Əsas səhifə 

Yeni ilə yeni qələbə ilə…

Azərbaycanın Fransanı elə öz meydanında diplomatik məğlubiyyətə uğratması bütün ermənipərəstlərə gözdağı olmalıdır

Yola saldığımız 2022-ci ilin sonları Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və ermənipərəst Fransanın isə rüsvayçı məğlubiyyəti ilə yadda qaldı. Hər iki düşmən ölkənin birləşərək Qarabağdakı milli sərvətlərimizin erməni quldurları tərəfindən talanmasına, ekologiyamıza qarşı törədilən barbarlıq aktlarına etiraz məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin, ekofəalların, eləcə də könüllülərin iştirakı ilə Laçın yolunda keçirilən aksiyaları BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinə “yolun bağlanması”, “humanitar böhran” kimi sırımaq, dünya ictimaiyyətini aldatmaq cəhdləri yenə də uğursuzluqla yekunlaşdı. TŞ-də dekabrın 20-21-dən başlanan müzakirələrdə nəticə əldə edə bilməyən Fransa-Ermənistan cütlüyü öz məkrli niyyətlərindən əl çəkmək istəmədilər.

Bu dəfə Fransa BMT TŞ-nın daimi üzvü və hazırda sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst bəyanat layihəsinin mətnini müzakirələrə təqdim etdi. Layihəyə münasibət birmənalı olmadığından nəticə əldə etmək üçün prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı. Fransa rəhbərliyi düşünürdü ki, bu bəyanatı qəbul etdirəcək və daha sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Həmin günlərdə Ermənistanın nümayəndəsi Armen Qriqoryan da TŞ-də qətnamə qəbul edilməsinin Ermənistanın əsas məqsədlərindən olduğunu nümayiş etdirirdi. Ancaq fransız-erməni cütlüyünün bu addımları həm Ermənistanın digər strateji müttəfiqi Rusiyaya xəyanət, həm də ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi. Proses nə qədər canfəşanlıq etsə də, bütün resurslarını işə salsa da bir bəyanatı qəbul etdirə bilməyən Fransa üçün, sözün əsl mənasında, böyük rüsvayçılıqla nəticələndi.

Belə ki, əvvəla bəyanatın mətni fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı, mətnə “humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər”, “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi.

Rəsmi Bakı Böyük Britaniya, BƏƏ, Rusiya, Albaniya və digər tərəfdaşlarının köməyi ilə mətni o qədər yumşalda bildi ki, 6-7 redaksiya dəyişikliyindən sonra bəyanat artıq Azərbaycanın əleyhinə deyil, lehinə olan bir sənədə çevrildi. Bundan sonra öz meydanında məğlub olduğunu anlayan Fransa sənəddən rəsmən imtina etməli oldu. Üstəlik, bəyanatın müzakirələri dövründə beynəlxalq ictimaiyyət, BMT TŞ-nın daimi və qeyri-daimi üzvləri Fransanın necə ədalətsiz, qərəzli və riyakar olduğunu gördülər və bunu açıq etiraf etdilər. Azərbaycanın növbəti diplomatik qələbəsini şərtləndirən amillərdən biri də məhz bu oldu.

Qeyd edək ki, bu, həm Fransanın, həm də Ermənistanın Azərbaycana sözügedən nüfuzlu platformada üçüncü biabırçı məğlubiyyəti oldu. Bir şey də dəqiq bəlli oldu ki, Azərbaycanın bu qədər güclənərək bölgənin ən qüdrətli dövlətinə çevrilməsi, dünyada nüfuzunun artması içində erməni sevgisi bəsləyənlərin, həmçinin də Fransanın riyakar planlarının üstündən çoxdan xətt çəkib.

Xatırladaq ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Məlum olduğu kimi, həmin bəndin

TŞ-nın gündəliyinə daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Fransa-Ermənistan cütlüyünün məqsədi sentyabr hadisələri ilə bağlı BMT TŞ-da Azərbaycan əleyhinə hər hansı sənəd qəbul etdirmək idi, lakin buna nail ola bilmədilər. Yeri gəlmişkən, Azərbaycanın öz suveren ərazilərini işğaldan azad etdiyi 44 günlük müharibə vaxtı da Ermənistanın müraciəti, Fransanın dəstəyi ilə uğursuzluqla nəticələnən oxşar cəhdlər olmuşdu.

Görünür, bu kimi fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa başa düşmür ki, əksinə, hər belə addımı ilə regiondan özü-özünü daha da təcrid edir. Azərbaycan xalqı qarşısında pis və gülünc vəziyyətə düşür. Məhz bu mövqeyinə görə Azərbaycan da artıq qəti qərarını verib: Prezident İlham Əliyev 2022-ci il noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda qeyd etmişdi ki, Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz: “Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub.”

Azərbaycan dostları ilə birgə qətiyyətli, uzaqgörən lider, mahir siyasi xadim kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində 2023-cü il ərəfəsində qazandığı və Azərbaycan xalqına hədiyyəsi olan bu parlaq qələbəni qeyd edərkən Fransa Prezidenti Makron öz erməni “bacı”ları ilə məğlubiyyətin acısını yaşayır, bu ölkənin Prezident Administrasiyasının xarici siyasət şöbəsi isterika halındadır. Hətta Fransanın BMT yanında Daimi nümayəndəsi və onun müavininin bu rüsvayçılığa görə geri çağırılacağı haqqında da məlumatlar yayılır. Çünki Azərbaycan bütün dünyanın gözləri qarşısında bu ermənipərəst Avropa ölkəsini neytral meydanda deyil, məhz öz meydanında məğlub etdi. Fransa diplomatiyası indi az qala matəm içərisindədir.

Bu parlaq qələbə Prezident İlham Əliyevin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu növbəti dəfə əyani nümayiş etdirir. Bu qələbə həm Azərbaycanın gündən-günə artan qüdrətini, siyasi nüfuzunu da bir daha göstərmiş oldu. Hər kəs başa düşdü ki, Azərbaycan öz maraqları naminə və haqlı mövqeyi uğrunda qarşısında duranlarla sona qədər, qələbə qazanana kimi mücadilə etməyə hazırdır və qadirdir. Qarşısındakı kim olursa, olsun!

Daha çox xəbərlər