göl, bulaq və s.), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.), oykonimlərin (yaşayış məntəqələri, küçələr, məhəllələr və s.) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir. Urartuluların süqutundan ərəb xilafətinin bərqərar olmasınadək keçən təqribən 1200 il ərzində heç bir mənbədə bu yaşayış məntəqəsinin adı çəkilmir. Bunları bəzi obyektiv erməni tarixçiləri də etiraf edirlər. Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bircə dənə də olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı tipik müsəlman şəhəri kimi təsvir etmişlər.
Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Cənubi Qafqazın tarixi gerçəklərindən olan Azərbaycan ərazilərinin Ermənistana verilməsi məsələsini bir daha gündəmə gətirdi. Qeyd etdi ki, xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərib. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilib: “XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”.
Tariximizdə şanlı səhifələrin də, qara səhifələrin də olduğunu qeyd edən Prezident İlham Əliyev əlavə edib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır”.
Hazırda keçmiş İrəvan xanlığının (indiki Ermənistan Respublikası) ərazisində yaşayan ermənilərin sələflərinin, demək olar ki, hamısı vaxtilə İrandan və Türkiyədən, son dövrlərdə isə digər xarici ölkələrdən əsasən Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan köçüb gəlmə ermənilərdir. 1948-1950-ci illər deportasiyasından canını qurtarıb öz doğma yurd-yuvasını tərk etməyərək Ermənistan ərazisində qalan azərbaycanlılar isə 1988-ci ildə – Sovet İttifaqının dağılması ərəfəsində erməni silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qaldılar və tarixi torpaqlarından qovulub çıxarıldılar. Beləliklə, 1918-ci ildə Qərbi Azərbaycan torpağında keçmiş İrəvan xanlığının ərazisində özlərinə dövlət yaratmağa nail olan və burada etnik azlıq təşkil edən ermənilər bundan 70 il sonra – 1988-ci ildə Ermənistanı təketnoslu ölkəyə çevirdilər. Bununla 70 il əvvəl öz Vətənində – İrəvan xanlığı ərazisində ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş azərbaycanlılar minillərlə yaşadıqları vətənlərindən məhrum oldular! Beləliklə, bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi təqribən 2 əsr bundan əvvəl Azərbaycan torpağı, buranın aborigen əhalisi isə azərbaycanlılar olub. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı “Ermənistan Respublikası” adlanan ərazi isə Azərbaycan torpağıdır. Bu həqiqəti heç kim, heç nə dəyişə bilməz!

