Azərbaycan xarici ölkələrə yeni enerji növləri ixrac edəcək
Zəngəzur dəhlizi Naxçıvanla əlaqəni təmin etməklə bərabər, daha bir enerji layihəsinin reallaşdırılmasını da özündə ehtiva edəcək. Dəhliz hazır olandan sonra oradan xarici ölkələrə müxtəlif enerji daşıyıcıları ixrac ediləcəkdir. Bu isə ölkəmizin iqtisadi qüdrətinin daha da yüksəlməsinə stimul verəcəkdir. Artıq bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Mütəxəssislər yeni iqtisadi layihəni yüksək qiymətləndirirlər. Dünyanın enerjiyə tələbatının artdığı indiki zamanda yeni enerji ehtiyatının yaradılması ən əhəmiyyətli layihələrdən biri hesab olunur.
“Zəngəzur dəhlizi digər infrastruktur layihələri ilə yanaşı enerji növlərinin ixrac edilməsi ilə bağlı da mühüm rola sahib olacaq”.
Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) rəsmisi deyib. Onun bildirdiyinə görə, Zəngəzur dəhlizi vasitəsi ilə gələcəkdə Türkiyəyə və Avropa ölkələrinə enerji ixrac edilməsi də nəzərdə tutulur. Belə ki, “Cəbrayıl” enerji qovşağının yaradılması, elektrik verilişi xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan Muxtar Respublikasına çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu dünyada daha da artıracaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilər də bərpa olunan enerji mənbələri ilə olduqca zəngindir. Bu ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqeyi təbii potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır. İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-a dək külək enerjisi üzrə potensial mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq olan Laçın, Kəlbəcər rayonları zəngindir. Artıq Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə müvafiq İcra Müqaviləsi imzalanıb.
Laçın və Kəlbəcər rayonları ərazisində isə 400 MVt-dək gücdə KES-in tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə olaraq ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılması nəzərdə tutulub. Bununla əlaqədar olaraq 6 may 2021-ci ildə Energetika Nazirliyi ilə Yaponiyanın “TEPSCO” şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində “Yaşıl Enerji Zonası” Konsepsiya layihəsi hazırlanıb və artıq hökumətə təqdim edilib.
Azad edilmiş rayonların əhalisi öz doğma yurd-yuvalarına qayıdandan sonra enerji ilə tam təmin olunacaqlar. Rayon mərkəzləri, yaşayış məntəqələri və ən ucqar kəndlər belə nura boyanacaq, internet xidmətlərindən istifadə edəcəklər. Bununla bərabər, istehsal olunan enerjilərin qalan hissəsi xarici bazarlara çıxarılmaqla külli miqdarda valyuta əldə ediləcək və xalqımızın firavan həyatı üçün sərf olunacaq.

