Cəmiyyət 

Azərbaycan vahiddir, sərvətinə sahibdir!

Artıq 37 gündür ki, Azərbaycanın vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, ekoloqlarının və gənc fəalların Laçın-Xankəndi yolunda respublikamızın təbii sərvətlərinin qeyri-qanuni istismarı, həmçinin ekoloji vəziyyətlə bağlı ilkin monitorinq məqsədilə dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsinə qarşı etiraz aksiyası davam edir. Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınması da aksiyaçıların tələbləri sırasında yer alır.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmadı.

Fasiləsiz dinc aksiyanın iştirakçılarının Laçın və Xankəndi istiqamətində əllərində Azərbaycan bayrağı, üzərində müxtəlif şüarların yazıldığı plakatlarla etiraz səsləri günlər ötdükcə daha da ucadan eşidilir. Xüsusilə gənc fəallar Azərbaycan, rus və ingilis dillərində dayanmadan səsləndirdikləri şüarlarla ekoloji terrorun dayandırılmasını tələb edirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Onlar müxtəlif dillərdə şüarlar səsləndirməklə beynəlxalq ictimaiyyətin diqqətini Qarabağda təhlükəli ekoloji vəziyyətə yönəltməyə çalışırlar.

Təəssüf ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda müvəqqəti yerləşdirildiyi ərazidə azərbaycanlıların dinc aksiyası ilə bağlı Ermənistan mediası saxta xəbərlər yaymaqda davam edir. Ermənistanın və onların havadarlarının Laçın-Xankəndi yolunun bağlanması haqqında yalanlar tirajlamaları, eləcə də “humanitar fəlakət” uydurmaları dünya ictimaiyyətini çaşdırmaqdan başqa bir şey deyil. Belə ki, təkcə yanvarın 16-da Rusiya sülhməramlılarına məxsus daha 15 avtomobil Xankəndindən Laçına maneəsiz keçib. Aksiya iştirakçıları yoldan çəkilərək 12 yük və 3 minik avtomobilinin keçidinə şərait yaradıblar.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində məsələ ilə bağlı bildirib: “Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar”.

Ölkəmizin başçısının məsələ ilə bağlı bildirdikləri və ekofəalların əzmi, qətiyyəti, iradəsi bir daha göstərir ki, qarşıya qoyulan məqsədə çatana qədər aksiyalar davam edəcək. Məsələ burasındadır ki, bir aydan çoxdur davam edən aksiyalar fonunda azərbaycanlıların həmin ərazilərdə monitorinq aparmasına icazə verilmir. Amma istər ermənilər, istərsə də onların havadarları bilməlidirlər ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin tələbləri yerinə yetirilənə qədər Laçın-Xankəndi yolunda etiraz aksiyası davam edəcək.

Daha çox xəbərlər