Siyasət 

20 Yanvar faciəsi Azərbaycan xalqının milli dərkini tamamlayan proses oldu

Bildiyiniz kimi, ötən 33 il ərzində Azərbaycan xalqının başına bir çox müsibətlər gətirilib. Ölkəmizin müstəqilliyə nail olmasının qarşısını almaq, azadlıq hərəkatını dayandırmaq üçün törədilən 20 Yanvar faciəsi də həmin müsibətlərdən biridir. Ovaxtkı SSRİ rəhbərliyi, xüsusən də, Mixail Qorbaçov düşünürdü ki, önəmli iqtisadi və strateji əhəmiyyətə malik olan Azərbaycan kimi dövləti itirmək Sovet hökümətinin süqutu ilə nəticələnə bilər. Odur ki, dinc əhaliyə divan tutmaq onlar üçün əsas taktika oldu.

Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev söyləyib.

“Əhali əliyalın, silahsız olmasına baxmayaraq, imperiyanın hücumu onun gözünü qorxutmadı. Xalq mərdcəsinə tankların, zirehli maşınların qarşısına çıxdı. 20 Yanvar hadisələri Azərbaycan xalqının taleyinə qəhrəmanlıq salnaməsi kimi yazıldı. 20 Yanvar Azərbaycan xalqının milli kimliyini təsdiqləyən, milli dərkini tamamlayan bir proses oldu. Bu faciə müstəqillik uğrunda başladılan hərəkatın gedişinə böyük təkan verdi”, – deyə millət vəkili fikirlərinə əlavə edib.

Millət vəkili bildirib ki, Ulu Öndərin o vaxt 20 Yanvar qətliamı ilə əlaqədar SSRİ rəhbərliyinin səriştəsizliyini dünyaya açıq şəkildə bəyan etməsi, onun Azərbaycana, xalqına nə dərəcədə bağlı olduğunu bir daha sübuta yetirən faktlardandır:

“Şükürlər olsun ki, Heydər Əliyev 1993-cü ildə Azərbaycan xalqının təkidi ilə təkrarən hakimiyyətə gəldi. Ümummilli Liderimizin prezident seçilməsi ilə müasir Azərbaycanın təməli qoyuldu. Bu gün qürurla söyləyə bilərik ki, Ulu Öndərin banisi olduğu dövlətçilik strategiyası cənab Prezident İlham Əliyev tərəfindən layiqincə qorunur.

Nə xoş bizim halımıza ki, Ümummilli Liderimizin görmək istədiyi, vəsiyyət etdiyi uğurlar hörmətli ölkə başçımız tərəfindən reallaşdırılır. Bütün bu proseslərin daha bir məntiqi nəticəsi isə 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərimizdir. Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. İgid Azərbaycan övladları vətən uğrunda şəhidlik zirvəsinə yüksəldi, qazi oldu. Nəticədə isə ərazi bütövlüyümüz bərpa edildi”.

Millət vəkili Naqif Həmzəyev vurğulayıb ki, bu gün Azərbaycanın müstəqil və qalib ölkə olaraq dünyada nüfuz qazanması məhz 20 Yanvar hadisələri zamanı nümayiş etdirilən xalq-dövlət birliyinin silinməz görüntüsüdür.

Daha çox xəbərlər