Dinamik əməkdaşlığın formulu
Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri zamanı keçirilən görüşlər və razılaşmalar böyük əməkdaşlıq potensialından daha səmərəli istifadə olunmasına imkan yaradacaq
Xəbər verildiyi kimi, yanvarın 15-16-da dövlətimizin başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub.
Azərbaycan ilə BƏƏ arasında son illər iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. İki ölkə arasında ticarət dövriyyəsinin artması fonunda sərmayə qoyluşlarında da yüksəliş var. 2021-ci ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 20.3 faiz artaraq 50.4 milyon dollara çatıb. 2022-ci il ərzində isə ticarət dövriyyəsində daha ciddi artımlar müşahidə olunub. Belə ki, bu ilin ilk 10 ayında ticarət dövriyyəsi 90.4 milyon dollara çatıb. Ötən ilin noyabr ayında daha 4.2 milyon dollarlıq ticarət nəticəsində ilk 11 ayında dövriyyə 94.6 milyon dollaradək yüksəlib. Ötən ilin ilk 11 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 2021-ci ildəki illik dövriyyədən 87.6 faiz çoxdur. Bu isə münasibətlərin artan dinamikasını bir daha təsdiq edir.
Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artırır, dünyada söz sahibinə çevirir. BƏƏ ilə getdikcə dərinləşən və gələcəyə hesablanan hərtərəfli əlaqələr də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu ərəb dövləti Azərbaycanda xüsusilə bərpaolunan enerji sahəsində fəal ölkə kimi tanınır. Bu sahədə qarşılıqlı münasibətlərin daha da möhkəmlənəcəyi gözlənilir. Eyni zamanda, BƏƏ sahibkarlarının işğaldan azad olunan ərazilərimizdə sərmayə qoyluşlarında iştirakı da vacib istiqamətlərdəndir. Bütövlükdə, körfəz ölkələrindən Qarabağ və Şərqi Zəngəzura daha çox sərmayənin cəlb edilməsi prioritetdir.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri iqtisadi sahədə əməkdaşlığın dinamikasını artıracaq. Burada əsas prioritet istiqamət alternativ enerji mənbələri üzərində iş və yaşıl enerji layihələrinin icrasıdır. BƏƏ-nin nüfuzlu “Masdar” şirkəti ilə müştərək layihələrin perspektivi böyükdür. Bu layihələrlə Azərbaycan dünya enerji bazarında öz rolunu və yerini daha da möhkəmləndirəcək, böyük gəlirlər əldə edəcəkdir.
Hazırda Azərbaycanın təbii qaz ixracı günbəgün artır. Əgər 2021-ci ildə bu ixracın həcmi 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaqdır. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planları təkcə ölkəmizin öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaqdır.
Sözügedən səfəri zamanı Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin (ADSW 2023) açılış mərasimində iştirak edib. “Masdar” şirkətinin ev sahibliyi etdiyi tədbirin əsas məqsədlərindən biri də COP27 və COP28 arasında əlaqənin təmin edilməsi, iqlim dəyişiklikləri, sərmayə və texnologiyaların genişləndirilməsi üzrə əməkdaşlıq platformasının dəstəklənməsidir. Artıq 15 ildir ki, bu tədbir BƏƏ tərəfindən təşkil olunur. 2023-cü ilin ilk beynəlxalq davamlılıq toplantısı olan bu tədbir iqlim dəyişiklikləri və dayanıqlı inkişaf üzrə yüksək səviyyəli müzakirələrin təşkilini reallaşdıracaq.
Bütövlükdə, Azərbaycan Prezidentinin BƏƏ-də keçirdiyi ikitərəfli görüşlər və apardığı müzakirələr ölkəmizə bərpaolunan enerji sahəsində daha çox sərmayə və texnologiyanın cəlb edilməsinə imkan verəcək. Bu, Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının formalaşmasına daha çox investisiya cəlbi də deməkdir.
Azərbaycan ilə BƏƏ arasında fərqli sektorlar üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Bu baxımdan səfər zamanı keçirilən görüşlər və razılaşmalar da məhz bu potensialın daha yaxından istifadəsinə imkan yaradacaq. Bu səfər iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

