Gündəm 

Vardanyan yola salınır?

Qarabağın mülki əhalisi cinayətkar milyarder əleyhinə etiraz aksiyaları keçirməyə hazırlaşır

Azərbaycanın Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan ərazisində separatçı qurumun qondarma “prezident”i Araik Arutyunyan ilə rusiyalı cinayətkar, Qərbin sanksiyalarından yayınmaq və şəxsi mənfəətləri üçün qeyri-qanuni şəkildə Qarabağa gəlmiş “dövlət naziri” Ruben Vardanyan arasında narazılıq güclənməkdədir. Üstəlik, proseslər təkcə Ermənistana da sirayət edən siyasi qarşıdurmalara zəmin yaratmır, son günlər Qarabağdakı mülki ermənilər arasında Vardanyan əleyhinə narazılıqlar da artmağa başlayıb. İnsanlar üzləşdikləri bir sıra problemlərin yaranma səbəbi kimi qəflətən Qarabağda peyda olmuş və qısa müddət ərzində “dövlət naziri” postuna təyinat almış rusiyalı milyarderi görürlər. Onun “hakimiyyət”i Arutyunyanla şərik idarə etməyə başlamasından keçən cəmi bir neçə ay ərzində faktiki olaraq girova çevrilmiş 25-30 minə yaxın mülki əhali daha təzyiq altında, üstəlik ciddi sosial problemlərlə yaşamaq istəmirlər.

Xatırladaq ki, hələ yanvar ayının ortalarında Ermənistan mediasında Araik Arutyunyanın Vardanyanı “vəzifə”sindən uzaqlaşdırmaq, özünün də istefa vermək, “parlament”i buraxmaq və Qarabağda yeni “seçki”lər keçirilməsi istəyində olduğu ilə bağlı xəbərlər yayılmışdı. Həmin vaxt rusiyalı cinayətkarın əmrinin hazırlandığı da iddia edilirdi. Arutyunyanın bu qərara Qarabağdakı mülki erməni əhalisi arasında gündən-günə artan narazılıqlar səbəbindən gəldiyi, onun yaranmış vəziyyət fonunda “çamadanlarını yığaraq” həm məsuliyyətdən, həm də sözün həqiqi mənasında qaçıb aradan çıxmağa çalışdığı bəlli olsa da baş separatçı qondarma “parlament”in “deputat”ları ilə qapalı görüşdə bəhanə kimi Laçın yolunda yaranmış vəziyyəti göstərmişdi. Daha dəqiqi, Arutyunyan iddia etmişdi ki, rəsmi Bakı Xankəndi-Laçın yolunun Şuşa ərazisindən keçən hissəsində Qarabağdakı milli sərvətlərimizin erməni quldurları tərəfindən talanmasına, ekologiyamıza qarşı törədilən barbarlıq aktlarına etiraz məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin, ekofəalların, könüllülərin iştirakı ilə 2022-ci il dekabrın 12-dən başlayaraq bu gün artıq 51-ci gündür fasiləsiz keçirilən aksiyaların dayandırılması üçün qeyri-rəsmi tələblər irəli sürüb.

Separatçıların rəhbəri bildirmişdi ki, Azərbaycan Laçın yolundakı aksiyaların dayandırılması üçün ilk növbədə cinayətkar Vardanyanın ölkəmizin ərazisini tərk etməsini tələb edib. Digər tələblər isə Qarabağda ermənilər tərəfindən qeyri-qanuni istismar olunan “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında istismarın dayandırılması və həmin yataqlarda azərbaycanlı mütəxəssislər tərəfindən monitorinqlərin keçirilməsinin təmin edilməsi, Rusiya sülhməramlı kontingentinin Laçın yolunun Ermənistanla sərhədindəki nəzarət-buraxılış postlarında “X-ray” rentgen skaner cihazlarının quraşdırılması və yoldan hər iki istiqamətdə keçən yüklərə Azərbaycanın aidiyyəti qurumlarının nümayəndələrinin nəzarət etməsi, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin istifadəsində olan Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın ölkəmizin ərazisindən çıxarılması ilə bağlıdır.

Məlum olduğu kimi, sadalanan tələblərin bir qismi Laçın yolundakı azərbaycanlı aksiyaçılar tərəfindən də səsləndirilib və kifayət qədər əsaslıdır. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatda da silahlı terrorçuların və hərbi texnikanın Qarabağdan çıxarılması, Laçın yolunun yalnız dinc məqsədlər üçün istifadə edilməsi ilə bağlı bəndlər mövcuddur. Ancaq Azərbaycanı əsassız olaraq həmin Bəyanatın müddəalarını pozmaqda günahlandırmağa çalışan Ermənistan rəhbərliyi iki ildən artıq vaxt keçməsinə baxmayaraq nəinki öz ordusunun tör-töküntüsünü geri çəkməyib, üstəlik dinc məqsədli istifadə üşün nəzərdə tutulmuş Laçın yolu vasitəsilə Qarabağdakı terrorçulara silah-sursat, texnika daşınmasını həyata keçirib. Bu baxımdan Azərbaycanın tələblərinin ciddi əsasları var və qeyd-şərtsiz yerinə yetirilməlidir.

Həmin vaxt Qarabağdakı qondarma qurumun əvvəlki “prezident”i Bako Saakyanın, keçmiş “hakimiyyət”in bəzi nümayəndələrinin və Ermənistandakı bir sıra siyasi qüvvələrin müdaxiləsindən sonra Arutyunyan öz qərarını təxirə salmalı olmuşdu. Belə görünür, separatçılar Azərbaycanın kəskin hava şəraiti və ən başlıcası bir neçə ermənipərəst dövlətin və beynəlxalq təşkilatın “təzyiqi” səbəbindən Laçın yolundakı aksiyanı dayandıracağını güman edirdilər. Ancaq iştirakçıların əzmi, tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bəyan etməsi, eyni zamanda, Azərbaycan dövlətinin qətiyyəti Qarabağda siyasi qarşıdurmanın yenidən güclənməsinə səbəb oldu. İndi Arutyunyanın Vardanyanı vəzifədən uzaqlaşdıracağı mövzusu növbəti dəfə Ermənistan mətbuatında geniş müzakirə olunmaqdadır. Düşmən ölkənin “Hraparak” nəşri Qarabağdakı mənbələrinə əsasən iddia edir ki, Azərbaycandan sülhməramlılar vasitəsilə çox sərt mesaj göndərilib: Vardanyanın “vəzifə”də olduğu müddətdə yol “açılmayacaq” və bu məsələdə heç bir güzəştə getməyəcəklər.

Bir məqamı qeyd etmək lazımdır ki, keçirilən aksiya nəticəsində Laçın yolunda hərəkət dayandırılmayıb və Qarabağdakı hər hansı “böhran”ı bu səbəblə əlaqələndirmək yalan və iftiradan başqa bir şey deyil. Hər gün sözügedən yoldan Rusiya sülhməramlılarının təminat maşınları, Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər, dərman, tibbi ləvazimatlar və ərzaq daşıyan maşınlar hər iki istiqamətdə sərbəst hərəkət edir. Separatçıları əsas narahat edən, yalandan hay-küy salaraq “humanitar böhran” şousu yaratmaqlarına səbəb isə onların yoldan əvvəllər olduğu kimi digər qanunsuz məqsədlər üçün istifadəsinə imkan verilməməsidir. Ancaq artıq Qarabağdakı mülki erməni əhalisi də separatçıların onlar üzərindən oynamaq istədikləri belə oyunlara tamaşaçı qalmaq fikrində deyil. “Hraparak” yazır: “Təəssüf ki, artıq Qarabağda Ruben Vardanyanın hakimiyyətdə olmasına qarşı müəyyən etiraz dalğası yüksəlir və sabah, o biri gün onun uzaqlaşdırılması tələbi ilə aksiyaların təşkil olunacağı gözlənilir.”

Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Vardanyanın “dövlət naziri” kimi qalmasının tərəfdarı deyil və onu Qarabağın erməni icması ilə Azərbaycanın birbaşa danışıqlarına maneə olaraq görür. Burada bir başqa məqam da var. Bəzi siyasi dairələr Vardanyanın Ermənistanda hakimiyyəti ələ keçirməkdə də iddialı olduğunu, bu yolda Robert Koçaryanla Serjik Sarkisyan kimi Qarabağ kartından istifadə etməyə çalışdığını iddia edirlər. Odur ki, rusiyalı cinayətkar Paşinyan üçün arzuolunmaz şəxsdir.

Deyəsən, Rusiya tərəfindən də keçmiş vətəndaşının, necə deyərlər, “qələmi qırılıb”. Qarabağdakı mənbələrin erməni mətbuatına verdikləri məlumata görə, ruslar o qədər geri çəkiliblər ki, Ruben Vardanyanın “vəzifə” tutub-tutmayacağının onlar üçün fərqi yoxdur. Əksinə, onlar tərəfindən separatçı rejimin “prezident”inə bir neçə mesajlar verilib ki, o, bu məsələdə azaddır, istəsə bu gün Vardanyanı azad edə bilər.

Mülki erməni əhalisinin cinayətkar rejimin rəhbərliyinə qarşı etiraz aksiyalarına başlayacağı ilə bağlı məlumatlar ondan xəbər verir ki, suveren ərazisi olan Qarabağda Azərbaycanın qanunvericiliyin tətbiqi istiqamətində reallaşdıracağı proseslər sonuncu mərhələyə daxil olmaqdadır. Separatçıların təzyiqlərindən azad olmağa çalışan mülki ermənilərin növbəti addımları Azərbaycanın hakimiyyətini və vətəndaşlığını qəbul etmək olmalıdır. Bu, əslində onların həm də yeganə çıxış yollarıdır. Əks halda Laçın yolunda onların yalnız bir istiqamətdə hərəkətinə şərait yaradılacaq – Xankəndi-Ermənistan…

Daha çox xəbərlər