Bərpaolunan enerji ilə bağlı proqram tamamilə fərqli gündəliyə malikdir
Əsası Ümummilli Lider tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edərək dünya birliyinə sıx inteqrasiya olunmaq xəttinə əsaslanır. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələr qurulur.
Hazırda regionda və dünyada baş verən əsas iqtisadi , siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkə daxilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəldib və bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaradıb.-
2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu – Dabi Dayanıqlıq Həftəsində BƏƏ prezidentinin dəvəti ilə iştirak edən ölkə başçımızbu mühüm toplantıda iştirak etməklə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqlədi. Azərbaycan çox böyük nailiyyətlər və sürətli inkişaf xətti ilə Birləşmiş Ərəb Əmirliklərini nümunə götürərək dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrilib.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda bərpaolunan enerji mənbələri təkcə daxili enerji təhlükəsizliyinin təmin olunması üçün inkişaf etdirilmir. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı dövlət proqramı tamamilə fərqli gündəliyə malikdir: nəhəng potensial və ixracın şaxələndirilməsi . Əlbəttə ki, bunun nəticəsində iqtisadiyyatımız yeni ekoloji təmiz sektora malik olacaq.
İki il əvvəl başa çatan Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsiilə Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemi qurulub. Təbii qaz ixracı artırılıb, ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatdırılması planlaşdırılıb və artmaqda da davam edəcək.
2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə külək və günəş enerjisi ehtiyatlarının olması, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları ölkəmizə bu layihələrin icra olunması üçün kifayət qədər ixrac marşrutları tapmaqda zərurət yaradır . Bu səbəbdən də “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış razılaşmaya əsasən 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasıtəqdirəlayiq addımlardan biridir.Dövlətimizin daha uzun müddətli layihələr üçün yol xəritəsinin olması düşünülmüş siyasətin əlamətidir.Aparılan əməkdaşlıq nəticəsində Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcəkdir.
Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanı yaratmışdır.Dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair”imzalanan Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Azərbaycanda investisiya mühitinin çox müsbət olması bizə neft və qaz sektoruna böyük sərmayələr cəlb etməyə kömək edir. İqtisadiyyatımızın hədəfi olan bərpaolunan enerji ilə bağlı böyük planlar mövcuddur və əminik ki, dövlətimiz bu işlərin öhdəsindən yayiqincə gələcəkdir.
Qeyd edək ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip – qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak etmişdir.
Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.
Yeganə Məhərrəmova,
Bakı şəhəri, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin direktoru

