Gündəm 

Azərbaycanın sülh müqaviləsi təklifi masa üzərində bir müddət olacaq

Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir daha bu çağırışı etdi ki, Ermənistan sülh müqaviləsinin qaçılmaz olduğunu anlamalıdır

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyaya ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu qəbul etdirən Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Əksər  dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar  Zəfərimizin yaratdığı reallıqları qəbul etməklə yanaşı, onların gerçəkliyə çevrilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirirlər.  Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla münasibətlərində yeni səhifənin açılmasına səy göstərən Azərbaycan tarixi Zəfərimizin ilk günündən işğalçı dövlətə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Dövlət başçısı İlham Əliyev bu çağırışla çıxış etdi ki,  Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan  baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib. Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır.

Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir daha diqqəti bu vacib məqama yönəldərək “Mən işğaldan azad edilmiş ərazilərə gedəndə sizin və hər bir azərbaycanlının keçirdiyi hissləri keçirirəm. Bizim hamımızı ruhlandıran hisslər barədə danışmağa ehtiyac yoxdur. Buna baxmayaraq, keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq” söyləməklə Azərbaycan xalqının 30 ilə yaxın işğal dövründə yaşadığı faciələrin, çətinliklərin ümumi mənzərəsini təqdim etdi. Bu gün işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin, vandalizminin göstəricisidir. 30 ildə  bu ərazilərimizi yerlə-yeksan edən, bütün tikililəri dağıdan ermənilər bu gün həmin torpaqlarda aparılan bərpa-quruculuq işlərini böyük narahatlıq hissi ilə izləyirlər. Bir sözlə, 30 il dağıntı həyatını yaşayan ərazilərimiz iki ildir quruculuq mərhələsinə qədəm qoyub. Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti də tarixin yaddaşlığı, zamanın hakimliyi əsasında geniş təhlil olunur,  illərdir necə vəhşi millətlə üz-üzə olduğumuzu bütün dünya görür. Ermənilərin hətta tarixi Zəfərimizdən sonra Kəlbəcəri, Laçını boşaldan zaman hansı vəhşilikləri törətdikləri də dünyanın gözü qarşısında baş verdi.  Erməni vəhşiliyinin dünyaya təqdimatı olan Xocalı soyqırımını unuda bilərikmi? Eyni zamanda, çox da uzaq olmayan tarixi, 44 günlük İkinci Qarabağ müharibəsində canları, qanları ilə tarix yazan şəhidlərimizi unutmağa haqqımız varmı?

Dövlət başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində yuxarıda qeyd etdiyimiz fikirləri məhz ermənilərin bu vəhşiliklərinə rəğmən Azərbaycanın Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etməsini açıqlayır. “Başa düşürsünüzmü, bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik. Lakin bu, masa üzərində bir müddət olacaq” deyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər – heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək: “Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır. Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar. Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər.”

Ermənilərin sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün təxribatlara əl atdıqları son iki ilin reallıqları sırasındadır.  Öncə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan Ordusunun  hər gün qazandığı qələbələrin yaratdığı qısqanclıq hissinin nələrə yol açdığını  yada salaq. Ermənistan hakimiyyətinin tapşırıqlarına uyğun olaraq erməni silahlı qüvvələri iki dəfə Gəncəni, sonra Bərdə və Tərtəri raket  atəşinə tutdular.  Törədilən hərbi təxribatlar dünyanın gözü qarşısında baş versə də yenə də  susmaq yeganə çıxış yolu kimi qəbul edildi. 30 ilə yaxın dövrdə ədaləti, beynəlxalq hüququ bir kənara qoyub Ermənistana dəstək göstərən dövlətlərdən belə yanaşmalar gözlənilən idi.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində «Qarabağ Azərbaycandır!» tezisini öndə saxlayaraq bunu tarixi Zəfəri ilə təsdiqlədi. Baxmayaraq ki, həmin dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları sırasında «Qarabağ Ermənistandır və nöqtə» ifadəsi xüsusi yer almışdı. Azərbaycan dövləti daim bu sualla dünyaya müraciət edirdi ki, işğalçı adı ilə çağrılmadığı təqdirdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək nə qədər real görünə bilər?  Real olan bu idi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini, Ermənistan isə «status-kvo»nu saxlamaq, əbədi etmək istəyirdi.  Düşünürdülər ki, əgər 26-27 il ərzində buna nail olublarsa, deməli, bundan sonra da nail olacaqlar. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcək, onların arxasında dayanacaq, onların  əvəzinə müharibə aparacaqlar. Dövlət başçısı İlham Əliyevin çıxışlarında   qeyd etdiyi kimi, ermənilər  ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur: «Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb.»

44 günlük müharibə onların bu yalnış düşüncələrini bir daha dünyaya çatdırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə dövründə havadarlarından necə incik düşdüyü sərsəm bəyanatlarından da aydın görünürdü. Hər kəsə qarşı ididalarla çıxış etməklə sanki bu günədək beynəlxalq hüququ kobud şəkildə pozan, hətta müsahibələrində açıq-aşkar onun mövcudluğunü inkar edən Nikol Paşinyan deyil, başqası idi. Paşinyan elə düşünürdü ki, müstəqilliyi formal xarakter daşıyan Ermənistanı maraqlarının icrasında bir vasitəçi kimi qəbul edən dövlətlər bütün hallarda onu dəstəkləmək imkanındadırlar.

Beynəlxalq hüquq, tarixi faktlar, real həqiqətlər deyilən məfhumlar vardır. Tarixi inkar edib saxta tarix yazmaq, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış edib buna nail olmaq əbədi qalib olmaq demək deyil. Ermənistan hakimiyyəti  də çox yaxşı bilirdi ki, torpaqlarımız döyüş meydanında məğlub olmaqla düşmənə verilməyib. Həmin illərdə ölkəmizə rəhbərlik edən AXC-Müsavat cütlüyünün ölkədə yaratdığı ağır durum ordu quruculuğunda da özünü qabarıq şəkildə büruzə verirdi. Ordu torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Ermənistan bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal etmişdi. Dövlət başçısı İlham Əliyev xalqa bütün müraciətlərində bu məqamı xüsusi qeyd etmişdir ki, bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Bu tarixi xatırlamaqda məqsədimiz budur ki, 20 faiz torpağımız döyüş meydanında məğlub olmaqla düşmənə verilməyib. Azərbaycan xalqı daim məğrurluğu, yenilməzliyi, torpaqlarına, tarixinə sahib çıxan xalq kimi tanınıb və bu gün də tanınır. 44 günlük tarixi Zəfərimiz bir daha  bu reallığa işıq saldı.

Tarixi Zəfərimizdən ötən iki ildən artıq  dövrdə hadisələrin gedişinə diqqət yetirdikdə Ermənistanın tez-tez təxribatlar törətdiyi, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində  Brüssel görüşlərinin keçirildiyi ərəfələrdə, yaxud  başa çatdıqdan sonra təxribatlara daha çox can atdıqları diqqətdən kənarda qalmadı.  Ötən ilin avqust ayında  Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulmasını və bu cinayətlər əsasında yaranan gərginliyi,  Azərbaycan Ordusunun  qanunsuz erməni dəstələrinə qarşı keçirdiyi  “Qisas” əməliyyatını yada salaq. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə qarşı hər bir addımın qarşısı qətiyyətlə alınır. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, «dəmir yumruq» yerindədir. Ermənistanda revanşist qüvvələr baş qaldırarsa 44 günlük İkinci Qarabağ müharibəsində aldıqları dərsi unutmamalıdırlar.

«Qisas», daha sonra isə sentyabr ayında baş verən «Qətiyyətli cavab» əməliyyatları deyilənlərin təsdiqidir. Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünü, qüdrətini, hər zaman ərazi bütövlüyümüzün, suverenliyimizin qarantı kimi torpaqlarımızın müdafiəsinin keşiyində ayıq-sayıq dayandıqlığının şahidi oldular.  Azərbaycanın  Ermənistana sülh müqaviləsini təklif etməklə son şans verdiyi işğalçı dövlətə və dəstəkçilərinə çox yaxşı bəllidir. Sülh müqaviləsinin imzalanması ilə yeni əməkdaşlıq formatları yaranacaq, kommunikasiyalar açılacaq ki, işğalçı dövlət bundan bəhrələnərək öz iqtisadi durumunu yaxşılaşdıra bilər. Hazırkı dövrdə işğalçı dövlət seçim qarşısındadır: ya ona verilən şansdan bəhrələnməli, ya da «Dəmir yumruğ»un davamlı dərslərini almalıdır.

Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində də “Artıq Ermənistan açıq-aydın dərk edir ki, bu təxribatların heç bir nəticəsi olmayacaq” söyləyərək onu da bildirdi ki,  İkinci Qarabağ müharibəsi başa çatandan sonra  Ermənistan tərəfinə göndərdiyimiz siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşıdurma başa çatmalıdır: “Ancaq əfsuslar olsun ki, biz bunu görmədik, əksinə, Ermənistan həm Qarabağda, həm sərhəd istiqamətində öz planlarından əl çəkmədi və biz məcbur olub tədbirləri gördük, biz onlara xəbərdarlıq etmişdik. Eyni zamanda, avropalı tərəfdaşlarımıza da bildirmişdik ki, əgər biz təhlükə görsək, dərhal hərəkətə keçəcəyik. Hesab edirəm ki, o cümlədən ona görə də beynəlxalq aparıcı qüvvələrin reaksiyası bu hadisələrə adekvat olmuşdur. Yəni, bizi heç kim qınamamışdır, heç kim bizi günahlandırmamışdır. Çünki hər kəs görürdü ki, bu, toqquşmaların səbəbkarı biz deyilik.”

Prezident İlham Əliyev  ümid etdiyini bildirdi ki, bundan sonra belə hallar olmayacaq. 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq:  “Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2022-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik.”

Daha çox xəbərlər