Ramiq üçün Vətən hər şeydən üstün və əziz idi
Ramiq Təhsin oğlu Ağayev üçün Vətən hər şeydən üstün və əziz idi. Onun bir qarışını belə yada yurd olmağına qıymırdı. Odur ki, İkinci Qarabağ müharibəsi başlanan gündən Vətənin harayına səs verən qeyrətli oğulların sırasında birinci olur. Və müqəddəsliyinə tapındığı Vətəninə olan ilahi sevgisini müharibə meydanında canından keçməklə bildirir. Son nəfəsdə ” Təki Vətən yaşasın” deyən Ramiq xalqının, millətinin gözündə Vətən səmasının əbədi, parlaq günəşinə dönür. Dövlət tərəfindən ölümündən sonra verilən “Vətən uğrunda”, Füzulinin, Cəbrayılın azadlığına görə medalları ondan əzizlərinə yadigar qalır.
1992-cidə Astara rayonunu Səncərədi kəndində dünyaya göz açan Ramiq Ağayev hələ kənd orta məktəbində oxuduğu zaman öz ağıllı hərəkətlərinə, nəcib, humanist təbiətinə görə seçilirdi. Yaxşı oxumaqla idmana da həvəs göstərir. Rayonda məktəblilər arasında keçirilən idman yarışlarında, “Cəsurlar”, “Şahinlər” hərbi oyunlarında həmişə məktəbinə uğur qazandırıb. Vətəninə, xalqına fayda vermək onun həyat amalı olub. Düşmənə əsir düşən torpaqlarının azadlığını düşünən Ramiq tankçı olmaq istəyi ilə orta məktəbi başa vurur.
2010-cu ildə ordu sıralarına çağırılan Vətən sevdalısı Ramiq Ağayevin əsgərlik həyatı cəbhə bölgəsində keçir. Xidmət etdiyi müddət ərzində doğma Azərbaycana əsl oğul olduğunu sübut edə bilir. Əsgər yoldaşları həm də Vətəni necə sevməyi, doğma torpağı necə qorumağı ondan öyrənirlər. Azğınlaşan dığaların ilan başını əzmək üçün hərbidə qalır. Arzuladığı günü gözləməklə sürücü mexanik kimi Azərbaycan Silahlı Qüvvələrinin tərkibində hərbiçi ömrünü yaşayır. Aprel döyüşlərində idarə etdiyi tankla xüsusi igidlik göstərir. Onun kimi qəhrəmanların hünəri hesabına Lələ-təpədə qələbə bayrağımız dalğalanır. O vaxtdan tezliklə düşməndən qisas almaq, Vətən torpaqları nəyin bahasına olursa-olsun azad etmək fikri bir an belə onu rahat buraxmır.
İkinci Qarabağ müharibəsi başlanan kimi Ramiq öz tankı ilə ölüm-dirim savaşına qatılır. Düşmən istehkamlarını dağıdıb qələbəyə yol açır. Hansı kənd uğrunda döyüşə gedirsə, yalnız qalib olur. Həmişə də müharibənin ən qaynar nöqtələrinə can atır. Cəbrayılın işğaldan azad olmasında sona qədər vuruşur. Düşmən imkan tapıb paketlə onun tankını vura bilir.
Döyüş yoldaşları yanan tankdan Astara elinin qəhrəman oğlunu çətinliklə çıxarırlar. Vəziyyəti ağır olduğuna görə Bakıya göndərilir. Həkimlər onu 13 gün həyata qaytarmağa çalışsalar da, mümkün olmur. Ramiq Ağayevin Vətən eşqli ürəyi əbədi olaraq dayanır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

