Siyasət 

Bizi Qarabağa və Zəngəzura aparan yollar…

Qarabağımızın və ona bitişik ərazilərimizin azadlığına qovuşduğu iki ildən artıq müddətdə kommunikasiyalar çəkilir, yollar yenidən tikilir və infrastruktur abadlaşdırılır. Aydın məsələdir ki, Ermənistan işğal etdiyi ərazilərdə bütün infrastrukturları darmadağın edib və daşı-daş üstə qoymayıb. O cümlədən də dəmir və asfalt yollarında. İyirmi səkkiz il xaraba vəziyyətində saxlanmış bu yerlərə həyatı Müzəffər Azərbaycan Ordusu gətirib. 44 günlük müharibənin məntiqi nəticəsi olaraq igid döyüşçülərimiz erməni işğalçılarını darmadağın edərək ərazilərimizi düşmən tapdağından azad ediblər.

Azərbaycan rəhbərliyi bölgəni xarabalıqdan gülüstana çevirmək üçün vaxt itirməyib. Qısa müddətdə xeyli əsaslı tikinti, abadlıq, bərpa və yenidənqurma işləri görülüb.

Təbii ki, digər işlərin görülməsi üçün həll olunması vacib olan məsələ ilk növbədə əsas yolların işlək vəziyyətə gətirilməsidir. Yəni, quruculuq, inkişaf yoldan başlamalıdır. Ona görə də dövlətimizin başçısının müvafiq sərəncamları ilə yolların tikintisi üçün vəsaitlər ayrıldı. Qısa müddətdə hazırlıqların başa çatdırılmasından sonra şose yollarla bərabər, dəmir yollarının da tikintisinin sürətlə aparılmasına start verildi. Bir neçə istiqamətdə görülən işlər qaneedicidir. Məsələn, 2024-cü ildə yekunlaşdırılması planlaşdırılan uzunluğu 140,6 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78 faiz yerinə yetirilib, tikinti işlərinin isə 38 faizi (53,2 km) icra edilib. Sadaladığımız quru rəqəmlərin arxasında böyük nailiyyətlər dayanır. Layihələrin sürətlə həyata keçirilməsi hər bir Azərbaycan vətəndaşını qürurlandırır.

“Azərbaycan Dəmir Yolları” (ADY ) Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq. Vurğulamaq lazımdır ki, bu yolların açılması təkcə Azərbaycan üçün deyil, həm də gələcək istifadəçi ölkələr üçün də əlverişli olacaq. Həmin ölkələr də öz yüklərini bir qitədən digərinə daşıya biləcəklər və onlar da böyük iqtisadi səmərə əldə edəcəklər.

Artıq bəzi istiqamətlərdə işlər sona çatmaq üzrədir. Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan dəmiryol körpüsünün tikintisi üzrə işlərin 85 faizi tamamlanıb. Azərbaycanın ən uzun dəmir yolu körpüsü region ölkələri arasında yükdaşımaların artırılmasına təkan verəcək. Vurğulayaq ki, bu yol istifadəyə veriləndən sonra rentabelli işləyəcək, yəni, xarici ölkələr bu yoldan yük daşımaları həyata keçirərkən büdcəmizə külli miqdarda valyuta axını başlayacaq.

Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub və tikinti üzrə işlərin 64 faizi yerinə yetirilib. Bu yolla həm təsərrüfat yükləri, həm də sərnişin daşınacaq. Qeyd olunur ki, digər yol infrastrukturlarının müasirləşdirilməsi istiqamətində 363 kilometr uzunluğunda Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması qrafikə uyğun davam etdirilib və tikinti işlərinin 48 faizi icra olunub. Layihənin tamamlanması gələcəkdə bu istiqamətdə daha çox yükün sürətlə və təhlükəsiz daşınmasına geniş imkanlar yaradacaq. Bütün bunların hamısı bölgə sakinlərinin rahat həyatına, kənd təsərrüfatının dirçəldilməsinə, məhsul bolluğu yaradılmasına, işsizliyin azaldılmasına, ölkəmizin iqtisadi qüdrətinin daha da yüksəldilməsinə rəvac verəcək. Bundan əlavə, çoxşaxəli iqtisadi inteqrasiya Azərbaycanın dünyadakı dostlarının və strateji tərəfdaşlarının sayını daha da artıracaq, beynəlxalq aləmdəki mövqelərini xeyli möhkəmləndirəcək.

Daha çox xəbərlər