Gündəm 

Məkrli niyyətlər iflasa məkhumdur!

Təəssüf ki, Fransa Azərbaycan əleyhinə siyasət yürütməkdən,  məkrli təxribatlar törətməkdən açıq və ya gizli kampaniyalarını davam etdirməkdən nə yorulur, nə də usanır.  Bu da Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək niyyətində olmadığını sübut edir. Həmçinin, proseslərin gedişi göstərir ki, Fransa Cənubi Qafqazda gərginlik mühiti yaratmaq, regionda sülhün təmin olunması istiqamətində təşəbbüslərə mane olmaq üçün bütün alətlərdən istifadə etməyə çalışır.

Azərbaycan münaqişəni öz gücünə həll etdikdən, işğalçıları torpaqlarımızdan qovduqdan sonra Fransa açıq-aşkar Ermənistana və Qarabağdakı erməni separatçılarına dəstək verir. Hazırda bu ölkə Ermənistan vasitəsilə Cənubi Qafqazda özünün təsir imkanlarını yaratmağa “çalışır.” Buna misal İstər Fransa Senatının və Milli Assambleyasının ölkəmizə qarşı qəbul etdikləri qərəzli qətnamələri, bu ölkənin başçısı Emmanuel Makronun beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi üçün çağırışını qeyd edə bilərik. Bugünlərdə isə bir qrup fransalı siyasətçilər, parlamentarilər “Le Monde” qəzeti vasitəsilə Prezident Emmanuel Makrona müraciət edərək “Ermənistanın təhlükəsizliyini təmin etməyi” və “Qarabağı Azərbaycanın suverenliyindən çıxarmağı” tələb ediblər. Fransız siyasətçilər hədlərini aşaraq ölkəmizə qarşı hansı addımların atılmasını da “göstəriblər”. Bura rəsmi qınaq, Avropa İttifaqı və ABŞ sanksiyalarının tətbiqi, Azərbaycana BMT sülhməramlılarının göndərilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində iddia, Azərbaycan üçün Qarabağ səmasının faktiki olaraq bağlanması, Xocalı hava limanının qanunsuz işə salınması və s. daxildir. Bütün bunlar  silsilə xarakterli anti-Azərbaycan tədbirləri və bəyanatlarının davamıdır. Azərbaycan Fransa hökuməti tərəfindən ölkəmizə qarşı aparılan kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Bundan əlavə, Ermənistana dəstək olan, hətta himayədarlıq edən Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda bu qurumun sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Amma proses sözün əsl mənasında Fransa üçün böyük rüsvayçılığa çevrildi – BMT TŞ-nın daimi üzvü və hazırda onun sədri Fransa 10 gündür ki, bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi. Maraqlıdır ki, ilkin mərhələdə “bəyanat” fransızların təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatdan “Dağlıq Qarabağ”ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla başbaşa qoydu.

Ümumiyyətlə, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi təxribatları fərqli müstəvidə təqdim etmək, hətta yalan məlumatlar əsasında Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası yaratmaq cəhdləri 44 günlük müharibə vaxtı da nəzərə çarpmışdı. Halbuki, Ermənistan özü 30 ilə yaxın müddətdə Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməməklə, zəbt etdiyi əraziləri boşaltmamaqla BMT TŞ-nın məlum 4 qətnaməsinin icrasından boyun qaçırıb. Eyni zamanda, BMT TŞ 30 ilə yaxın dövr ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılmasına, məlum qətnamələrin icrasına imkan verməyənlərin başında riyakar Fransa yer alıb.

Xatırladaq ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Sözügedən müraciət əsasında TŞ-nın gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Fransa-Ermənistan cütlüyü hələ 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı BMT TŞ-da sənəd qəbul etdirmək istəyirdi. Amma niyyətləri gözlərində qaldı.

Bu kimi iyrənc fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa anlamır ki, hər belə addımla regiondan daha da təcrid olur, Azərbaycan xalqı qarşısında pis və gülünc vəziyyətə düşür.

Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi uğurlu xarici siyasət və hücum diplomatiyası bu cür həyati əhəmiyyətli məsələlərdə özünü büruzə verdi. Prezident İlham Əliyevin müdrik siyasəti və qlobal təfəkkürü də burada öz rolunu oynadı. Azərbaycanın gücünün və Fransanın öz meydanında onu məğlub etməsinin sirri sözsüz ki, Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan məqsədyönlü siyasətdədir. Məhz qətiyyətli, uzaqgörən lider, mahir siyasətçi kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, hücum diplomatiyası sayəsində Azərbaycanın dünyada qazandığı dost ölkələr Fransanın bu cəhdlərini sıfırladı. Bu parlaq qələbə bir daha Prezident İlham Əliyevin qətiyyətinin və ən yüksək liderlik keyfiyyətlərinə malik olduğunun növbəti əyani nümayişinə çevrildi.

Daha çox xəbərlər