Mütəxəssis rəyi: “Qarın əkin sahələrinə yalnız müsbət təsiri var”
Qış mövsümündə qar yağmasının, şaxta düşməsinin meyvə ağaclarına, taxıla, tərəvəz və bostan bitkilərinə müsbət təsiri var. Burada iki əsas amili qeyd etmək lazımdır. Birincisi qışda yağan qar dağlarda su ehtiyatının toplanması üçün olduqca vacibdir. Eyni zamanda bol yağıntı torpaqda rütubətliliyi artırır ki, bu da yayda bitkilərin su ehtiyacını ödəməsi üçün vacibdir. İkincisi şaxtaların olması bir çox zərərvericilərin məhv olmasına səbəb olur. Bu təbii mübarizə üsulu çox effektivdir. Həmçinin şaxtalı havalar gələcəkdə bitkilərdə yarana biləcək bir çox mövsümi xəstəliklərin də qarşısını alır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanov bildirib.
“Son günlər soyuq hava şəraitinin müşahidə olunması kənd təsərrüfatı üçün olduqca əlverişlidir. Qarın yağması və uzun müddət torpaq üzərində qalması bitkilər üçün mühafizə rolunu oynayır. Şaxtalı hava torpaqda olan zərərvericilərin məhv olması ilə yanaşı, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artmasına səbəb olur. Bu mövsümün iqlimi meyvəçiliyə müsbət təsir göstərəcək. Həm dəmyə, həm də suvarma sahələrində qar suyu depolanır. Bitkinin kökləri zamanla bu su kütləsindən qidalanmaqla daha yaxşı inkişaf edir”,- deyə Mədət Qurbanov söyləyib.
Mütəxəssis bildirib ki, hazırda aktiv kənd təsərrüfatı dövrü deyil. Payızlıq əkin yekunlaşıb və eyni zamanda, məhsul yığımı da tam şəkildə başa çatıb. Bu baxımdan, qarın əkin sahələrinə yalnız müsbət təsiri var. Bu mənada, şaxtalı hava şəraiti iqlim normasına uyğundur və kənd təsərrüfatı üçün müsbət xarakterizə oluna bilər. Qar xüsusilə əkinçilik üçün olduqca əlverişlidir. Qarın altında qalan əkində rütubət və nəmişliyin təsiri altında cücərməyən toxumlar da cücərir. Bu da nəticədə bol məhsul almağa kömək edir.
“Dünyada havaların quraq keçməsi kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərir. Bu baxımdan qar yağması payızlıq əkinlər üçün olduqca əhəmiyyətlidir. Havalar quraqlıq keçdikcə gəmiricilərin sayı artır. Bu isə payızlıq taxıllara ciddi ziyan vurur. Qar nə qədər çox olsa, torpaqlarda da su ehtiyatlarının toplanması xüsusilə dəmyə əkinçiliyində əhəmiyyətli rol oynayar, həmçinin ölkəmizin daxili su ehtiyatlarının artmasına müsbət təsir göstərər”, – deyə mütəxəssis bildirib.

