Qərbi Azərbaycana qayıdış planının ilkin sədaları
Prezident İlham Əliyev: Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar
Məlum olduğu kimi, Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə mühüm məqamları açıqladı, əhəmiyyətli mesajlar verdi. Bu görüş 2022-ci ilin ən mühüm siyasi hadisələrindən biri kimi yadda qaldı. Görüş zamanı dövlət başçısı indiki Ermənistanın tarixi torpaqlarımızda yaradıldığını, soydaşlarımızın həmin torpaqlardan sıxışdırılıb çıxarıldığını, soyqırımına məruz qaldığını xatırlatdı, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğuladı.
Tarixdən məlum olduğu kimi, Qafqaza vaxtilə xristian missionerləri kimi köç etmiş ermənilər bütün bu tarixi hadisələr zamanı Cənubi Qafqaz uğrunda mübarizə aparan imperiyalara müxtəlif formalarda yarınmaqla süni surətdə saylarının çoxalmasına nail olmuş və geosiyasi vəziyyətlərdən bəhrələnmək üçün fürsət güdmüşlər. Birinci Dünya müharibəsinin nəticələrindən biri kimi çar Rusiyası süqut etdi və tarixi Azərbaycan ərazisində qondarma Ermənistan dövləti yaradıldı. O tarixi şəraitdə Cənubi Qafqazda həm də sülhə nail olmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti qurucularının İrəvanı ermənilərə güzəştə getməsi təhlükəli presedent yaratdı. Sonrakı tarixi mərhələlərdə güzəşt amili öz mənfi təsirini göstərdi və nəticədə bu azmış kimi, ermənilərdə Qarabağ və Zəngəzur bölgələrini ələ keçirməyə həvəs yaratdı. Öz çıxışında bu məqamlara xüsusi yer ayıran Prezident İlham Əliyev bir daha həmin proseslərin kökündə duran səbəblərə aydınlıq gətirmişdir: “Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”.
Göründüyü kimi, ermənilərin məkrli niyyətlərinin həyata keçirilməsində təkcə qlobal güclər, yəni kənar qüvvələr deyil, həm də daxili faktorlar da həlledici rol oynamışdır. Məlumdur ki, sovetlər dönəmində bu məsələlər gizli saxlanılmışdı, o dövrdə yetişən nəsil həqiqi tarixi dəqiq bilmirdi, sovetlər ittifaqı isə azərbaycanlıları və erməniləri qardaş xalqlar kimi təqdim edirdilər. Yalnız müstəqillik əldə etdikdən sonra tarixi faktlar üzə çıxarıldı. Bu baxımdan, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra verdiyi qərarlar həqiqətlərin üzə çıxarılmasında mühüm rol oynadı. Ümummilli Liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları tarixi həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində çox mühüm siyasi-hüquqi sənədlərdir. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin bu yöndə müəyyənləşdirdiyi siyasətini uğurla davam etdirir. Qərbi Azərbaycan İcmasının yeni, müasir tələblərə cavab verən inzibati bina ilə təmin olunması da bu siyasətin tərkib hissəsidir.
Ölkə başçısı öz doğum günündə Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak etməklə növbəti dəfə öz ənənəsinə sadiqliyini nümayiş etdirdi və Azərbaycan xalqına növbəti böyük bir hədiyyəsini təqdim etdi. Qərbi Azərbaycan İcmasının binasının açılışı siyasi, tarixi və rəmzi məna daşıyır. Bu binanın əvvəllər Qarabağın Azərbaycanlı İcmasına məxsus olması xüsusi əhəmiyyətə malikdir. 2010-cu il iyulun 6-da Prezident İlham Əliyev Qarabağın Azərbaycanlı İcmasının mənzil-qərargahının açılışında bildirmişdi: “Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır”. Bugünkü reallıq Azərbaycan Prezidentinin sözlərinin nə qədər uzaqgörənliklə deyildiyini sübut etdi. Bundan sonra həmin bina Qərbi Azərbaycan İcmasının binası kimi fəaliyyətini davam etdirəcək. Bu, həm rəmzi məna daşıyır, həm də Azərbaycanın bütün bölgədə yaratdığı yeni reallıqları və hədəfləri ifadə edir.
Göründüyü kimi, dövlət başçısı bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi ortaya qoyur. Bu məsələdə müdrikcəsinə hərtərəfli ölçülüb-bişilmiş bir ardıcıllıq mövcuddur. Bu, həm siyasi, sosial, psixoloji, həm də hərbi müstəvidə öz əksini tapır. Ölkə Prezidentinin təşəbbüsü və birbaşa nəzarəti altında Qarabağda və Ermənistan ərazisində tarixi Azərbaycan toponimlərinin əsl adlarının göstərildiyi xəritələrin hazırlanması, yeni dərsliklərin tərtib olunması, real tarixi faktların yetişən nəsillərə ötürülməsi, beynəlxalq müstəvidə təbliğat işinin gücləndirilməsi bu fəaliyyətin əsas istiqamətləridir. Cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını da vermiş oldu.

