COVID-19 azmış kimi, indi də…
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti: Qrip və koronavirusa qarşı qorunmağın ən effektiv yolu vaksinasiyadır ki, bu da birinci növbədə risk qruplarına daxil olan şəxslərə israrla tövsiyə olunur
Bir müddətdir Azərbaycanda əhali arasında qripə oxşar, lakin daha ağır simptomlu xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus sürətlə yayılır və həftələrlə davam edir. Qrip simptomlu xəstəlik adətən hərarət, baş ağrıları, ümimi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və ya tutulması kimi əlamətlərlə müşayət olunur. Xüsusən qulaqlarda uğultu, tutulma, baş ağrılarından əziyyət çəkdiklərini deyən xəstələr bir neçə gün sonra xəstəliyin yüngülləşdiyini, lakin qəflətən təkrar yüksək hərarətin başladığını qeyd edirlər. Bu simptomlardan əziyyət çəkən xəstələrin əsas işlətdiyi fikirlər isə “bu xəstəlik bitmir”, “bir neçə gün sonra qızdırma yenə qalxır”, “öskürək davamlıdır” kimi cümlələrdir.
Hazırkı qrip və digər respirator xəstəliklər niyə sürətlə yayılır? Mütəxəssislər qışın çağırılmamış qonaqları olan bu viruslardan qorunmaq üçün nə tövsiyə edirlər?
Bu hal gözlənilən idi

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, dünya üzrə COVID 19-a yoluxma hallarının və bununla bağlı ölümlərin azalması müşahidə olunur: “ Lakin bəzi ölkələrdə, məsələn, Çində, ABŞ-da və s. son vaxtlarda artımların da olduğunu müşahidə edirik. ÜST məlumatına görə artıq dünya əhalisinin təxminən 90%-i bu infeksiyaya qarşı xəstəliyi keçirmək və ya peyvənd olunmaqla immunitet əldə edib. İnfeksiyanın sonrakı dövrlərdə yayılması virusun mutasiyası nəticəsində yoluxma sürəti daha yüksək olan yeni alt növlərin yaranmasından asılı olacaq. Hazırda Azərbaycanda da epidemioloji durum qənaətbəxş olsa da, digər tərəfdən ölkəmizdə qrip və başqa respirator virus infeksiyaları yayılmaqdadır və hazırda yoluxmaların sayı xeyli artmışdır.”
Təyyar Eyvazov vurğuladı ki, payız, xüsusən də qış aylarında havaların soyuması bu cür infeksiyaların yayılması üçün münbit şərait yaradır: “Bu dövrlərdə insanlar qapalı məkanlarda daha çox toplanır, yaxın təmasların sayı artır, otaqlar daha az havalandırılır, sosial məsafə gözlənilmir. Xüsusən ictimai nəqliyyatda, təhsil müəssisələrində, iş yerlərində bir xəstə insan onlarla digər şəxsləri yoluxdurur. Buna səbəb odur ki, biz pandemiya dövrü ərzində qoruyucu qaydalara əməl etməklə, təmasları azaltmaqla nəinki koronavirusun, o cümlədən qripin və bu cür digər infeksiyaların azalmasına nail olduq. Bu gün isə qadağaların aradan qaldırıldığı dövrdə onların sürətlə yayılmasına şahidlik edirik və bu hal gözlənilən idi, mütəxəssislər tərəfindən əvvəlcədən proqnozlaşdırılırdı.”
Aldanmayın, antibiotiklər viruslara təsir etmir

Müsahibimiz bildirdi ki, yalnız qrip və yeni koronavirus infeksiyasının törədicisinə təsir edə biləcək antiviral preparatlar mövcuddur. Lakin onları qəbulu diaqnozun dəqiqləşdirilməsi olmadan faydasızdır. Digər respirator virus infeksiyalarına təsir edə biləcək heç bir vasitə olmadığından müalicə əsasən simptomların yüngülləşdirilməsi istiqamətində aparılır. Həqiqətən də əksər hallarda bu virus xəstəlikləri öz-özünə qısa müddət ərzində sağalır. Lakin istisnalar da vardır. Adətən uşaqlarda, hamilələrdə, ahıl insanlarda, xroniki xəstəlikləri olan şəxslərdə ağır gediş, fəsadlaşma gözləniləndir. Antibiotiklər isə ümumiyyətlə, viruslara təsir etmir. Onların, o cümlədən steroid və s. kimi dərmanların həkim təyinatı olmadan istifadəsi nəinki faydasızdır, əksinə, zərərlidir, bəzi hallarda isə ağır nəticələrə səbəb ola bilər.
Mütəxəssis-ekspert tövsiyə etdi ki, qrip və koronavirusa qarşı qorunmağın ən effektiv yolu vaksinasiyadır ki, bu da birinci növbədə risk qruplarına daxil olan şəxslərə israrla tövsiyə olunur. Eyni zamanda, düzgün qidalanmalı, meyvə-tərəvəzə, bitki tərkibli qidalara üstünlük verilməlidir. Bununla da immunitetimizi müəyyən qədər möhkəmləndirə, xüsusən də xəstəliyin ağır və fəsadlı gedişindən özümüzü qoruya bilərik.
Bəs, övladları bu virusa yoluxan valideynlər xəstəlik haqqında nələri bilməlidirlər? Uşaqları respirator virusdan qorumaq üçün nə etməlidirlər?
Dərmanın təsiri keçən kimi, yəni 3-4 saat sonra qızdırma yenidən yüksəlir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev “İki sahil”ə açıqlamasında qeyd etdi ki, hər il qış mövsümündə müşahidə etdiyimiz kimi, hazırda böyüklər və uşaqlar arasında yayılan infeksiya qrip infeksiyası, influenza virusudur. Həmin viruslar üst və alt tənəffüs yollarını tutur. Boğaz ağrısı, burun axması və davamlı öskürəklə müşahidə olunur.
Mütəxəssis-ekspert bildirdi ki, ilk üç gün həmin virusların kəskin dövrüdür: “Vilurentliyi, yəni virusun yükü yüksək olduğu üçün şiddətli qızdırma ilə başlayır. Qızdırmanı hərarətsalıcı dərmanlarla endirmək olar. Bunu da qeyd edim ki, dərmanın təsiri keçən kimi, yəni 3-4 saat sonra qızdırma yenidən yüksəlir. Odur ki, bol maye qəbulu və qızdırmasalıcı dərmanlardan istifadəni tövsiyə edərdim. Əgər görülən tədbirlərə baxmayaraq hərarət enməzsə, tibb müəssisələrinə müraciət etmək lazımdır. Virusun kəskin dövründən sonra hər hansı bir əlamət qalırsa və ya yeni bir simptom əlavə olunursa – baş, qulaq, göz ağrıları, gözlərdən çirk, irin gəlirsə, yəni konyunktivit əmələ gəlirsə, bu, virusun ciddi bakterial ağırlaşması ola bilər. Bu halda xəstənin vəziyyəti həkim tərəfindən dəyərləndirilib diaqnoz qoyulmalı və müvafiq müalicələrə başlanılmalıdır”.
Uşaqları bu infeksiyadan qorumaq üçün…

Mütəxəssis bu kimi halların qarşısını almaq üçün valideynlərə bəzi tövsiyələr və məsləhətlər verdi: “Azyaşlı uşaqları bu infeksiyadan qorumaq üçün ilkin profilaktik tədbir kimi peyvənd olunmaq lazımdır.
Valideynlərə məsləhət: Uşaqların əl gigiyenasına diqqət etmək, immun sistemini gücləndirmək, yoluxmadan qorumaq üçün sağlam həyat tərzi, düzgün qidalanma, normal yuxu rejiminə nəzarət
Altı aylıqdan sonra uşaqlara hər il sentyabr-oktyabr aylarında qrip əleyhinə peyvənd vurulmasını tövsiyə edirlər ki, xəstəliyi daha yüngül və rahat keçirsinlər. Bütün bunlarla yanaşı, virusdan qorunmaq üçün profilaktik tədbirləri də unutmamaq lazımdır. Əl gigiyenasına diqqət etmək, immun sistemini gücləndirmək və yoluxmadan qorumaq üçün sağlam həyat tərzi, düzgün qidalanma, normal yuxu rejimi məsləhətdir. Otaqların havası mütəmadi olaraq dəyişdirilməlidir.”
Ehtiyac olmadığı halda antibiotikdən, öskürək siroplarından istifadə etməyin

Pediatr-infeksionist Aytən Ziyadova mövzu ilə “İki sahil”ə açıqlamasında bildirdi ki, uşaqlar arasında yayılan respirator xəstəliklərin səbəbi üst tənəffüs yolu infeksiyalarıdır: “Uşaqların immun sisteminin və xroniki xəstəliklərin vəziyyətindən asılı olaraq respirator viral xəstəliklərə yoluxma zamanı müxtəlif kliniki əlamətlər müşahidə edilə bilər. Respirator xəstəliklər yuxarı tənəffüs yollarında yarana bilən infeksion proseslərə və iltihablanmalara səbəb olur və onun fonunda hərarətin yüksəlməsi, boğaz ağrıları, burun axma və infeksion proseslərə səbəb olan digər ağırlaşmalar yaranır. Bu sahədə influenza virusu daha çox üstünlük təşkil edir. ”
Həkim-infeksionistin sözlərinə görə, xəstəlik qış aylarında havaların soyuq keçməsi, havada çirklənmənin artması, əhalinin sıx və darısqal mühitlərdə yaşaması, cəmiyyətin yayğın şəkildə maskasız gəzməsi səbəbindən yayılır. Qış mövsümündə uşaqlar arasında soyuqdəymə, boğaz infeksiyaları, sinüzit və laringit kimi yuxarı tənəffüs yollarının infeksiyaları ilə yanaşı, bronxit, pnevmoniya kimi aşağı tənəffüs yollarının infeksiyaları da artır”.

Həmsöhbətimiz diqqətə çatdırdı ki, yenidoğulmuşların immun sistemi inkişaf etmədiyi üçün onları daha diqqətlə qorumaq lazımdır. Aşağı və yuxarı tənəffüs yolları xəstəliklərində immun problemi və allergiyası olanlar bir qədər yüksək risk altındadırlar. Allergiyası olan uşaqlarda tənəffüs yolları daralır və bloklanır, bakterial və virus kolonizasiyası çox asanlıqla baş verə bilər. Ona görə də yoluxma zamanı lazımsız dərman istifadəsindən çəkinmək, xüsusilə ehtiyac olmadığı halda antibiotikdən, öskürək siroplarından istifadə etməmək lazımdır. Uşaqlarda infeksion proses, hər hansı bir klinik əlamət müşahidə ediləndə ev şəraitində olmaq, istirahət etmək, çoxlu maye qəbul etmək məsləhətdir. Ona görə də qapalı məkanlardan uzaq durmaq, yuxu və qida rejiminə diqqət etmək tövsiyə olunur. İmmun çatışmazlığı olan uşaqlarda infeksiya daha ağır keçirilə bilər. Bu zaman valideynlər uşaqların vaxtında peyvəndlənməsinə diqqət etməlidirlər. Xroniki xəstəlikləri olan uşaqların peyvədlənməsini təxirə salmaq məsləhət deyil. Valideylər uşaqların “Check-Up” müayinəsi zamanı diqqətli olmalıdırlar.

