20 Yanvar – tariximizin hüzn və şərəf günü
20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyi yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Bu faciəni həm də siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət adlandırmaq olar. O dövrdə hakimiyyətdə olanların xalqın maraqlarından çıxış etməməsi, bir başqa qrupun hakimiyyətdən pay ummaq siyasəti, müxalifətin isə hakimiyyətə gəlmək üçün qurduğu oyunlar kənar qüvvələrin ölkəmizə ayaq açmasına geniş imkanlar qazandırmışdı. Hər qrup öz şəxsi və kollektiv maraqlarından çıxış edirdi və bu da xalqımızın müstəqillik arzularının həyata keçməsində böyük əngəl idi.
Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Faktiki olaraq 1920-ci ilin aprelində bolşevik qoşunlarının Bakını işğal etməsindən 70 il sonra Sovet qoşunu Bakını yenidən işğal etmişdi. 20 Yanvar qırğınından sonra xalq vahimə içində idi. O, qanına bələnmiş, alçaldılmış, təhqir olunmuşdu.
Yanvarın 21-də xalqımızın böyük oğlu, fərdi təqaüddə olan Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi. Bu ağır günlərdə xalqla həmrəy olduğunu bildirdi. Heydər Əliyev bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə birgə apardıqları anti Azərbaycan siyasətinin, tərkib hissəsi idi. Lakin imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.
20 Yanvar Milli həmrəyliyin təzahürüdür. Azərbaycan xalqı 33 il keçsə də, 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20 saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Müstəqillik uğrunda canlarından keçən şəhidlərimizi ehtiramla anırıq. Ruhları şad olsun!
Aynurə Mahmudova,
Bakı şəhəri 55 saylı tam orta məktəbin Biologiya müəllimi
YAP Xətai təşkilatinin ərazi partiya təşkilat sədri

