Gündəm 

Separatçıların son çırpınışları

Qarabağın mülki erməni əhalisi üçün üç deyil, iki seçimi var – Azərbaycanın vətəndaşlığını qəbul etmək və normal yaşamaq, yaxud torpaqlarımızdan birdəfəlik rədd olub getmək!

Dekabrın 25-də separatçı qurum Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndidə mitinq keçirib. Separatçı rejimin “həmrəylik və müqavimət” adlandırdığı aksiyada bir çox çağırışlar, tələblər olub. Erməni mənbələri “izdihamlı mitinq” adı verdikləri aksiyaya 70 min insanın gəldiyi məlumatını yayıb, rəqəmləri dəfələrlə şişirdiblər. “Faktyoxla.az” açıq meydanda toplaşan insan kütləsinin sayını hesablamaq üçün “Mapcheking” əlavəsinə Xankəndidəki “Dirçəliş” meydanında keçirilən aksiyanın konturlarını əlavə edib. Nəticədə 17581 nəfər göstərilib.

Sözügedən mitinqə əhalini cəlb etmək və “daydaylarının” gözünə girmək üçün Ruben Vardanyan sözün əsl mənasında dəridən- qabıqdan çıxıb.  Mitinqin izdihamlı olması üçün Qarabağdakı separatçı rejim rəhbərliyi xeyli səy göstərməli olub. Belə ki, maksimum kütləvilik yaratmaq üçün bütün “inzibati təşkilatlar”a tapşırıq verilib. “İnzibati strukturlar”da çalışanlara mitinqdə iştirakın məcburi olduğu, müəllimlər və həkimlərə iştirak etməyəcəyi təqdirdə, işdən qovulma ilə bağlı xəbərdarlıq edilib. “Ali məktəb” tələbələri aksiyaya qatılmayacaqları halda ciddi problemlərlə üzləşəcəkləri ilə bağlı xəbərdar olunublar.

Həmçinin ətraf kəndlərdən əhalinin Xankəndidəki meydana gətirilməsi üçün avtobuslar ayrılıb. Bununla yanaşı, mitinqə könüllü gəlmək istəyənlərə pulsuz yanacaq verilib. Mitinqə gələn hər bir kəsə 30-40 dollar verilib. Hadisə yerindən çəkiliş etmək üçün pulsuz internet paketləri paylanılıb. Əhali ilə aparılan danışıqların bir çoxunda sadə vətəndaşlar ailəlikcə mitinqdə iştiraka təhrik olunub. Hətta uşaqlar da aksiyaya cəlb edilib.  Qondarma rejim “rəhbərliyi” Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətdə olanlara belə komanda verərək bildirib ki, özləri mülki geyimdə ailə üzvləri ilə birlikdə mitinqdə iştirak etsinlər.

Aksiya bir daha göstərdi ki, “əsas təşkilatçı və sponsor” olan  Rusiyadan Xankəndiyə “ixrac edilən” erməni milyarder Ruben Vardanyan separatçıların başçısı Araik Arutyunyanı mövqeyindən sıxışdıraraq  onun yerini tutmağa çalışır. Rubenin əsas məqsədi əvvəlcə Qarabağda separatçıların rəhbəri olmaq, buradan da Ermənistana transfer niyyətini reallaşdırmaqdır.

Bütün bunlarla yanaşı, Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın işə yaramaması, onun son dövrlərdə daha çox Qərbə meyil etməsi Vardanyanın Qarabağda daha çox “populyarlaşdırılmasına” yol açıb. Vardanyan və ona yol göstərənlər 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində yaradılmış qondarma rejimin “ömrünü uzatmağa” çalışırlar. Hətta son dövrlərdə iki ölkə arasında gedən sülh danışıqları prosesində yeni manipulyasiyalara əl atılır – qondarma qurumun “tərəf” kimi Azərbaycanla danışıqlar aparması istiqamətində səylər göstərilir. Məqsəd ermənilərin Azərbaycanın daxilində hansısa statusla yaşamasını təmin etməkdir ki, Azərbaycanın məsələdəki mövqeyi qətidir: Bu, olmayacaq!

Külli miqdarda vəsait, günlərlə vaxt, hədə-qorxu və təhdidlə Xankəndinin mərkəzinə erməniləri toplayıb mitinq keçirən, Rusiyadan Qarabağa xüsusi missiya ilə “ezam edilmiş” milyarder  Ruben Vardanyan aksiyadakı çıxışı zamanı bildirib ki, yerli erməni əhalisinin qarşısında üç seçim var: ““Birincisi – Azərbaycana inteqrasiya olunuruq, ikincisi, burdan köçüb gedirik, üçüncüsü, savaşırıq. Mən 2 sentyabrda qərar vermişəm ki, Azərbaycana tabe olmayacam, burdan getməyəcəm, mübarizə aparacam. Hər şeyimi müstəqilliyə qurban verəcəm. Möcüzə gözləməyin, möcüzə olmayacaq, qarşıda bizi olduqca çətin yol gözləyir”.

Bu, Bakıya qarşı açıq müharibə elan etməkdir. Mövcud şərtlərdə separatçılara da, Ermənistan da daxil olmaqla üçüncü tərəflərə də veriləcək cavab Laçın yolunda aksiyanın davamlılığı və nəzarətin müəyyən qədər artırılması ola bilər. Axı azərbaycanlı ekoloqların dinc aksiyası Vardanyan-Arutyunyan duetinin bütün planlarını sözün əsl mənasında alt-üst etdi: onlar əmin idilər ki, Xankəndi-Laçın yolundakı piketdən imtina olunacaq, fəallar və Azərbaycan QHT nümayəndələri piketləri dayandırıb, oranı tərk edəcəklər. Amma yox, piket davam edir və ekoloji fəallar hələ də Rusiya sülhməramlı kontingentinin  məsuliyyət zonasında ermənilər tərəfindən Azərbaycanın təbii sərvətlərinin vəhşicəsinə talanmasına son qoyulmasını tələb edirlər.

Bu isə görünür, Qarabağa varlanmaqla yanaşı təxribatçı məqsədlərlə, mülki erməni əhalidə yenidən müharibə eyforiyası yaratmaq, vəziyyəti gərginləşdirmək məqsədilə gəlmiş Vardanyanın planlarını pozub. Onun şovinist və revanşist davranışı da bununla bağlıdır. Dinc sakinləri qorxu və təzyiq altında girov saxlamağa çalışan Vardanyan əsl simasını, daha dəqiqi simasızlığını Xankəndi mitinqində də gizlətmədi..

Göründüyü kimi, erməni iş adamının çirkin əməllərini və Qarabağa nə üçün gəldiyini hamı çox gözəl bilir. Onu buraya göndərənlər Azərbaycanın prosesdəki üstünlüyünə kölgə salmaq, danışıqları bu yolla uzatmaq niyyətindədirlər. Amma bunu düşünənlər unutmamalıdırlar ki, Qarabağa kimin gəlməsindən, yaxud göndərilməsindən asılı olmayaraq heç nə dəyişmir. Azərbaycanın ərazisində müvəqqəti yerləşən rus sülhməramlılarının arxasında gizlənərək, təbii sərvətlərimizi xaricə daşıyan erməni iş dəllalı unudur ki, 44 günlük müharibədə Ermənistanı darmadağın edən Azərbaycan qanunauyğun tədbirlər görməyə  hər zaman hazırdır.

Daha çox xəbərlər