Cəmiyyət 

20 Yanvar faciəsi müstəqilliyin bərpasında dönüş nöqtəsi idi

Azadlıq mücahidlərimizin faciəsindən xalqımızı 33 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşib, hədsiz haqsızlıqlarla qarşılaşıb. Başımıza gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsidir.

Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.

20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

20 Yanvar cinayəti Azərbaycan xalqının iradəsini və bütövlüyünü qıra bilmədi. 20 Yanvar hadisələrin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır.  20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi.
20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur,onların xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.
20 Yanvar şəhidləri Vətənini dərin məhəbbətlə sevən əsl vicdanlı insanlar idilər. Buna görə də öz canlarını Vətən, xalqımızın işıqlı gələcəyi uğrunda fəda etdilər.
Bu mənada biz 20 Yanvarı həm də cəsurluq, igidlik, qəhrəmanlıq və milli birlik rəmzinə çevirməli, onu gələcək nəsillərə bu şəkildə təqdim etməyi özümüzə borc bilməliyik.
Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.
Allah bütün Şəhidlərə rəhmət etsin!

Könül Həsənova,
Bakı şəhəri, Xətai rayonu 27 nömrəli tam orta məktəbin direktoru

Daha çox xəbərlər