Milli həmrəyliyimiz sarsılmaz, birliyimiz əbədidir!
Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən milli həmrəylik günü birlik, Azərbaycana məhəbbət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdu.
Ulu Öndər Heydər Əliyevin milli həmrəylik sahəsində xidmətlərini uğurla davam etdirən Prezident İlham Əliyevin effektiv siyasəti nəticəsində isə xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində, eləcə də ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli addımlar atıldı. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.
Bu gün dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər.
Milli həmrəyliyimiz sarsılmaz, birliyimiz əbədidir!

