Cəmiyyət 

20 Yanvar faciəsi xalqımızın iradəsinin sarsılmazlığını, mətinliyini sübut etdi

20 Yanvar faciəsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları tərəfindən fövqəladə vəziyyət elan edilmədən yerli və dinc əhaliyə qarşı törədilmişdir.

20 Yanvar faciəsi xalqımıza qarşı M.Qorboçovun başçılığı ilə Sovet rejiminin erməniləri müdafiə etmək məqsədi ilə Bakıda törətdiyi qətliam idi.

SSRİ Müdafiə naziri Yazov, SSRİ Daxili işlər naziri Bakovun vaxtından qabaq Bakıya gəlib, bu əməliyyata rəhbərlik etməsi bunu bir daha sübut etmişdir. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedərdi. Ancaq görün bu hərbi əməliyyata onlar nə qədər böyük diqqət yetiriblər ki, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov özü şəxsən gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Onun rəhbərlik etdiyi 20000 nəfərlik ordu hissələri ölkədə kommunist partiyasının hakimiyyətini qorumaq məqsədi ilə və Dağlıq Qarabağı Ermənistana birləşdirmək niyyəti ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə soxulub. Onlar “Zərbə” kod. adı verilən hərbi müdaxilə nəticəsində Qanlı yanvar  qırğınını törədiblər.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək rus hərbçiləri 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.

Dəhşətlisi budur ki, fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Faciə zamanı 147 nəfər öldürüldü, 800-ə yaxın insan yaralandı. Sovet qoşunlarının törətdiyi bu qırğın misli görünməmiş vəhşiliklə icra edilmişdi. Bu faciə Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüz və təhqirdir. Azərbaycan xalqının qarşısında hərbi cinayətdir.

Yanvar faciəsi ümumxalq hüzn olmaqa yanaşı həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini sübut etdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq meydanı”nda 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanında – dəfn mərasimində iki milyona yaxın insan iştirak edirdi. Xalqın tələbi ilə Azərbaycan SSR Ali sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyət ləğv edildi.

Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.

1994-cü il martın 29-da ümumilli lider Heydər Əliyevin təşəbüsü ilə  20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. Qanlı yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq xalqımız bu hadisəni və yanvar şəhidlərini unutmur. Onlar bizim qəlbimizdə əbədi məskən salmışlar.

Sevinc Rəhmanova,
Bakı şəhəri, Xətai rayon 24 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Daha çox xəbərlər