Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa və strateji müttəfiqliyə əsaslanır
Bölgəmiz dünyada ikitərəfli və çoxşaxəli
münasibətlərə örnək bir regiona çevrilib
Ötən əsrin sonlarından başlayaraq bütün dünyanı sarsıdan
münaqişələr daha böyük təhlükələrin meydana çıxmasına zəmin
yaradıb. Bütün bu hadisələrə rəğmən Azərbaycanla Türkiyə
arasında uğurla inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə
yüksəlmiş əlaqələr regionun sülh, sabitlik və əməkdaşlıq
məkanına çevrilməsində mühüm rol oynayır. Daha dəqiq ifadə
etsək bölgəmiz bütün dünyada ikitərəfli və çoxşaxəli
münasibətlərə örnək bir regionuna çevrilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı
Azərbaycan Ordusu rəşadətli Zəfər qazanaraq 30 illik işğala son
qoymaqla beynəlxalq ədaləti bərpa etməsi böyük bir coğrafiyada
əməkdaşlıq, qarşılıqlı faydalı münasibətlər kontekstindən yeni
mənzərə yaradıb. Bu siyasi təntənənin təməlində AzərbaycanTürkiyə qardaşlıq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq
dayanır. Qürurverici haldır ki, İkinci Qarabağ savaşında
qazanılan Zəfər Türkiyə ictimaiyyətində Azərbaycana sevgini
zirvələrə yüksəldib. İstər dövri mətbuatda, istərsə də elmi
araşdırmalarda Qarabağda qazanılan Qələbə Çanaqqala Zəfəri,
Sakarya döyüşü, Qafqaz İslam Ordusu ilə Azərbaycan Xalq
Cümhuriyyəti silahlı qüvvələrinin birgə mübarizəsi nəticəsində
Bakının qurtuluşu kimi tarixi hadisələrlə müqayisə olunur.
44 gün davam edən İkinci Qarabağ savaşında Prezident Rəcəb
Tayyib Ərdoğan başda olmaqla qardaş xalqının Azərbaycana
göstərdiyi siyasi mənəvi dəstək yalnız işğal altındakı
torpaqlarımızın azadlığının deyil, eyni zamanda, Türkiyənin
qətiyyətli mövqeyinin təntənəsidir. Qarabağ Zəfəri iki qardaş
dövlətin və xalqın birlik təntənəsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, yuxarıda sadalanan amillərin
hər biri vacib və digərinin inkişafı üçün tamamlayıcı olsa da, iki
qardaş müttəfiq ölkə arasında hərbi əlaqələrin inkişafına təkan
verən ən önəmli amillərdən biri də müntəzəm olaraq birgə hərbi
təlimlərin keçirilməsidir.
Tərəflər arasında hərbi əməkdaşlığın digər vacib tərəfi müdafiə
sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsidir. Müdafiə
sənayesi sahəsində əməkdaşlıqdan bəhs edərkən sözsüz ki, İkinci
Qarabağ müharibəsində hərb tarixində dastan olan Türkiyənin
pilotsuz uçuş aparatlarının adı öndə getməlidir.
Digər mühüm önəm daşıyan bir məqam odur ki,
Azərbaycanın ərazi bütövlüyünün bərpasına daim öz məsələsi
kimi yanaşan qardaş Türkiyə işğaldan azad olunan ərazilərdə
bərpa və quruculuq işlərinin aparılmasında da ölkəmizlə çiyinçiyinədir.
Prezident Rəcəb Tayyib Ərdoğanın ötən il Şuşaya səfəri, sonra
Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı, bir daha
nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və
müttəfiqliyi əbədi və dönməzdir. Bu günlərdə Zəngilanda
istifadəyə verilən beynəlxalq hava limanının açılışında iştirak
etmək üçün Azərbaycana yenidən səfər edən Türkiyə
Cümhuriyyətinin başçısının yenidən ölkəmizə səfəri
dediklərimizin bir daha bariz nümunəsidir.
Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə
münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk
Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk
Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar
çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir.
Azərbaycan və Türkiyə media sahəsində də uğurla əməkdaşlıq
edirlər. Beynəlxalq informasiya məkanında təkcə Azərbaycanın
deyil, bütün türk dünyasının xəbər carçısına çevrilən Azərbaycan
Dövlət İnformasiya Agentliyi (AZERTAC) Türkiyənin Anadolu
Agentliyinin ən yaxın və etibarlı tərəfdaşıdır. AZƏRTAC ilə
Anadolu Agentliyi arasında sıx tərəfdaşlıq əlaqələri nümunəvi
örnəyə çevrilib. Agentliklərimiz beynəlxalq informasiya
qurumlarında bir-birini daim dəstəkləyir.
Eyni zamanda, qeyd etməliyik ki, Azərbaycan ilə Türkiyə
arasında iqtisadiyyat, ticarət, elm və təhsil kimi vacib sahələrdə
də dinamik inkişaf mövcuddur. Xüsusilə nəqliyyat və
kommunikasiyada sahələrində nəhəng layihələr böyük bir
coğrafiyada həyatı sürətlə dəyişir.
Bütün bu reallıqlar bir daha onu deməyə əsas verir ki,
Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və
genişmiqyaslıdır. Daha aydın desək bu münasibətlər qardaşlığa,
dostluğa və strateji müttəfiqliyə əsaslanır. Əminliklə söyləmək
olar ki, son zamanlar iki ölkənin müxtəlif sahələrdə birgə həyata
keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında
münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək.
Aran Media Qəzeti

