Cəmiyyət 

Biz birlikdə güclüyük!

Xankəndi-Laçın yolunda haqlı tələblərimiz nəzərə alınanadək aksiya davam etdiriləcək

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, ekofəalların və könüllülərin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada etiraz aksiyası uğurla davam etdirilir.

Ötən müddətdə bir sıra aparıcı xarici mətbu orqanlar təəssüf ki, yenə də qərəzli mövqe nümayiş etdirərək Azərbaycanı əsassız ittiham etdilər. Bu saxta ittihamlar zamanı hətta adı Brüsseldəki korrupsiya araşdırmalarında hallanan şəxslərə belə istinad etməkdən çəkinməyən xarici mətbu orqanları da az olmadı. Amma Azərbaycan ekofəalların və könüllülərin məqsədi humanitar yüklərin hərəkətinə maneə olmaq deyil, ekoloji məsələlərə diqqəti yönəltməkdir. Son videogörüntülər də sübut edir ki, humanitar yük daşıyan avtomobillər Laçın yolunda maneəsiz hərəkət edə bilirlər.

Əslində, ətraf mühitin qorunması ilə bağlı etiraz beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur. Nəzərə almaq lazımdır ki, Ağdərə rayonunda yerləşən “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqları Azərbaycanın ən böyük təbii ehtiyatlar ilə zəngin yataqlarından hesab olunur. Ehtiyatları 17,5 ton həcmində qiymətləndirilən “Qızılbulaq” qızıl yatağının işlənməsi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti ölkə qanunvericiliyi çərçivəsində həyata keçirə bilər. “Base Metals” MMC adlı erməni şirkəti 2013-cü ildən 2020-ci ilədək həmin yataqların mis-qızıl ehtiyatlarını talayıb. Həmin müddətdə mədəndə hər ay 12 min ton filiz çıxarılıb və saflaşdırma kombinatında emal edilib. Konsentrat Ermənistana aparılıb, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb. Bu şirkət Avstraliyanın “İnternational Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. Yataqların mənimsənilməsi nəticəsində Azərbaycana dəyən ziyan yüz milyon dollarla ifadə olunur.

Bu hadisənin ən ciddi tərəfi məhz Azərbaycanda milli həmrəylik və vətənpərvərliyin kifayət qədər yüksək olması və xalqımızın xarici təhdidlərə hər zaman birgə cavab vermək əzmində olduğunu bir daha nümayiş etdirməsidir. Birliyimiz heç zaman sarsılmasın.

Aksiyanın sivil gedişatından da görünür ki, iştirakçılar humanizm prinsiplərinə tamamilə əməl edir, dinc erməni əhaliyə heç bir problem yaratmırlar. Ermənilərin Laçın yolunun bağlanması ilə guya Qarabağdakı mülki şəxslərin, xüsusilə də xəstələrin ərazidən çıxa bilməmələrinə dair iddiaları əsassızdır. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bildirib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiyanın sülhməramlı kontingenti tərəfindən bağlanıb. Sülhməramlıların bu cür davranışı, aksiya iştirakçılarının tələblərini təmin etməmələri isə sadəcə süni gərginlik yaradır. Fəallar isə israrlıdır, haqlı tələblərimiz nəzərə alınanadək aksiya davam etdiriləcək.

Daha çox xəbərlər