Gündəm 

Qüdrətli Türkiyə dövrü başlayıb

Qardaş ölkənin hərbi-iqtisadi sahədə dünya liderinə çevrilməsi Azərbaycana qlobal manevr imkanları yaradıb

Türkiyənin son 10 ildəki hərbi- müdafiə sənayesindəki inqilabi addımları qardaş ölkəni nəinki bölgənin, hətta dünyanın söz sahibinə çevirib. Belə ki, xeyli dünya dövlətləri hazırda Türkiyə istehsalı olan İHA və SİHA-ların idxalına üstünlük veririlər. Xüsusilə onların ardınca ən müasir «Akıncı» və «Kızıl Elma» F-35 pilotsuz qırıcı təyyarə dünyanın əsas diqqət mərkəzindədir. Bunlar radarlardan yayınmağı bacaran və istənilən hədəfi vuran ən mükəmməl hava hücum sistemləridir.

Bundan başqa, qardaş Türkiyə ilk dəfə təyyarə daşıyan gəminin istehsalını başa çatdırmaq üzrədir. Hərbi Dəniz Qüvvələrinin flaqmanı olacaq «TCG Anadolu» gəmisi Amfibiya Hücum Gəmisi kateqoriyasına daxildir. Gəmi 30 ədəd helikopter və PUA daşıya bilir. Bir tabor ilə lazımi hərbi -dəstək vasitələrini əsas bazanın dəstəyi olmadan böhran bölgələrinə daşıya bilən bu gəmi bütün dənizlərdə üzə biləcək. Eyni zamanda, 2023-cü ilin yanvarın 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uçuş hədəfi 1000 kilometrə çatdırılan orta mənzilli «Tayfun» raketlərinin artıq hazır olduğunu bəyan edərək qonşu Yunanıstanı təxribatlardan çəkinməyə çağırdı.

Təbii ki, yalnız hərbi sənayedə deyil, iqtisadi sahədə də Türkiyə ciddi irəliləyişlər əldə edib. 2022- ci ildə Türkiyə turizmdən 42 milyard dollardan çox pul qazanıb. Ötən il ilk dəfə olaraq dünyanın diqqətini çəkən və elektriklə işləyən TOGG avtomobili də ölkənin iqtisadi gücünə güc qatacaq. Həm də qardaş ölkə bu uğurları anti-Türkiyə qüvvələrinin ciddi şəkildə dəstəklədiyi terrorla mübarizədə qazanır.

Ən önəmli məsələrdən biri isə tezliklə Türkiyədə Atom Elektrik Stansiyasının işə düşməsi, Qara dənizdən tapılan enerji resurslarını ölkədaxili sistemə birləşdirilməsi olacaqdır. Bu isə Qərb ölkələrinin, əsasən ABŞ və bəzi Avropa İttifaqı dövlətlərinin öz kapitallarını Türkiyədən çıxarmaqla onun iqtisadiyyatına sarsıdıcı zərbə vurmaq planlarını boşa çıxarıb. Eyni zamanda, indi Türkiyə lideri ərəb ölkələrinin sərmayədarlarına geniş meydan verməklə bərabər, əsas Asiya ölkələri – Yaponiya, Cənubi Koreya, Sinqapur və Malayziya ilə də maliyyə-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün intensiv danışıqlar aparır. Bu isə Qərbin anti-Türkiyə hərəkətlərinə qarşı vaxtında atılmış adekvat iqtisadi addımlardır.

Bu gün Rusiyanın da Türkiyəyə marağı artır. Moskvanın növbəti prezident seçkilərində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə qalmasında maraqlı olduğu açıq şəkildə görünür. Son məlumatlara görə, Prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyəyə 25 milyard dollardan çox Rusiya kapitalı cəlb olunub. Kreml Ərdoğan hakimiyyəti ilə Türkiyədə təbii qaz habının yaradılması da daxil olmaqla, bir çox istiqamətlər üzrə layihələrin işlənməsində maraqlı olduğunu qətiyyən gizlətmir. Bu isə əlavə sərmayə axını yaradacaq digər faktdır.

Bəli, artıq qüdrətli Türkiyə dövrü başlayıb. Bundan daha çox narahat olan isə qatı antiTürkiyə fəaliyyətində daha çox canfəşanlıq edən Fransadır. Bu ölkə qardaş Türkiyəyə birbaşa müdaxilə edə bilmədiyindən Yunanıstanı Türkiyəyə qarşı gücləndirməyə çalışır. Məqsəd bu qonşu dövlətlər arasında mövcud olan hərbi-siyasi gərginliyi silahlı münaqişə halına gətirməkdir. Bir sözlə, Fransa Türkiyənin beynəlxalq məkanda supergücə çevrilməsini qəbul edə bilmir. Ona görə ki, Türkiyənin siyasi iradəsi olan yerlərdə Fransa gücsüz və carəsiz vəziyyətə düşür.

Qardaş Türkiyənin digər önəmli rolu isə həm Rusiya, həm də Ukrayna ilə eyni vaxtda siyasi dialoq imkanlarını qoruyub saxlamasıdır. Məhz onun vasitəçiliyi ilə hazırda fəaliyyət göstərən «taxıl dəhlizi»nə görə bütün dünya Türkiyəyə minnətdardır.

İndi Qərbin qarşısında duran əsas hədəf Türkiyəni belə yüksək inkişaf səviyyəsinə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan hakimiyyətini növbəti seçkilərdə dəyişdirməkdir. Ancaq həm türk xalqı, həm də bütün türkdilli ölkələr cənab Ərdoğanın arxasındadır. Bu cərgədə isə Azərbaycan xalqı ön sıradadır. Ona görə ki, qardaş Türkiyənin güclənməsi həm də Azərbaycanın güclənməsi deməkdir. Çünki bizim dostlarımız da, düşmənlərimiz də, hətta qlobal inkişaf hələflərimiz də eynidir. Yəni, qardaş Türkiyənin hərbi-iqtisadi sahədə dünya liderinə çevrilməsi Azərbaycana qlobal manevr imkanları yaradan mühüm faktordur.

Daha çox xəbərlər