Narkomaniya ilə mübarizədə birlikdə olaq
Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunmuşdur.
Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası narkomanlığın əleyhinə təşkilatlararası əlaqələndirmə funksiyasını öz üzərinə götürməklə narkomaniyaya qarşı profilaktika ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran şəhər Sektorunu, Lənkəran şəhər Gənclər və İdman İdarəsini, yerli özünüidarəetmə orqanlarını və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə bu sahədə işini əlaqələndirmişdir.
Belə ki, narkomanlığın yaşadığımız cəmiyyətə və insan sağlamlığına zərəri barədə rayonun ümumtəhsil müəssisələrində “Nakomanlığa və narkotik vasitələrə yox deyək” devizi altında sinif divar qəzetləri və bullütenlər buraxılmış, narkomaniyanın dəhşətli bəla olması ilə bağlı məlumatlar verilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə təbliğat-təşviqat işlərini gücləndirmək məqsədilə rayonun Gərmətük, Hirkan, Aşağı Nüvədi, Haftoni qəsəbə, Mamusta, Çay Fabriki kənd və şəhərin 3, 5 nömrəli tam orta məktəblərində seminarlar və dəyirmi masalar keçirilmişdir. Valideynlərin, ictimaiyyətin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin iştirakı ilə Viravul 1 və 2 nömrəli, Darquba kənd və digər ümumtəhsil müəssisələrində “Narkomanlıq cinayətə aparan yoldur”, “Narkotik vasitələrə aludəçilik cəmiyyətdə mövqeyin və nüfuzun itirilməsidir”, “Narkotik vasitələrin yayılmasında iştirak insanlara qarşı xəyanətdir” mövzularında görüşlər keçirilmiş və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən narkotik vasitələrdən istifadənin cinayətə aparan vasitə olması barədə məlumat verilmişdir.
Lənkəran Regional Mədəniyyət İdarəsinin və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Göyşaban kənd Yaradıcılıq Evində, Sütəmurdov kənd Diyarşünaslıq Evində və Mamusta kənd Folklor Evində yeniyetmə və gənclərin asudə vaxtlarının səmələri təşkili ilə bağlı Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Narkomaniya bəşəri bəladır” mövzusunda, 15 saylı Şağlaser kənd kitabxana filialında “Narkomaniya Ağ ölümdür”, 16 saylı Sütəmurdov kənd kitabxanasında “Narkomaniya əsrin bəlasıdır” və 50 saylı Göyşaban kənd kitabxana filialında “Əsrimizin bəlası narkomaniyaya yox deyək və uşaqlar bizim gələcəyimizdir” mövzularında məktəblilərlə maarifləndirici tədbirlər keçirilmişdir. Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin təşkilatçılığı ilə “Narkotika yox deyək” adlı rəsm sərgisi keçirilmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə şəhərin 5 nömrəli tam orta məktəbində “Narkomaniya, zərərli vərdişlər və erkən nigahlara qarşı mübarizə” və “İşıqlı gələcək üçün narkomaniya və erkən nigaha yox deyək” mövzularında şagirdlərin iştirakı ilə tədbirlər keçirilmişdir. Eyni zamanda məscidlərdə dini icma sədrləri və din xadimlər tərəfindən narkomaniyaya qarşı mübarizə ilə bağlı söhbətlər aparılmışdır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının 11 mart 2022-ci il tarixli 10 nömrəli Protokolunda qeyd edilən müvafiq qərarının icrasını təmin etməkdən ötrü yuxarı sinif şagirlərinin, tələbələrin və gənclərin iştirakı ilə tədbir keçirilmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi tərəfindən Lənkəran rayonu ərazisində keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci il ərzində 65 cinayət faktı aşkar etməklə 9 kq 301,406 qram müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmış və 59 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir. Götürülmüş narkotik vasitələrdən 7 kq 007,067 qram heroin, 408,765 qram tiryək, 7,823 qram həşiş, 1 kq 863.391 qram marixuana, 1 kq 725,077 qram metafetamin, 14,36 qram metodon və 8,55 qram preqabalin olmuşdur.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən cari il ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 280 fakt müəyyən olunmudur. Onlardan 116 fakt narkotik vasitələrinin satışı, 156 fakt narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq əldə olunması və saxlanılması, 8 fakt isə narkotik tərkibli bitkilərin kultuvasiyası ilə bağlı olmuşdur.
2022-ci ildə xəstəxanada narkoman diaqnozu ilə 495 nəfər ilkin xəstə qeydiyyata götürülmüş, 450 nəfər qeydiyyatdan çıxarılmışdır. Hazırda Lənkəran Şəhər Narkoloji Xəstəxanasında 3115 nəfər narkoistifadəçi qeydiyyatda vardır və onlardan 45 nəfəri qadın, 279 nəfəri 18-29 yaş, 1876 nəfəri 30-49 yaş və 960 nəfəri 50 yaşdan çox olanlardır. Xəstələrlə fəal müalicə kursundan sonra sosial-psixoloji reabilitasiya kursu həyata keçirilmişdir. Yetkinlik yaşına çatmayan şəxslər arasında xəstəliklərin aşkar edilməsi və ya onlarla profilaktik tədbirlər il boyu həyata keçirilmişdir. Belə ki, Lənkəran şəhər 2, 4, 7 nömrəli və Nərimanabad qəsəbə tam orta məktəblərində yuxarı sinif şagirdləri qarşısında baş narkoloqun əhatəli məruzələri olmuşdur.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülmüş işlərlə kifayətlənməməliyik. Narkomaniya ilə mübarizə uzunmüddətli və çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir proses olsa da, öz ictimai təhlükəliliyi ilə fərqlənən, həmişə gizli şəraitdə baş verdiyi üçün ictimai nəzarətdən kənarda qalıb durmadan artan bu cinayətkar prosesə qarşı səylə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməli, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasının qarşısı qətiyyətlə alınmalıdır.
Möhübbət Babayev,
Lənkəran Şəhər İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasısının sədri

