Cəmiyyət 

Öz gözündə tiri görmür…

Beləsinə nə ad verəsən?

Fransa Cənubi Qafqaza və Qarabağa müdaxilə etmək üçün yeni vasitələrə əl atır. Bunun üçün rəsmi Paris addımbaşı ölkəmizə qarşı təxribat xarakterli siyasəti və müxtəlif təzyiq  cəhdləri ilə yadda qalır. Bu yaxınlarda bu Fransa Prezidenti Emmanuel Makron beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi üçün çağırış edib. Korsikada baş verənləri görməzliyə vuraraq öz vətəndaşlarının deyil, Qarabağda  “zavallı erməni” separatçılarının qayğısına qalması Makronun ermənipərəstliyinin bariz nümunəsidir.

Fransa uzun illər ATƏT-in artıq dəfn edilmiş Minsk qrupunun həmsədrlərindən biri kimi keçmiş Ermənistan-Azərbaycan münaqişəsində ermənipərəst mövqeyini hər nə qədər gizlətməyə və pərdələməyə çalışsa da 44 günlük Vətən müharibəsində və sonrakı vaxtlarda əsl siması üzə çıxdı. Məhz həm də Fransanın  günahı ucbatından bu münaqişənin sülh yolu ilə həlli dalana dirəndi və nizamlama prosesi pozuldu. Fransanın Xankəndi-Şuşa yolunda ekoaktivistlərin dinc aksiyasına potensial imkan kimi baxaraq sərgilədiyi “humanitar böhran” şousu da növbəti həmlədir.  Qarabağın ermənilər yaşayan hissəsində heç bir humanitar problemin olmadığını bilə-bilə yenə yalanlar uyduraraq Bakıya təzyiq vasitəsi ilə nəyisə əldə etmək, hansısa güzəştlərə nail olmaq absurddur.

Aydın məsələdir ki, Qarabağda yaşayan ermənilərin heç bir humanitar problemi yoxdur. Məsələ isə çox sadədir. Azərbaycan ekoloqları tələb edirlər ki, Qarabağ ərazisində olan yeraltı sərvətlər Azərbaycan qanunları çərçivəsində istifadə olunmalıdır. Heç kəs kənardan gəlib bu təbii sərvətləri qeyri-qanuni istismar edə bilməz. Bu tələblərin heç biri Qarabağ ərazisində yaşayan ermənilərin hər hansı humanitar problemlərlə rastlaşmasına səbəb ola bilməz. Azərbaycan tərəfi dəfələrlə açıq-aydın bəyan edib ki, ermənilər Laçın-Xankəndi yolundan istifadə edə, lazım olan zaman humanitar yüklərlə gəlib oradan keçə bilərlər. Amma oraya başqa dövlətlərin vətəndaşlarının müxtəlif təxribat xarakterli məqsədlər üçün gəlib keçməsinin qarşısı alınacaq, hər hansı bir silah-sursatın, minaların gəlib keçməsinə imkan yaradılmayacaq. Bu yol ancaq humanitar məqsədlər üçün istifadə ediləcək. Bunun sübutu kimi humanitar yüklərin keçirilməsinə şərait yaradıldığını dəfələrlə görmüşük. Azərbaycanın ermənilərin yaşadıqları ərazilərində humanitar böhranla bağlı iddialar reallıqdan uzaqdır. Əgər Xankəndi ərazisində yaşayan erməni əsilli vətəndaşlarımız hər hansı bir humanitar çətinliklə üzləşərsə, Azərbaycan öz vətəndaşlarının problemlərini həll etməyə qadirdir və bunu dəfələrlə bəyan edib.

Qeyd edək ki, bu cür yanaşma,  BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı müddəalarından sui-istifadədir. Hər hansı bir ölkənin ərazisinə humanitar missiya, yalnız o ölkənin razılığı əsasında göndərilə bilər. Azərbaycan buna razılıq verməyib və belə bir niyyəti də yoxdur.

Onu da diqqətə çatdıraq ki,  Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidə ofisi var, bu təşkilatla əməkdaşlıq mövcuddur. Hər hansı bir çətinlik yaranarsa, Qırmızı Xaç Komitəsinin vasitəsilə həllini tapa bilər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarının və bu maşınların müşayiəti ilə təcili tibbi yardım avtomobillərinin, Laçın – Xankəndi yolunun hazırda aksiya keçirilən hissəsindən maneəsiz hərəkəti tam təmin edilib. Bu, bir daha göstərir ki, Xankəndidə heç bir humanitar böhran yaşanmır.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, bu gün özünü haqqın, ədalətin, insan hüquq və azadlıqlarınn müdafiəçisi kimi təqdim edən Fransa, necə deyərlər, öz gözündə tiri qoyub, başqasının gözündə tük axtarmaqla məşğuldur. Fransanın keçmişinə bir anlıq nəzər yetirdikdə, bu ölkənin müxtəlif  dövrlərdə törətdiyi vəhşiliklərin, amansız qətliamların bəşəri cinayətlər olduğunu görməmək mümkün deyil.  İnsanlara əzab-əziyyət vermək, demokratik normaları kobud şəkildə pozmaq  sanki Fransanın əsas vəzifələrindən birinə çevrilib. Bu ölkənin Korsika bölgəsində baş verən haqsızlıqlar da bunu təsdiqləyir. Korsikada demokratik normaların pozulduğu artıq dünya ictimaiyyətinə də bəllidir.

Bu gün Qarabağdakı “zavallı ermənilərin” qayğısına qalan Fransa  işğal altında saxladığı Korsika vətəndaşlarını da düşünsün. Korsikalılara siyasi fəaliyyət və ölkə parlamentində təmsil olunmaq  hüququ verəcəyini vəd edən rəsmi Paris 22 ildir ki, bu vədi yerinə yetirməyib. Əksinə, korsikalıların vətəndaşlığını təsdiq edən sənədlərində  milliyyətlərini məcburi şəkildə “fransız” yazdırırlar.  Qanuni haqlarını tələb edən korsikalılar  isə dərhal həbs olunur və ya təqiblərlə üzləşirlər. Fransa Prezidenti Azərbaycanın daxili işlərinə qarışmaqdansa və Qarabağda yaşayan ermənilərə “atalıq qayğısı” göstərməkdənsə, beynəlxalq aləmin də diqqət mərkəzində olan  Korsikadakı repressiya siyasətinə son qoysa, daha yaxşı olar. Eləcə də ölkəmizə qarşı qərəzli mövqedə olan beynəlxalq təşkilatlar üzlərini Korsika adasına çevirib Fransanın buradakı bəşəri cinayətlərini görsünlər.

Fransa bilməli və heç zaman unutmamalıdır ki, Azərbaycan güclü  dövlət kimi regionda əsas söz sahibidir. Bu cür təxribatlar, müxtəlif təzyiq üsulları ilə Azərbaycanın ədalətli mövqeyinə, haqq işinə  kölgə salmaq mümkün deyil. Necə ki, bu, indiyə qədər mümkün olmayıb və olmayacaq da. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur, daim mehriban qonşuluq prinsiplərinə üstünlük verib, hətta özü uzun illər işğalla üzləşib, təcavüzkarlara qarşı mübarizə aparıb. Bu gün Azərbaycanın əsl məqsədi regionda davamlı sülh və sabitliyə nail olmaqdır.

Daha çox xəbərlər