Gündəm 

Ermənisayaq “ordu quruculuğu”…

Künc zərbəsi

Ermənistan Müdafiə Nazirliyi bahalı suvenirləri və təzə “Hyundai”ları nə məqsədlə alıb?

Gərginlik artır, siyasi proseslərin gedişi ciddi qarşıdurmaların yaranması ehtimalını gücləndirir. Əzəli himayədarı Rusiya ilə Qərbin maraqlarının toqquşduğu məkana çevrilmiş Ermənistanda “Soros uşağı” Nikol Paşinyanın siyasətindən narazılıqlar artmağa başlayıb. Artıq ölkədə rusiyameyilli və qərbyönümlü qüvvələr arasında davam edən mübarizə açıq müstəviyə keçməkdədir. Həm hakimiyyət, həm də müxalifət ciddi sosial problemlər məngənəsində əzilən xalqa özünü Ermənistanı sözün hər iki mənasında qaranlıq (təchizatdakı problemlər səbəbindən paytaxt İrəvanda və bölgələrdə tez-tez elektrik enerjisinin verilişində fasilələr yaranır) aqibətindən çıxara biləcək “xilaskar” kimi sırımağa çalışır. Ancaq vəziyyətin gündən-günə pisləşməsi, ölkənin mövcud durumu insanların siyasi qüvvələrə olan etimadını sarsıtmaqda, hər iki cəbhə nümayəndələrinin reytinqləri getdikcə aşağı düşməkdədir.

Yanvarın 18-də Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçinin ölümü, 6 əsgər və 1 zabitin yaralanması xalq etirazlarının artması ilə yanaşı, baş nazir Nikol Paşinyanın kadr siyasətindəki qüsurları ortaya çıxarmış oldu. Sosial şəbəkələrin erməni seqmentində özü hərbi xidmət keçməmiş müdafiə naziri Suren Papikyanın (onun orientasiyası ilə bağlı da müxtəlif fərziyələr dolaşır) tutduğu postdan uzaqlaşdırılması və cinayət məsuliyyətinə cəlb edilməsi tələbləri səslənməkdədir. Hətta müdafiə nazirinin olduğu iddia edilən mülkün şəkilləri də geniş yayılıb və sosial şəbəkə istifadəçiləri erməni əsgərlərin qaldıqları heç bir normal şəraiti olmayan hərbi hissə binaları ilə dəbdəbəli villanın şəkillərini müqayisə edilməsi üçün yanaşı paylaşırlar.

Görünür, Paşinyanın istəyi ilə ölkənin oyuncaq prezidenti Vaaqn Xaçaturyanın Ermənistan silahlı qüvvələrinin ikinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryanı işdən çıxarması, bundan başqa, korpus komandirinin müavini, briqadanın qərargah rəisi polkovnik-leytenant Rudik Akopyanın, maddi-texniki təchizat briqadası komandirinin müavini polkovnik-leytenant Qor Haqekyanın və digər yüksək rütbəli zabitlərin tutduqları vəzifədən azad edilmələri insanların qəzəbini soyutmağa bəs etməyib.

Belə getsə, Nikolun öz nazirini müdafiə etməsi çox çətin olacaq. Çünki baş verən hadisədən sonra Ermənistan mətbuatı da müdafiə nazirinin fəaliyyətini, necə deyərlər, qurdalamağa başlayıb və çox maraqlı məlumatlar paylaşılıb. Ermənistanın “Joqovurd” qəzeti hakimiyyəti və S.Papikyanı sərt tənqid edərək 15 hərbçinin ölümü ilə nəticələnən yanğının ertəsi günü Müdafiə Nazirliyinin 15 ədəd “Hyundai Elantra” markalı avtomobil aldığını yazıb. Məqalədə qeyd olunub ki, yeni avtomobillər dövlətə 198 milyon drama (təxminən 489 min ABŞ dolları) başa gəlib. Bunu “vətənin müdafiəsi üçün unikal yanaşma” kimi qiymətləndirən qəzet yazır: “Bu davranış ən azı vicdansızlıqdır. Belə çıxır ki, bir tərəfdən sərhəddə olan əsgərlər normal şəraitdən məhrumdurlar, digər tərəfdən isə Müdafiə Nazirliyinin yüksək rütbəli məmurları 2023-cü ilin istehsalı olan avtomobillərdə gəzməlidirlər.”

“Hraparak” qəzeti də Suren Papikyanın “ölkənin müdafiə qabiliyyətinin artırılması məqsədilə” rəhbərlik etdiyi nazirliyin alış-verişindən maraqlı məlumatlar əldə edib. Nəşrin yazdığına görə, 2022-ci ilin sonlarında Ermənistan Müdafiə Nazirliyi müqavilə əsasında ümumi dəyəri 4 milyon 790 min dram (təxminən 12 min 150 ABŞ dolları) olan rəmzi suvenirlər alıb. Hədiyyələr şüşə disklər, qələm dəstləri, nazirliyin inzibati binası formasında gips heykəlciklər və əsgər heykəllərindən ibarətdir.

Qəzet, həmçinin sözügedən yanğından bir neçə gün keçməmiş baş nazir Nikol Paşinyanın İcevanda patrul xidmətinin bölmələrinin işə başlaması ilə bağlı keçirilən tədbirdə iştirak etdikdən sonra həmin rayonda daxili işlər nazirinə məxsus “Dok” adlı restoranda ziyafətə qatıldığını da yazır. Məlumata görə, hökumət nümayəndələri heç nə olmamış kimi yaxşı yeyib-içib, saatlarla əyləniblər.

Göründüyü kimi, Ermənistanın müdafiə nazirliyi Suren Papikyanın rəhbərliyi altında 44 günlük İkinci Qarabağ müharibəsindən və 2022-ci ilin sentyabr hadisələrindən sonra darmadağın edilmiş ordunun problemlərini həll etməkdən başqa hər işlə məşğuldur və deyəsən, baş verənlər Nikol Paşinyanı elə də narahat etmir. Bütün bunlardan sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 24-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində keçirilən müzakirələrdə çıxışı zamanı Laçın yolundakı vəziyyətin iki həll variantından biri kimi hərbi yolu göstərməsi sadəcə gülüş doğurur. Ancaq guya diplomatik həll variantına üstünlük verdiklərini deməklə avropalı parlamentarilərə minnət də vuran Mirzoyan, görəsən hansı ordu ilə hərbi həll yolunun mümkünlüyündən danışıb? Suren Papikyanın “komandanlıq” etdiyi?..

Sonra da başlarına yumruq dəyəndə başlayırlar şivən qoparmağa…

Daha çox xəbərlər