Vətənin qəhrəman oğlu
Samir Məhərrəm oğlu Quliyev İkinci Qarabağ müharibəsində canı-qanı bahasına yağı düşmənə layiqli dərs verməklə müqəddəs şəhidlik zirvəsinə ucalıb. Məhz buna görə də Lənkəranın Velədi kəndində doğulub boya-başa çatan bu Vətən sevdalısı bütöv Azərbaycanın qəhrəmanlıq simvoluna çevrilib. Samirin ömür yolu cəmi 18 il olub. Bu az yaşda onun xalqı, milləti üçün gördükləri isə ona əbədiyaşarlıq qazandırib. Özündən sonra yadigar qoyduğu Vətən sevgisi dövlət tərəfindən də yüksək tutulub. Belə ki, elin qəhrəman oğlu “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallara layiq görülüb.
Vətənə sevgi, düşmənə nifrət ruhunda formalaşan, bütün varlığı ilə doğma Azərbaycana bağlı olan Samir Quliyev Ordu sıralarına yola düşəndə ürəyində bir istək olub: müqəddəs torpaqları göz-bəbəyi kimi qorumaq və mübarizliklə yağı düşmənə qalib gəlmək. Bəli, cəbhə bölgəsində xidmət edən Samir Vətən torpağının hər qarışını əziz bilməklə öz əsgəri borcunu şərəflə yerinə yetirir. Həm də məqsədə çatmaqdan ötrü təlimlərdə böyük həvəslə iştirak edir, xüsusi peşəkarlıq göstərərək yüksək nəticələr qazanır. Hərbi hissədə hər an torpaq uğrunda can qoymağa hazır olan bir oğul kimi tanınır. Onun igidliyi, mərdliyi digər əsgər yoldaşlarına da nümunə olur.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanır. Əsgər Samir bu günü intizarla gözləyirdi. Odur ki, düşməndən qisas almaq üçün silaha sarılıb müharibə meydanına birincilər sırasında atılır. Elə Vətən sevgisi onu ilk gündən erməni dığalarının kabusuna çevirir. Füzuli uğrunda gedən döyüşdə yüzlərlə erməni dığasının, tanklarının axırına çıxır. Düşmən tapdağında inildəyən Vətən torpaqları azad olunduqca Samirin qollarına yeni güc gəlir. İgid əsgər hər savaşda sanki bir tarix yazır. Döyüşlərin birində Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etməklə zəfərimizə uğurlu yollar açılır…
İndi bütün Lənkəran camaatı Samirin adını böyük fəxrlə, qürurla çəkir. Qərinələr keçəcək, gələcək nəsil də onu özünə örnək biləcəkdir. Çünki o, Vətən uğrunda canını fəda etmişdir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

