Ekofəallar beynəlxalq hüquqa əməl olunmasını tələb edirlər
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti yeni nəslin milli-mənəvi dəyərlərə sadiqlik, vətənpərvərlik ruhunda tərbiyəsində mühüm amildir. Bu siyasətin ölkəmizdə geniş miqyasda həyata keçirilməsi üçün qəbul edilən Dövlət proqramları, «Gənclər ili»nin qeyd olunması, Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi, Azərbaycan Gənclərinin İnkişaf Strategiyasının təsdiqlənməsi yeni nəslə dövlət qayğısının təzahürüdür. Bu siyasətin milli və dövlətçilik maraqlarının prioritet istiqaməti olmasının ən bariz nümunəsi 44 günlük Vətən müharibəsindəki Zəfərimizdə qəhrəman əsgərlərimizin həlledici rol oynamasıdır. Heç də təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsindəki Qələbəmizin müəllifləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər oldular.
Yeni nəslin nümayəndələrinə inam və etimadını «Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər» sözləri ilə ifadə edən Prezident İlham Əliyev oğlan və qızlarımızda artan hərbi vətənpərvərlik ruhunu uğurlarımızın başlıca amili kim dəyərləndirir.
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən hücum əməliyyatlarında düşmənə sipər olan, canlarını əsirgəməyən, şəhidlik zirvəsinə ucalan əsgərlərimiz 30 ilə yaxın müddətdə erməni faşistləri tərəfindən işğal olunan torpaqlarımızı azad etdilər. Azərbaycanın haqq savaşında misilsiz qəhrəmanlıq göstərərək Vətənimizin ərazi bütövlüyünün bərpasına böyük töhfələr verdilər.
«Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar» sözləri ilə gələcəyimizi etibar etdiyimiz yeni nəslə inamını ifadə edən Prezident İlham Əliyev qloballaşma adı altında gəncləri dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit ruhda yetişdirmək kimi mənfi zərərlərlə bağlı çağırışların səsləndiyi bir zamanda gənclərimizin dövlətçiliyimizin və milli maraqlarımızın keşiyində möhkəm dayanması müstəqilliyimizin əbədiliyi naminə göstərilən fədakarlıqdır.
Bütün istiqamətlər üzrə inkişaf edən ölkəmizin dünya birliyində qüdrətli dövlət kimi tanınmasında da yeni nəslin rolu əvəzsizdir.
Dünyada ilk təcrübə kimi respublikamıza gələn qonaqların marağına səbəb olan könüllülər hərəkatında iştirak edən gənclərimiz ölkəmizin uğurlarının təbliğində də mühüm rol oynayırlar. Bu hərəkata qoşulan oğlan və qızlarımız mədəni davranışları, xeyirxahlıqları, intellekt səviyyələri ilə də fərqlənirlər. «Könüllülük də digər ənənəvi davranış qaydalarının yeni bir təzahürüdür. Ona görə mən bu hərəkata çox müsbət baxıram, gənclərin təşkilatlanması, bir amal uğrunda birləşməsi, cəmiyyətin saflaşması və kadr potensialının hazırlanması nöqteyi-nəzərindən. Ona görə əminəm ki, Azərbaycanda bu hərəkatın çox gözəl gələcəyi var» söyləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözlərini birlik və həmrəylikləri ilə təsdiqləyən gəncliyimizin qətiyyəti, iradəsi, Vətənə bağlılığı Laçın- Xankəndi yolunda davam edən ekoloji terrora qarşı aksiyalarda da özünü göstərir.
Bir aya yaxındır ki, Laçın-Xankəndi yolunda «Ekoloji terrora son!», «Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!», «Azərbaycan vahiddir, sərvətlərinə sahibdir!», «Ekoloji cinayətə son!», «Stop ekoterror!», «Bereqite prirodu!» kimi şüarlar səsləndirən aksiya iştirakçıları yenilməzlik simvolu kimi Vətəninə, elinə- obasına bağlılığın, sərvətlərinə sahib çıxmaq qətiyyətinin müqəddəsliyini bütün dünyaya bəyan edirlər. Havanın qarlı, şaxtalı olmasına baxmayaraq Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakətə etirazlarını bildirən ekofəallar, könüllülər əsas tələbləri olan «Qızılbulaq» qızıl, «Dəmirli» mis-molibden və digər qızıl, mis mədənlərində monitorinqlərin aparılmasına razılıq verilməsinə qədər aksiyalarının davamında qətiyyətlidirlər. Vətən müharibəsində bir yumruq kimi eyni məqsəd, amal naminə birləşən, dinindən, dilindən asılı olmayaraq Azərbaycanın haqq mübarizəsində həmrəylik göstərən gənclər aksiyalarda da çiyin- çiyinə dayanırlar. Sivil mübarizənin şərtlərinə uyğun davranan, etik qaydalara əməl etməklə haqlı olduqlarını cəsarətləri ilə bildirən aksiya iştirakçılarının tələblərində bütün dünyada ekoloji tarazlığın, ümumbəşəri dəyərlərin qorunmasına yönələn beynəlxalq çağırışlar əks olunur.
Özünü «baş nazir» elan edən milyarder, qondarma separatçı rejimin Rusiyanın xüsusi missiyası ilə Xankəndiyə göndərilmiş Ruben Vardanyanın və bütünlükdə separatçıların aksiyanı dünyaya guya ermənilərin blokadaya alınması kimi təqdim etmək cəhdləri də baş tutmadı. Bu aksiya ilə sadə ermənilərin gündəlik yaşamında hər hansı məhdudiyyətin tətbiq edilmədiyini bütün dünya ictimaiyyəti müşahidə etməkdədir. Humanitar yardımların, tibbi ləvazimatların, ərzaqların daşınmasına, səhhətində problem yaranan Xankəndi ermənilərinə yardımıların göstərilməsinə həssaslıqla yanaşan aksiya iştirakçıları Qarabağın bu hissəsində müvəqqəti yerləşən Rusiya sülhməramlılarına məxsus nəqliyyat vasitələrinin sərbəst hərəkətı üçün də lazımi şəraiti təmin edirlər. Xankəndinin blokadada olmadığını isbatlayan digər bir fakt beynəlxalq müşahidəçilərin, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin həmin şəhərə maneəsiz gediş-gəlişinin təmin edilməsidir.
Vətən müharibəsinin davam etdiyi günlərdə hərbi əməliyyatlar zamanı yaralı erməni əsgərlərinə dərhal tibbi yardım göstərən, multikultural dəyərlərə sadiqliyini düşmənin mülki obyektlərinə və vətəndaşlarına atəş açmamaqla bildirən Azərbaycan əsgərləri kimi ekofəallar da Azərbaycan xalqımıza məxsus humanizm nümunəsi göstərirlər.
Bu baxımdan erməni separatçılarının havadarı, beynəlxalq aləmdə dinc aksiyanı «humanitar fəlakət» kimi qələmə verməyə çalışan, ekofəalların Azərbaycan xalqına məxsus təbii sərvətlərinin qanunsuz istismarına qarşı mübarizəsini BMT-nin Təhlükəsizlik Şurasında müzakirəsi üçün canfəşanlıq edən Fransanın Prezidenti Emmanuel Makronun təklifinin rədd edilməsi dünya birliyinin Azərbaycanın haqq mübarizəsinə dəstəyidir.
Prezident İlham Əliyevin “Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir. Bizdə bu gün olan birlik, hesab edirəm ki, hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Siz gənclər, bax, bu ideyaları qorumalısınız. Çünki bu siyasətin uğurlu olması təkcə dövlətdən asılı deyil, hər bir vətəndaşdan asılıdır. Hər bir vətəndaş öz davranışı ilə bu ideyaları tərənnüm etməlidir. Belə olan halda, Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar. Əminəm ki, bu, belə olacaq» sözlərinə uyğun olaraq dəmir yumruq estafetini layiqinqincə davam etdirən ekofəallar qətiyyətləri və iradələri ilə Azərbaycan gəncliyinin sarsılmaz qüvvə olduğunu bir daha göstərirlər.

