Gündəm 

Otaylı-butaylı xalqımız bu tarixi imtahandan da üzüağ, qalib olaraq çıxacaq

Səfirliyimizə edilən hücum, əslində Azərbaycan dövlətinə yönəldilmiş bir xəyanətdir

Uzun zamandır fars mollakratiyasının Azərbaycan dövlətinə qarşı başlatdığı anti-milli siyasət bu gün özünün kuliminasiya nöqtəsinə çatdı. Kalaşnikov avtomatı ilə silahlanmış şəxs mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs 50 yaşlı Yasin Hüseynzadə olub. O, SEPAH-la yaxın əlaqədə şübhəli bilinir. İranda milyonlarla azərbaycanlı yaşayır və bu hücum həm də onların təhlükəsizliyinə, ciddi bir təhdid kimi dəyərləndirilməlidir. Onsuz da Azərbaycanın Qarabağda qazandığı Zəfər müharibəsi İranda böyük əndişəyə səbəb olmuşdu. İran-fars rejimi uzun zamandır ermənipərəst siyasət yürüdür və bunu nümayişkarənə şəkildə göstərirdi. Əslində bütün bu hadisələr İranda milyonlarla insanın illərdir haqqını yeyən, günahsız insanları heç bir hüquqi əsas olmadan edamlara sürükləyən mollakratiya rejiminin çöküşünün ilk işartısı olaraq başa düşülməlidir. Səfalətə sürüklənən xalqın, aylardır qəzəbi qarşısında gücünü itirən fars rejimi bu cür teraktlar törətməklə ömrünü bir az da uzatmaq istəyir. Əksər dünya dövlətləri Azərbaycan səfirliyinə qarşı törədilmiş bu vəhşi teraktı birmənalı şəkildə pisləyir və tutarlı izahat tələb edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu xain terakt hadisəsini qəti şəkildə pisləyərək İran hökumətindən tutarlı cavab istəyib. Gülünc doğuran haldır ki, öz cinayətini pərdələmək məqsədi güdən fars-molla rejimi baş verən teraktın ailə-məişət müstəvisində baş verdiyini açıqlayıb.
Tehran məsuliyyəti üzərindən atmaq üçün müxtəlif feyk xəbərlər yayaraq, hadisənin mahiyyətini təhrif etməyə çalışır. Lakin bütün bunlar yalandır, İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdür.
Görünən odur ki, Azərbaycan dövləti və xalqı növbəti böyük bir imtahan ərəfəsini yaşayır. Artıq İrandakı 40 milyon türk qardaşlarımız baş verən hadisəyə öz nifrət və qəzəblərini açıq şəkildə izhar etməyə başlayıblar. İllərdir fars mollalarının təlimatları ilə silahlanmış Azərbaycandakı bir qurup fars agentlərinə də qarşı hüquq müstəvisində ciddi cəza tədbirlərinin görülməsinin vaxtı çatıb. Əslində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş bu xain terror hadisəsi Azərbaycan dövlətinə qarşı yönəlmiş bir hücum kimi dəyərləndirilməlidir. Şübhəsiz ki, otaylı-butaylı xalqımız bu tarixi imtahandan da üzüağ, qalib olaraq çıxacaq. Bunun üçün xalq olaraq hər birimiz ayıq-sayıq olmalı, xain düşmənin başının birdəfəlik əzilməsi üçün böyük birlik nümayiş etdirməliyik. Bunu bizlərdən bu gün qəhrəmancasına şəhid olan qardaşımız Orxan Əsgərovun timsalında, illərdir fars rejiminin zülmü altında məhv edilən milyonlarla həmvətənlərimizin müqəddəs ruhları tələb edir.

Şeyda Əzizova
«AranMedia» QROUP-un direktoru

Daha çox xəbərlər