Cəmiyyət 

Bayat yeməklər insan orqanizmində fəsadlar yarada bilər- Mütəxəssis

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Ülviyyə Cəlilova “Bayat yeməklər insan orqanizmində fəsadlar yarada bilər” adlı məqalə hazırlayıb.

ARANTV.AZ  xəbər verir ki, məqalədə hər kəsin bayram süfrəsini zəngin və təmtəraqlı etməyə çalışdığı, çeşid-çeşid yeməklər, növbənöv salatlar, şirniyyatlar hazırladığı qeyd olunub: “Bayram vaxtı istehlak edilməyən yeməklər isə bəzən israf olunmaması üçün sonrakı günlərə saxlanılır. Lakin mütəxəssislər hesab edirlər ki, dəfələrlə qızdırılıb bayat şəkildə istehlak olunan yeməklər orqanizmdə bir sıra fəsadlara yol aça bilər. Belə ki, düzgün şəraitdə saxlanılsa da, termiki emal olunmuş qidaların tərkibindəki bitki və ya heyvan mənşəli qida maddələrinin parçalanma prosesi başlayır. Nəticədə isə əvvəlcədən toksiki olmayan maddələr zəhərli maddələrə çevrilir”.

Məqalədə həmçinin vurğulanıb ki, əvvəlki gündən qalmış yeməklərdən istifadə istehlakçılar üçün çox vaxt əlverişli ola bilər: “Ancaq unutmayaq ki, bəzi yeməklər yenidən qızdırıldıqda insan sağlamlığı üçün təhlükəli olur. Xüsusilə də saxlanma şəraiti düzgün olmayanda yemək qalıqları bir çox mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitə çevrilir. Belə ki, soyuducuya yerləşdirilməmişdən əvvəl bişirilmiş yeməklər otaq istiliyinə qədər soyudulmalıdır. İsti halda soyuducuya qoyulmuş qidalar rütubətin artmasına səbəb olduğundan onların tərkibində zərərli bakteriyaların çoxalması sürətlənir. Təzə bişmiş yeməklərdən fərqli olaraq, soyuducudan çıxmış yeməyi qızdırdığımız zaman dadında hiss etdiyimiz dəyişikliyin səbəbi məhz elə bu mikroorqanizmlərdir. Bundan başqa, qidalar soyuducuda çarpaz çirklənməyə də məruz qala bilir. Bəzi qidalar nə qədər çox saxlansa, tərkibində mövcud olan allergen xüsusiyyətli histaminin miqdarı bir o qədər artmış olur. Tərkibində histamin çox olan qidaların istehlakı isə başağrısı, nəfəsalma və həzm sistemi problemləri, eləcə də qaşıntı kimi simptomların əmələ gəlməsinə yol açır. Ona görə də bayat olmaması üçün yeməkləri mütləq qədərində hazırlamaq lazımdır. Həmçinin bişirilmə tarixini bilmədiyimiz yeməkləri yeməməliyik. Çünki bəzi yeməklər daha tez xarab olur. Məsələn, bir müddət saxlandıqda keyfiyyəti dəyişən qidalar arasında yumurta istifadə edilərək hazırlanan məhsullar (mayonez və s.) var”.

Mütəxəssisin sözlərinə görə, el arasında bayat plovun daha dadlı olması ilə bağlı belə bir fikir də var. Lakin bayat plovun yenidən isidilərək istehlak edilməsi də sağlamlığımız üçün təhlükə yarada bilər: “Belə ki, düyü bişirildikdə belə onun tərkibindəki Bacillus cereus bakteriyalarının sağqalma ehtimalı yüksək olur. Plov düzgün bişirilmədikdə və ya saxlanmadıqda bu bakteriyanın inkişafına əlverişli şərait yaranmış olur. İnkişaf edən bakteriyalar tərəfindən sintez olunan toksinlər nəticədə qida mənşəli xəstəliklərə, hətta qida zəhərlənməsinə belə yol açır. Yeri gəlmişkən, əksər hallarda qoxulamaq və ya dadmaqla yeməklərin xarab olub-olmadığını müəyyənləşdirməyə çalışırıq. Lakin qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar qidanın qoxusunu və dadını korlamadan belə çoxala bilir. Dəniz məhsulları, süd və süd məhsulları, tortlar və şirniyyatlar da qida zəhərlənməsinə səbəb olan mikroorqanizmlər və onların toksinlərinin daşıyıcısı sayılır. Ona görə də, bu tip qidaların istehlakı zamanı daha diqqətli olmaq lazımdır”.

Daha çox xəbərlər