Cəmiyyət 

Son sözü Vətən oldu

İkinci Qarabağ müharibəsində  minlərlə qəhrəman oğullarımız kimi, Ramin Muxtar oğlu Əliyev də  30 il mənfur düşmənə əsir düşən Vətən torpaqlarının azadlığı uğrunda mübarizə meydanına atılır.  Ömrünün 43-cü ilində  əbədiyyətin ən uca, əlçatmaz  zirvəsinə ucalır. Və  bu şərəfli ölümü ilə təkcə doğulub boya-başa çatdığı Astara  rayonun Maşxan kəndində yox, canından artıq sevdiyi bütün Azərbaycanda ad qoyur.  Millətinə başucalığı gətirən igidin haqq savaşımızda göstərdiyi şücaəti dövlət tərəfində isə ölümündən sonra “Vətən  uğrunda” və digər medallara layiq görülür.

Ramin Əliyev çağırış yaşına çatanda artıq erməni dığaları əzəli, əbədi yurd yerimiz olan Qarabağı  işğal etmişdi.  Odur ki,1995-ci ildə Milli Ordu  sıralarına yola düşəndə yeganə arzusu anında yağı düşmənlə son damla qanına qədər vuruşub əsir torpaqların, şəhid Vətən övladların qisasını alacağı olur.

Əyninə əsgər paltarı geyinən Ramin qeyrətini hər şeydən üstün tutduğu, müqəddəsliyinə tapındığı doğma Azərbaycanın  keşiyində o zamanın ən qaynar nöqtəsində dayanır.  Qısa müddətdə hərbi hissədə  nümunəvi xidməti, təlim məşqlərində döyüş bacarığı  ona hörmət qazandırır.  Ən əsası  cəsurluğu,  çevikliyi, Vətəninə, xalqına sonsuz sevgisi komandirlərin diqqətindən yayınmır, onu Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinə oxumağa göndərirlər. Burada hərb elminin sirlərinə daha da yaxında bələd olan  Ramin baş çavuş rütbəsində Vətənə  oğulluq borcunu davam edir.

Vətən müharibəsi  başlanan günü  tank əleyhinə bölüyünün komandiri, baş çavuş Ramin düşmən üzərinə qartaq kimi şığıyır. Ermənilər ciddi itkilər verə-verə qaçmağa üz qoyurlar. Beləcə müharibə meydanında  bacarıqlı, qəhrəman döyüşçü dığaların kabusuna çevrilir.

Vətənin qartal balası Murovdağ istiqamətində  gedən döyüşdə sözün əsl mənasında rəşadət göstərir.  Bu son döyüşü olsa da, düşməndən istədiyi qisası ala bilir. Sinəsini qəfil atılan gülləyə  sipər edən Ramin “Vətən”-  deyib əbədi gözlərini yuyur. Və bu şərəfli ölüm Ramini böyük, əzəmətli bir millətin baş tacına döndərir…

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər