Gözlər qəlbin aynasıdır
Gözdən Əlillər Cəmiyyətinin XVIII qurultayında növbəti dövr üçün hədəflər müəyyənləşdirilib
Dekabrın 29-da “Sahil Baku” hotelinin konfrans zalında Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AzGƏC) XVIII qurultayı keçirildi.
Milli Məclisin deputatlarının, dövlət qurumlarının nümayəndələrinin, ictimai birliklərin rəhbərlərinin və Gözdən Əlillər Cəmiyyətinin üzvlərinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi yad edildi.
Qurultayda AzGƏC-in 5 illik hesabat dövrünü əhatə edən ümumi fəaliyyətin və növbəti beş ilə olan tədbirlər planının ümumi müzakirəsi aparıldı.
AzGƏC-in prezidenti Səmyar Abdullayev qurultayda rəhbərlik etdiyi Cəmiyyətin 2017-2022-ci illəri əhatə edən ümumi fəaliyyəti və maliyyə hesabatı ilə bağlı geniş məruzə ilə çıxış etdi.
Son beş il ərzində 400-dən çox gözdən əlilliyi olan şəxsin ailələrinin mənzillə təmin edildiyini bildirən S.Abdullayev həssas təbəqəyə məxsus olanların sosial adaptasiya, məşğulluq, problemlərinin həlli və sosial rifahının yaxşılaşdırılması sahəsində həlli vacib məsələlərdən bəhs edərək bu sahədə qarşıda duran vəzifələri göstərdi.
Konfransda Milli Məclisin deputatları Fazil Mustafa, Vüqar İskəndərov, Elman Nəsirov, ictimai birliklərin rəhbərləri və Gözdən Əlillər Cəmiyyətinin üzvləri çıxış edərək AzGƏC-in fəaliyyəti ilə bağlı fikir və təkliflərini səsləndirdilər, təşkilata gələcək fəaliyyətində uğurlar arzuladılar.
Qurultayda Cəmiyyətin yeni İdarə Heyəti və Məclis üzvləri müəyyənləşdirildi. Səmyar Abdullayev yenidən AzGƏC-in prezidenti seçildi.
AzGƏC-in şəxsi təşəbbüsü və Azərbaycan Respublikası Gənc Tamaşaçılar Teatrının aktrisasının ideya müəllifliyi ilə 44 günlük Vətən müharibəsi dövründə gözdən əlil olmuş qazilərin həyat və döyüş yolunu əhatə edən qısametrajlı filmin nümayişi ilə qurultaya yekun vuruldu.





