Vətən üçün yaşanan ömür
Astara rayonunun Artupa kəndində boya-başa çatan Nadir Ağadadaş oğlu Xəlilov lap uşaqlıqdan Vətəninə, üstündə gəzdiyi, müqəddəsliyinə tapındığı torpağına ilahi bir sevgi ilə bağlanır. Odur ki, İkinci Qarabağ müharibəsi başlanan gündən əlinə silah alıb odun-alovun içinə atılan qeyrətli oğullardan məhz biri də Nadir olur. O, haqq savaşımızda yağı düşmənlə son nəfəsinədək döyüşüb ölməzliyə qovuşur. Beləcə ömrünün 36-cı ilində canını Vətəninə qurban verməklə onun əbədiyaşar nurlu sakininə dönür.
Nadir 2002-ci ildə ordu sıralarında müddətli həqiqi hərbi xidmətə başlayanda amalı yalnız düşmənə mübarizliklə qalib gəlib, 30 il əsir düşmüş torpaqları azad etmək olur. Və inanır ki, tezliklə arzusu reallaşar, Azərbaycan xalqı azad və firavan yaşayacaq.
Çox keçmir ki, Nadir nümunəvi əsgər kimi tanınır. Komandirlərin tapşırıqlarını vaxtında yerinə yetirir, təlimlərdə döyüş igidliyinə görə fərqlənir. Əsgərlik müddəti bitdikdən sonra hərbiçi olmağı, nifrət bəslədiyi düşməndən qisas almağı bildirir. Onu Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində hərbi təhsil almağa göndərirlər. Burada hərbin sirlərinə mükəmməl yiyələnir. Gizir rütbəsində tank komandir vəzifəsində çalışır, Vətən torpaqların azadlığı yolunda canından-qanından keçməyə hazır durur.
2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan haqq savaşımız zamanı gizir Nadir Xəlilovun qələbə sorağı ən qaynar nöqtələrdən eşidilir. Yağıdan təmizlənən hər qarış torpağı görən cəsur döyüşçünün qollarına yeni qüvvə gəlir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə isə sözün əsl mənasında erməni dığalarına od qoyur. Burada göstərdiyi şücaətin qorxusu düşməni məğlubiyyətə doğru aparır. Nadir cəmi dörd gün müharibə meydanında vuruşur . Sentyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olur. Bu az müddətdə göstərdiyi qəhrəmanlıq isə dillərdə dastana dönür…
Ömrünün 18 ilini hərbiyə həsr edən, doğulduğu kənddə əbədi məkan tutan, dövlət tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallara layiq görülən şəhid gizir bütün astaralılar üçün əzizdir. Həm də yarımçıq arzularını həyata keçirən Ağadadaş və Nihad adlı iki oğul övladı canından artıq sevdiyi Vətənə yadigar qalıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

