Gündəm 

Azərbaycan-Çin əməkdaşlığının perspektivləri böyükdür

Ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi-mədəni əlaqələrinin genişlənməsi, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl  neft şirkətləri  ilə tarixi müqavilələrin bağlanması  və  reallaşdırılması ölkəmizin dünyada nüfuzunu artırıb. Prezident İlham Əliyevin rəhbərliyi, qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Müzəffər  Ordumuz 30 illik işğala son qoydu. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin tərəfdaşlarının sayı artır.  Tərəfdaş dövlətlərdən biri də Çindir.  Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir. Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir.

Azərbaycan-Çin münasibətləri, qarşılıqlı əməkdaşlıq 30 ildir ki, yüksələn xətt üzrə inkişaf edir. Dövlətimizin rəhbəri cənab İlham Əliyev dünyanın ən böyük və inkişaf edən ölkələrindən biri olan Çin Xalq Respublikası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verir. Bu gün Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir və enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə ümidlər bəslədiyini nümayiş etdirir. Digər tərəfdən Şərq və Qərb arasında ənənəvi İpək Yolu coğrafiyasında yerləşməyimiz ölkəmiz üçün yeni imkanlar yaradır və Çin nəqliyyat sektorunun genişləndirilməsi sahəsində mühüm rol oynaya bilər.

“Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və dövlətimiz bu rəqəmi 25 milyon tona qədər artıracaq.

Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir.

Qeyd edək ki, ölkə başçısı Çinin CGTN televiziya kanalına geniş məzmunlu müsahibə verib. Müsahibədə vurğulanıb ki, Çin və Azərbaycan yaxşı dostlardır, ölkələr arasında etibarlı münasibətlər vardır. Mütəmadi olaraq hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur, münasibətlər günü-gündən möhkəmlənir. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində “Bir kəmər, bir yol” Sammiti çərçivəsində keçirilən toplantıda Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb.

Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır. Əlaqələrimizin gözəl perspektivləri mövcuddur. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər. Azərbaycan Çinlə həm də enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir.

Arzu Namazova,
Bakı şəhəri, 86 №-li məktəbin İbtidai sinif müəllimi

Daha çox xəbərlər