İftixarla xatırlanan Vətən oğlu
İkinci Qarabağ müharibəsində şirin canını doğma Vətən torpağı uğrunda qurban verib ömrünün qönçə cağında-18 yaşında şəhidlik zirvəsinə ucalan bir igidimiz Araz Namiq oğlu Mirzəyevdir. Lənkəran rayonunun Cil kəndində boya-başa çatan, nəsibi şəhidlik səadəti olan bu Vətən sevdalısı göstərdiyi qəhrəmanlıqla Azərbaycanımıza şərəf olur.
Uşaq yaşlarından Vətənin müqəddəsliyini başa düşən, yaxşı insanlardan görüb-götürən Araz orta məktəbi bitirəndə el-obada nəcib, bacarıqlı bir gənc kimi hamı tərəfindən hörmətlə qarşılanır. O, 2020-ci ildə Vətən qarşısında borcunu ödəmək üçün hərbi xidmətə yola düşəndə deyir:” Artıq erməni dığalarına layiqli dərs verməyin məqamı gəlib. Yağıdan qisasımı almamış geri dönmərəm.”
O, cəbhə bölgəsinə düşür. Doğma Azərbaycana ürəkdən bağlanan, düşmənə nifrət bəsləyən Araz buna görə qürur keçirir. Mərdliyi, cəsurluğu onu çox sınaqlarda üzüağ çıxardır. Atıcılıq peşəsinə dərindən yiyələnir. Hərbi hissədə keçirilən müxtəlif təlimlərdə fərqlənir, komandirlərin əmr və tapşırıqlarını can-başla yerinə yetirir. Odur ki, əsgərlər ona hörmət bəsləyir, özlərinə doğma qardaş bilirlər. Səbirsizliklə gözlədiyi gün-27 sentyabrda başlanan Vətən müharibəsində ölüm-dirim savaşa birinci girir və 30 il əsir düşən hər qarış torpağın azad olunacağı anadək yağı düşmənlə döyüşəcəyinə and içir.
İgid əsgər Araz qatıldığı döyüşlərdə hər gün yeni-yeni qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr vurur, ona böyük itkilər verir. Vətən torpaqları erməni fasızım əsarətindən xilas olunca qorxu bilmədən, başına yağan güllərdən ehtiyat etmədən inamla qələbəyə doğru irəliləyir. Nəyin bahasına olursa-olsun, müqəddəs Qarabağı torpaqlarını tezliklə yağı tapdağından azad görmək istəyir.
14 oktyabrda Tərtər rayonunu Suqovuşan qəsəbəsində şiddətli döyüşlər başlanır. Müharibə meydanında yenə də düşmənin anasını ən çox ağladan Araz olur. Onun zərbələri qarşısında ölən dığaların sayı bilinmir. Özü isə qəhrəmanlıqla şəhid olub ölməzliyə qovuşur.
Vətəninə, xalqına başucalığı gətirən Araz Namiq oğlu ölümündən sonra “Vətən uğrunda”, Suqovuşanın, Laçının azadlığına görə medallarına layiq olur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

